Fontu böyüt:
Gündəlik Bakı, 11-12 dekabr 2008
Uzun zamandır ki, Azərbaycandan harasa səfər edərkən geri dönüb bir yazı yazmaq və sadəcə bəzi qeydlərimi diqqətə çatdırmaq fikri keçirdi ağlımdan. Çox zaman da buna səbəb Bakı hava limanındakı qaba davranış, Azərbaycan Hava Yollarının ayağına yazılacaq xidmət səviyyəsi kimi məsələlər olurdu. Bununla belə Bakıya qayıdandan sonra “lənət şeytana, yəqin düzələr” deyib fikrimdən vaz keçirdim. Yəni hər il bir neçə ölkəyə səfərlərim olsa da, onlar haqqında təəssüratlarımı qeydə almırdım. Əslində isə yazılacaq şeylər o qədər olurdu ki...
Müəllimlərin konfransı
Bu dəfəki səfərim Moskvaya oldu. Dekabrın 4-6-da burada “İntel”in təşkilatçılığı ilə “XXI yüzildə nəyi necə öyrənməli və öyrətməli” mövzusunda elmi-praktik konfrans keçirilirdi. Azərbaycandan bu tədbirə beş nəfər qatılmışdı. Bunlar Bakı Kompüter Kollecinin direktoru İradə xanım Səfərova, “Mədəd” Təşkilatının direktoru Emil Məmmədov, elə həmin təşkilatın layihə koordinatoru Teymur Məmmədov, Bakıdakı 204 saylı məktəbin biologiya müəlliməsi Almaz xanım Həsrət və Azərbaycan İnternet Forumu İdarə Heyətinin üzvü qismində bəndəniz Azər Həsrət idi. Konfransda Azərbaycanla bərabər Rusiya, Ukrayna və Qazaxıstandan da nümayəndələr iştirak edirdi. Ümumi sayı 140 nəfər olan iştirakçılar “İntel”in təşkilatçılığı ilə həyata keçirilən “Bir şagird, bir kompüter”, “Gələcək üçün təhsil”, “İntellə öyrənirik” və “Məktəbli üçün kompüter” layihələrində fəallıqları ilə seçilənlər idi. Yeri gəlmişkən, tədbirin təşkilatçıları sırasında Moskvada yerləşən “Sərbəst iş” Qeyri-Kommersiya Fondu və “Procekt Harmoni” qurumu da var idi.
Konfrans dekabrın 4-də başlasa da Azərbaycandan olan nümayəndələr ayın 5-dən tədbirə qatıldılar. Dekabrın 5-də və 6-da “İntelin təhsil proqramları və təşəbbüsləri”, “İntel – gələcək üçün təhsil proqramının inkişafı” məsələləri müzakirə edildi. Hər iki gün ərzində ümumilikdə 20-dək məruzə dinlənildi və müzakirələr keçirildi. İştirakçıların demək olar ki, hamısını müəllimlər təşkil etdiyinə görə tədbir bizim alışdığımız gedişatdan xeyli fərqli ortamda davam edirdi. Bir qayda olaraq qızğın və çılğın müzakirələrə alışıq olduğumdan buradakı son dərəcə sakit tərzdə keçən müzakirələr bir tərəfdən mənim üçün cansıxıcı görünsə də digər tərəfdən hər şeyi ilə pedaqoq təsiri bağışlayan iştirakçıların təmkinli davranışlarına sevinirdim... və həsəd aparırdım. Çünki bu insanların davranışlarına baxdıqca gözümün önünə şagirdindən hər ay süpürgə pulu toplayıb normal dərs keçməkdən yayınmaqla sonradan onları ayrıca təlimlərə cəlb edib pul qazanan Azərbaycan “müəllimləri” gəlirdi...
Mən iki gün ərzində özümü gerçək bir pedaqoji mühitdə hiss etdim. Buradakı insanlar müəllim idilər. Aralarında məktəb direktoru, universitet rektoru, ibtidai sinif müəllimləri də var idi. Ancaq kimsə vəzifəsinə görə burnunu dik tutmur, özünü başqalarından heç fərqləndirmirdi. Əslinə qalanda yüksək vəzifəli adamların olduğunu heç sezmək də olmurdu. Hamı bərabər idi. Hamı müəllim idi. Universitet rektoru da, ibtidai sinif müəllimi də. Hiss edilirdi ki, hamı da təhsil və şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinin qayğısına qalır. Orada iştirak edənlərin hər birisi təhsilə, yetişməkdə olan nəslin tərbiyəsinə canını qoyan insanlar idi. Bunları görmək necə də xoş idi...
“Quran” və məscid vasitəsilə İKT-nin təbliği
Konfransın gedişində biz öyrəndik ki, bir çox ölkələrdə hər şagirdə bir kompüter təminatı üzərində ciddi iş gedir. Xüsusən də inkişaf etməkdə olan ölkələrdə. Bizə bəlli oldu ki, Malayziyada şagirdləri kompüterə alışdırmaqdan ötrü orta məktəblər üçün xüsusi “Qurani Kərim” proqramı hazırlanıb. Məktəb uşaqları bu proqramı kompüterdən istifadə etməklə mənimsəyə və bu yolla da texnikaya bağlana bilərlər. Başqa bir maraqlı məsələ o oldu ki, Qırğızıstanda məktəblərə kompüter tətbiq etmə işini... məscidlərdən başlayıblar. Buna səbəb artmaqda olan dini bağlılıqlı yeniyetmələri bu yolla yeni texnologiyalara alışdırmaqdır. Maraqlı təcrübələr haqqında danışarkən Braziliya, Venesuela, Portugaliyanı da diqqətdən qaçırmamaq lazımdır. Artıq bu ölkələrdə hər şagirdə bir kompüter təminatı üzərində ciddi işlər gedir. Orta məktəb şagirdləri üçün xüsusi olaraq “netbuk” adlandırılan (notbuk deyil) sadələşdirilmiş kompüterlər hazırlanır ki, bunlar şagirdlərin kitab-dəftərini rahat şəkildə əvəz edə bilir. Üstəlik nəzərdə tutulur ki, bu netbukları şagirdlər özləri ilə evə də apara bilər ki, dərslərinə hazırlaşa bilsinlər...
Azərbaycan üçün qürur duyduq
Tədbirin keçirildiyi günlərdə maraqlı hadisələr də baş verdi. Bunlar arasında Azərbaycan üçün ən önəmli sayıla biləcək şey təqdimat mərasimi idi. Dekabrın 5-i axşama təşkil edilən təqdimat “İntel – gələcək üçün təhsil” proqramı çərçivəsində icra edilən “300 İnteLlektual məktəb” layihəsinin qaliblərinin elan edilməsinə aid idi. Tədbirin təşkilatçılarının açıqladığına görə, bir neçə mərhələdən ibarət olan layihə çərçivəsində iştirakçı məktəblər arasından əvvəlcə 100, daha sonra isə 25 ən fəalı müəyyən edilib. Layihənin sonuna doğru on qalib məktəb aşkar edilib ki, bunların da doqquzu Rusiyadan, biri Azərbaycandan olub. Qalib Azərbaycan məktəbi konfransda iştirak edən Almaz Həsrətin təmsil etdiyi 204 saylı təhsil ocağı idi. Bu təhsil ocağında təşkil edilən “VİbioKİ” adlı komanda (rəhbər Almaz Həsrət, kapitan Anar Həmidov, üzv Aygün Bağırova) məhdud imkanlarına baxmayaraq Rusiyanın və Ukraynanın ən imkanlı məktəbləri ilə ayaqlaşaraq önə çıxmağı bacarmışdı. Gerçəkdən qürur verici bir haldır. (Müqayisə üçün deyim ki, toplantıda iştirak edən bir rusiyalı kənd müəlliməsi işlədiyi məktəbdə olan yüksək sürətli İnternet bağlantısı hesabına xeyli işlər gördüklərindən danışırdı. Halbuki bizim qalibimiz olan 204 saylı məktəbdə İnternet bağlantısı belə yoxdur.) Təqdimat zamanı Azərbaycanın adının səslənməsi bizimlə bərabər bütün iştirakçıların çoşğun alqışları ilə qarşılandı ki, bu da bizim ikiqat sevincimizə səbəb oldu. Qaliblərə bahalı hədiyyələr və diplomlar təqdim edildi. Bizim üçün ölkəmizin adının bu cür səsləndirilməsi hər nəyə desən dəyərdi...
Konfransın gedişində “İntel”in təhsil proqramlarının MDB ölkələri üzrə rəhbəri Vera Baklaşova, həmin proqramların Ukrayna və Azərbaycanda rəhbəri Tatyana Nanayeva və başqa məsul şəxslərlə söhbətlər oldu. Bu söhbətlərdə Azərbaycan məktəblərinin kompüter təchizatının yaxşılaşdırılması, şagird və müəllimlərdə bu vərdişlərin inkişaf etdirilməsi perspektivləri müzakirə edildi.
“Bir şagird, bir kompüter”
Onu da qeyd edək ki, konfransda qarşıdakı dövr üçün icrası nəzərdə tutulan planlar haqqında da danışıldı. Bəlli oldu ki, “İntel” 2009-cu ildə ölkəmizdə “Gələcək üçün təhsil” proqramını davam etdirməklə bərabər “Bir şagird, bir kompüter” layihəsinin icrasına da başlayacaq. Sonuncu layihə hər bir şagirdi ayrıca kompüterlə (netbukla) təmin etməyi nəzərdə tutur. Hələlik bir neçə məktəbdə müəyyən siniflərdə bunu tətbiq etməklə işə başlamaq planlaşdırılır...
İşin maraqlı tərəflərindən biri isə odur ki, “Mədəd” təşkilatının nümayəndələri gələn ilin apreli üçün belə bir konfransın Bakıda keçirilməsini təklif etdilər və çox güman ki, yaxın zamanlarda bu təklif təsdiqini tapacaq. Yeri gəlmişkən onu da qeyd edim ki, “Mədəd” Azərbaycanda təhsilə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi layihələrini həyata keçirən bir təşkilatdır. Artıq yüzlərlə müəllim və şagird bu qurumun təşkil etdiyi təlim kurslarından keçib və hazırda bir sıra məktəblərdə dərslər kompüter vasitəsilə keçilir. Əlbəttə ki, görüləcək işlərin də az olmadığını demək lazımdır.
Onu da əlavə edək ki, konfransın keçirildiyi günlərdə Rusiya və Ukraynadan gələn müəllimlərlə çoxsaylı özəl görüşlər keçirib fikir mübadiləsi də apardıq. Misal üçün, Sverdlovsk vilayətindən gələn Təhsilin İdarə Edilməsi üzrə İnformasiya Metodiki Mərkəzinin metodisti Galina Zvereva öz təcrübələrindən danışmaqla bərabər ölkəmizə gəlib böyük məmnuniyyətlə buradakı təhsillə şəxsən tanış olmaq istədiyini bildirdi. Yaxud da Murmansk şəhərindən gəlmiş və “İntel – gələcək üçün təhsil” proqramında əsas rollardan birini oynayan Yevgeniya Timoxina xüsusi olaraq Azərbaycan komandasının uğurlarından söz açmaqla bərabər bu təcrübəni yaymağın qızğın tərəfdarı olduğunu dönə-dönə dilə gətirirdi. Samaralı Aleksandr Gutarev isə öz təcrübəsindən danışmaqla bərabər Azərbaycan məktəbi ilə işbirliyini davam etdirməkdə çox maraqlı olduqlarını deyirdi. Diqqət çəkən görüşlərimizdən biri də Tatarıstan Təhsil və Elm Nazirliyindəki Məsafədən Təhsil Şöbəsinin müdiri Cəlil Motıgullinlə oldu. Onunla dil, əlifba, milli şüur məsələləri haqqında önəmli fikir mübadiləsi apardıq...
Konfrans haqqında bu qədər. Qayıdaq yazının girişində haqqında danışdığımız yol qeydlərinə. Dediyim kimi, Bakıdan çıxıb geri qayıtmaq hər zaman mənim üçün “yaddaqalan” olub. Bu dəfə də bəzi müşahidələrim oldu və onları qələmə almaqdan vaz keçə bilmərəm.
Bakıdan çıxarkən
Beləliklə, Bakı hava limanı. Limana aparan yol dünya standartlarından heç geri qalmır. Avtomatik şlaqbaumlar, hamar asfalt, maşın dayanacağı əla durumdadır. Yalnız mənzərəni əl-ayağa dolaşan taksi sürücüləri pozur. Gördükləri hər adamın üzərinə yeriyib “taksi lazımdır?” deyə soruşmaları heç də beynəlxalq standartlara cavab vermir.
Hava limanının binasına daxil oluruq. Hər şey göz oxşayır. Sakitcə təhlükəsizlik yoxlamasından keçib terminala yollanırıq. Buradakı girişdə bir daha təhlükəsizlik yoxlamasından keçib pasport nəzarətinə yaxınlaşırıq. Yenə də hər şey qaydasındadır. Nəzakət və qayda-qanun da öz yerində. Sonra bilet qeydiyyat masasına yaxınlaşıb yerlərimizi alır, sərhəd-keçid məntəqəsinə yollanırıq. Burada da hər hansı nəzakətsizlik və qanunsuzluğa tuş gəlmədən içəri daxil oluruq. Bura qədər olan səliqə-sahman içəridə də diqqəti çəkir. Bununla belə başqa bir hal da diqqətimizdən yayınmır. Xərəkdə bir xəstə gözümüzə dəyir. Görünür, müalicə üçün harasa gedəcək. Sonra bəlli olur ki, Kiyevə uçur. Yanında həkim və bir neçə müşayiətçi də var. Bu zaman hava limanı işçilərindən biri uzaqdan uca səslə, deyərdim ki, bir az da kobud tərzdə “xəstə nəyi gözləyir?” deyə səslənir. “Aparın xəstəni içəri” deyə sözünə davam edən adamın ifadəsindəki “xəstə” sözünü xüsusi vurğuyla deməsi hamının diqqətini çəkir. Elə bil bu adam xərəkdəki insanın xəstəliyini üzünə vurub onu ağrıtmaq, incitmək istəyirdi. Bizcə, belə davranış daha nəzakətli davranış ilə əvəz olunmalıdır...
Bahalı hava limanının ucuz tualet kağızı
Hava limanında diqqətimizi cəlb edənlərdən biri də, bağışlayasız, ayaqyolu ilə bağlıdır. Burada həmişə bir problem olub. Tualet kağızı problemi. Hər zaman olduğu kimi bu dəfə də kağız qıtlığı hiss edilirdi. Bununla belə əvvəlki səfərlərim zamanı da müşahidə etdiklərimə əsasən deyim ki, burada kağız olanda belə o ən ucuz və keyfiyyətsizi olur. Yəni yüksək standartlara cavab verən hava limanımıza heç yaraşmayacaq ən aşağı standartlısından. Məncə, bu işlərə baxanlar qeydlərimdən qeyzlənmədən məsələni həll edərlər.
Milli aviasiyamızın “ana dili”
Məni ən çox narahat edənsə tamam başqa məsələdir: təyyarəyə minik üçün son yoxlamanı icra edən işçilərin öz aralarında və sərnişinlərlə rus dilində danışmağa üstünlük verməsi. Çox təəccüblü məsələdir. Sir-sifətlərindən bəllidir ki, adamlar rus deyillər. Hətta aralarında elələri də olur ki, rus dilində hıqqana-hıqqana danışır. Türkiyəlilər demişkən, bunlar rusca danışmaqdan ötrü özlərini nə üçün zorlayır, anlamıram. Hər halda milli aviasiyamızın başında duranların bu haqda düşünməsinə gərək var. Yeri gəlmişkən haşiyə çıxıb deyim ki, bir neçə il öncə bu dillə bağlı maraqlı əhvalatı müşahidə etmişdim. İrandan gələn bir sərnişin bizim uçacağımız təyyarəyə minmək üçün yoxlamadan keçən zaman işçilər rus dilində ondan biletini göstərməsini tələb edirdilər. Adam da rusca heç nə anlamadığından farsca bir şeylər deyib dururdu. Sonda iranlıya Azərbaycan dilində müraciət edildikdə o, heç bir problem yoxmuş kimi biletini çıxarıb göstərmişdi...
Bütün yoxlamaları keçib təyyarəyə yollanırıq. Təyyarənin girişində bizi bələdçilər qarşılayır. Sərnişinləri rus dilində salamlayırlar. Biz isə öz dilimizdə salam verib cavab alanda əmin oluruq ki, bunlar həm də Azərbaycan dilində danışa bilirmiş. Yerimizə otururuq, hazırlıq işləri bitir və təyyarə havaya qalxır. Bizi Moskvaya aparan “Boeing 757-200” köhnə bir təyyarədir. Hiss olunur ki, Azərbaycana gələnə qədər uzun illər ərzində haralardasa suyu çıxana qədər istismar edilib. Təyyarə havaya qalxır və yemək xidməti başlanır. Bizə yaxınlaşan bələdçi qız rus dilində ət və toyuq təklif edir. Biz bir ağızdan ona Azərbaycan dilində cavab veririk və təəccüb... sən demə adam anlayırmış. Yeməkdən söz düşmüşkən, heç bir iradımız ola bilməz. Çox ölkələr gəzmiş birisi kimi deyə bilərəm ki, yeməklər əla idi. Diqqətimi cəlb edən bir şey o idi ki, sərnişinlərə təqdim edilən “Jalə” meyvə suları dükanlardan aldığımızdan daha keyfiyyətli təsir bağışlayırdı. Hərçənd, dükandan aldığımızdan da şikayətimiz olduğunu deyə bilmərəm, ancaq təyyarədəki “Jalə” daha ləzzətli idi...
“Dədə Qorqud” yerinə fantastika!
Bir az keçir və elan edilir ki, TV-də film nümayiş etdiriləcək və qulaqlıqlar vasitəsilə musiqi dinləmək olar. Bu xidmət də bərbad durumdadır. Üstəlik nümayiş etdirilən filmin Azərbaycana heç dəxli yoxdur. Hansısa fantastik bir qərb filmi sərnişinlərə təqdim edilir. Halbuki, Azərbaycanı tanıtmaq, təbliğ etmək üçün milli kino incilərimizdən birini nümayiş etdirmək olardı. Məsələn, “Dədə Qorqud”, “Arşın malalan” kimi filmlərdən birini təyyarədə nümayiş etdirməklə milli kinolarımızı təbliğ etmək olar...
Uçuşumuz normal keçir və sakit bir şəkildə Moskvadakı “Domodedovo” hava limanına enirik. Pilotun ustalığı sərnişinlərin alqışları ilə mükafatlandırılır. Yenə də bələdçilər sərnişinlərlə rusca sağollaşır və biz Azərbaycan dilində sağollaşıb eyni dildə də cavab alırıq. Uzun növbə gözləyib heç bir problemsiz yoxlamadan keçib hava limanından çıxırıq.
Bu da Moskva. Qatara bilet alıb şəhərə yollanırıq. Burada bizi avtobus gözləyir. Axşam saat 5-də avtobusumuz Moskva yaxınlığındakı Odintsovo rayonuna yola düşür. Burada yerləşən “Golıtsino” Təlim-Metodiki Mərkəzinə gəlirik. Bu mərkəz meşənin tam içində, təcrid olunmuş səfalı bir yerdədir. Bununla da konfransda iştirakımız başlayır...
Sovetlərdən qalma rus kobudluğu
Dekabrın 7-si geri qayıdırıq. Yenə də “Domodedovo” hava limanı. Burada əvvəlki sakitlik müşahidə edilmir. Xüsusən də Azərbaycana uçan təyyarəyə minənlər üçün deyəsən problemlər var. Gömrük nəzarəti ilə bağlı. Gömrük məmuruna yaxınlaşıb bəzi şeyləri aydınlaşdırmaq istəyirəm. Sovet adamına məxsus kobud tonda mənə divardakı yazıları oxumağı məsləhət görür. Onları oxumaq üçünsə azı yarım saat vaxt lazım gələcək. Ona görə də vaxta qənaət etməkdən ötrü gərək olmadan bir gömrük bəyannaməsi doldururam. Sonra yaşıl kanaldan keçib getmək istəyirəm. Burada isə hamını yoxlayırlar. Təbii ki, gömrük məmurlarına yaşıl kanalda yoxlamanın nəyə görə tətbiq edildiyi haqqında sual vermirik. Çünki bilirik ki, kobud cavab alma ehtimalımız çoxdur. Xüsusən də Azərbaycanlı olduğumuz üçün...
Moskva hava limanında Azərbaycan təyyarəsinə minəcək sərnişinlər üçün nəzərdə tutulan “gözləmə zalı” da diqqətimdən qaçmır. Ümumi sahəsi hardasa 20-25 kvadrat metr olan “zal”da cəmi beş nəfərlik oturacaq qoyulub...
Nə bir qəzet, nə bir jurnal
Təyyarəyə minirik. Budəfəki daha bərbad durumdadır. Üzərindəki yazı qalıqlarından hiss olunur ki, hansısa ispandilli ölkədə istismar edilib. Lori dildə desək, təyyarə az qala tökülürdü. Bir balaca hərəkət olan ki, qarşımızdakı oturacağın arxasındakı masa öz-özünə açılırdı. Nə bir TV, nə də bir musiqi təklifi yoxdur. Bələdçilərin arasında isə Azərbaycan dilində danışmağa üstünlük verənlər var idi. Yaxşı haldır. Uçuş bir qədər narahat keçir. Hava boşluqları yarım saata qədər təyyarəni silkələyir. Ancaq pilotumuz bu dəfə də peşəkarlığı ilə seçilir. Bakıya vaxtında yetişirik.
Təyyarələrlə bağlı onu da vurğulayım ki, nə gedərkən, nə də dönərkən sərnişinlərə qəzet və jurnal təklif edilmir. Heç bütün aviaşirkətlərin sərnişinlərə təklif etdiyi “Uçuş jurnalı” da gözə dəymir. Halbuki belə jurnallar vasitəsilə həm aviaşirkət, həm də onun məxsus olduğu ölkəni təbliğ etmək bir normadır...
Bakı hava limanı və... Dubay gözəlçəsi
Bakı bazarına, bağışlayın, hava limanına enirik. Artıq kefimizin pozulacağını hiss etməyə başlayırıq. Təyyarədən çıxıb pasport nəzarətinə yaxınlaşırıq. Bizə qədər yerə enmiş Dubay reysinin sərnişinləri də buradadır. Basabas, Azərbaycanlılara xas kobud növbə. “Ağ” adamlar sərhədçilərin vasitəsilə növbədə durmadan keçib gedirlər. Hansısa idman komandası da Moskvadan gəlir. Onlardan biri komanda üzvlərinin pasportlarını toplayıb növbə gözləmədən sərhədçiyə təqdim edir. İdmançılar pasportlarını gözləmədən basıb gedirlər... Bir az da keçir. Bir gənc adam bir gözəlçə ilə sərhədçiyə yaxınlaşır. Gözəlçəni təqdim edib Dubaydan gəldiyini deyir. Sərhədçi pasporta baxıb onları içəri keçirir. Təbii ki, növbəsiz. Sonra nə fikirləşirsə oğlanı geri çağırıb gülə-gülə nəsə soruşur. Oğlan isə bir az uca səslə and içir ki, qız Dubaydan gəlib və başqa məqsədi-filan yoxdur. Sərhədçi onları içəri keçirir. Qızın qırmızı pasportuna möhür də vurulmur... Növbədə durduğumuz müddətdə daha bir neçə “ağ” adam növbəsiz keçib gedir.
Növbəmiz çatınca biz də keçirik. İndi də bagajımızı almaq üçün növbəyə dururuq. Dubaydan gələnlər Moskvadan gələnlərə qarışır. Dubay yolçularının əksəriyyəti yük gətirir. Elə Moskvadan gələnlər arasında da belələri az deyil. Düz bir saat gözləyib bagajımızı alırıq və çıxışa yollanırıq. Burada Dubaydan gələnləri mütləq qırmızı kanala yollayırlar. Bizsə yaşıl kanaldan keçib bayıra çıxırıq. Yenə də taksi sürücüləri üzərimizə gəlir. Bir təhər onlardan qurtulub hava limanında qoyduğumuz maşına yaxınlaşırıq...