Fontu böyüt:
Kərim Məsimov baş nazirdir. Qardaş Qazaxıstan Respublikasının baş naziri. Açığı onun necə baş nazir olması, hansı özəllikləri ilə ad çıxarması haqqında heç düşünməmişdim. Ancaq bilirdim ki, çox dəyərli Qazaxıstan prezidenti Nursultan Nazarbayevin hökumət başçısı ən azından onun özü qədər dəyərli bir insandır.
Məsimov savadlıdır, üç universitet bitirib, hüquqşünas-dilçi-iqtisadçıdır. Beş dildə - qazax, rus, ingilis, çin və ərəb – danışır, yazır və oxuyur. Üstəlik aktiv kompüter istifadəçisidir. Bir sözlə günümüz standartlarından yanaşsaq Qazaxıstanın baş naziri tam bir intellektual hesab edilə bilər. Təbii ki, bu baxımdan Qazaxıstanın, xüsusən də qazaxların bəxti gətirib…
Bugünlərdə isə, daha doğrusu 2008-ci ilin son günündə Qazaxıstandan aldığım bir xəbər məni az qala təəccübə qərq edəcəkdi. Qazaxıstan baş naziri özünün şəxsi blogunu qurub! Bəli, Qazaxıstan kimi ucsuz-bucaqsız torpaqlara və böyük resurslara malik ölkənin təsərrüfatını idarə etməyə məsul bir şəxs həm də vaxt tapıb İnternet üzərindən insanlarla birbaşa ünsiyyət üçün şəxsi blog qurur. Açığı, bu vaxtadək hansısa ölkənin baş nazirinin blogunun olması haqqında məndə bilgi yoxdur. Düşünürəm ki, bu təcrübə ilkdir. Ən azından keçmiş Sovet məkanında ilkdir. Təbrik edirəm. Qazax baş nazirini bu əməlinə görə, qazax qardaşlarımızı isə belə baş nazirləri olduğuna görə. Yuxarıda dedim axı, Qazaxıstanın, xüsusən də qazaxların bəxti gətirib…
Kərim Məsimov primeminister.government.kz ünvanında yerləşən blogunun salamlama xəbərində deyir ki, “bu saytı qurmaqda məqsədim Qazaxıstan hökumətinin fəaliyyəti haqqında ziyarətçilərə birbaşa məlumat verməkdir”. Təbii ki, hökumətin fəaliyyəti haqqında məlumatlar onun www.government.kz ünvanlı İnternet saytında da çox operativ şəkildə yerləşdirilir. Məsimovun blogunun fərqi ondadır ki, burada ziyarətçilər sadəcə verilən informasiyaları almaqla yetinməyəcək, həm də baş nazirlə birbaşa ünsiyyət imkanı əldə edəcəklər. Yəni Kərim bəy söz verir ki, ziyarətçilərlə təmasa keçib onları maraqlandıran hər bir məsələ barədə şəxsən özü müzakirələr açacaq. Nə deyəsən belə baş nazirə? Halal olsun! Bir daha deyirəm, Qazaxıstanın, xüsusən də qazaxların bəxti gətirib…
Məsimovun blogunda artıq onun çıxışlarını əks etdirən videolar da yer alıb. Harada nə danışdığını, nə dediyini bütün Qazaxıstana, bütün dünyaya göstərməkdən çəkinmir baş nazir. Təbii ki, onu çəkindirəcək bir şey də yoxdur. Dili dil, dilçəyi dilçək! Adam həm işləyir, həm danışır, həm də İnternetin imkanlarından istifadə edir…
Söz düşmüşkən, bir neçə kəlmə də Qazaxıstan hökumətinin İnternet saytı haqqında deməyə dəyər. Sayt yetərincə diqqətçəkəndir. Xüsusən də informasiya çevikliyi baxımından. Hiss olunur ki, bu sayt üzərində gündəlik iş gedir və o gündəlik yenilənir. Yəni Qazaxıstan hökumətinin cari fəaliyyəti haqqında buradan informasiya almaq olar. Üstəlik hökumətin proqramları, planları və s. haqqında bilgilər də yetərincə sayıla bilər.
Bir də onu əlavə edim ki, Kərim Məsimovun özü haqqında məlumatları həm hökumətin İnternet resursundan, həm də baş nazirin blogundan almaq olar. Darısı bizim başımıza…
Artıq üç ildir ki, “Multimedia” Mərkəzi və Azərbaycan İnternet Forumunun layihələri çərçivəsində həyata keçirilən dövlət strukturlarının İnternet resurslarının monitoringini aparan bir şəxs kimi Kərim Məsimovun blog məsələsi mənim diqqətimi çəkməyə bilməzdi. Dəfələrlə monitoring aparıb yenə də dəfələrlə demişik ki, Azərbaycan Nazirlər Kabinetinin İnternet saytı, dünya standartları bir yana, ölkəmizin “İnformasiya əldə etmək haqqında” qanununun minimal tələblərinə belə cavab vermir. Ən adi bir şey dediyimizi sübut etməyə yetər. Məsələn, Qazaxıstan hökumətinin başçısı haqqında yuxarıda qələmə aldığım və almadığım bilgiləri hökumətin İnternet saytından əldə etmək olar. Di gəl Azərbaycanın baş naziri haqqında bu cür bilgiləri bizim Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı saytından əldə edə bilərikmi? Əsla! Sadəcə bir sətirdə qeyd olunub ki, baş nazirimizin adı Artur Rəsizadədir. Bu qədər. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafını neftdən sonra prioritet elan edən bir ölkə üçün bu, nə qədər üzağardan sayıla bilər? Bəlkə Azərbaycanda baş nazir vəzifəsini daha çevik, elə lap Kərim Məsimov kimi intellektual sayıla biləcək birisinə həvalə etməyin vaxtı çatıb? Bizcə, bu vaxt əslində çoxdan çatıb da, keçib də. Hər halda indi zamanın ruhuna uyğun insanların vəzifə başında olması lazımdır ki, bu da bizim yazımızın mövzusu olmadığı üçün bir kənara qoyuruq…
Hə, bir də Kərim bəy blogunda yazır ki, ziyarətçilərin fəallığını arzu edir. Yəni yazışmalarda, ünsiyyətdə…