“Məmurlar sosial şəbəkələrdə yazılanları oxusa yaxşı olar”

16-03-2015 / 10:38

“Sosial media televiziya və digər reklamlardan qat-qat üstün, faydalı və ünvanlı işləyir”

Xəbərlər.az-ın “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı şoumen Murad Dadaşovdur:

- Murad müəllim İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?

-İnternetdən, o cümlədən kompüterdən ilk dəfə istifadə edəndə beynimdə yeni bir ölçü açıldı. Həyatımda iki dəfə mən bu hissləri keçirdim. Ondan öncə də fortepianoda ifa etməyə başlayanda da bu hissləri keçirmişdim. Musiqi aləti və kompüter mənim üçün yenilik idi. Əvvəllər beynim bir cür düşünürdüsə, məsələn beynimdə bilirdim ki, A-dan B nöqtəsinə qədər bir yol var. Kompüterlə və musiqi aləti ilə tanış olan zaman beynimdə A-dan C-yə, D-yə qədər də yol açıldı. Və 3D sistemində beynim inkişaf etməyə başladı və mən çox təəccübləndim. Bugün İnternetsiz öz həyatımı təsəvvür edə bilmirəm. Yüzlərlə ölkələri gəzirəm və harda olsam birinci mütləq Wi-Fi-in parolunu istəyirəm. Ya da telefonumda mobil internet mütləq açıq qalmalıdır. Siz bugün istifadə etdiyimiz telefonu İnternetsiz təsəvvür edə bilirsinizmi? Telefon onda lazımsız bir cihaz olar.

-Elektron məktublaşmadan, mesaj xidmətindən tez-tez istifadə edirsinizmi? Mailinizi gündə neçə dəfə yoxlayırsınız?

-Elektron məktublaşma ilə dostluq etməyən bir insanam(gülür). Əsasən İcloud-dan istifadə edirəm. Elektron poçtla ünsiyyət qurmaq ilk gündən çətin alındı məndə. Bəzən olur ki, bir yeməyi yemədən öncə onun dadına baxırsan və bəyənmirsən, elektron poçtla tanışlıq da məndə belə alındı. Köməkçim sağ olsun, elektron məktublaşmadan faydalanmağa kömək edir. Amma yenə deyirəm, mütəmadi şəkildə elektron mesaj xidmətindən istifadə etmirəm.

-Elektron məktublaşmanı sevmədiyinizi deyirsiniz. Bəs, hansı sosial media vasitələrin, Facebook, Twitter, İnstagramdan aktiv istifadə edirsiniz?

-Facebook-da o qədər də yox, amma Twitter və İnstagram-da kifayət qədər aktivəm. Nədənsə Facebook-da istifadəçi rolunda yox, müşahidəçi rolunda çıxış edirəm. İnstagram-da isə əksinə. Facebook-dan daha çox məlumat alıram. Bu gün Facebook informasiya-xəbər saytlarından istifadəmi də azaldıb. Xəbər saytlarında ancaq analitik yazıları oxuyuram ki, kiminsə fikirlərini öyrənim.

-İnstagramda tez-tez şəkil paylaşırsınızmı?

-Paylaşıram. Və öz şəxsi səhifəmdə “səhər durdum, yedim, yıxıldım yatdım, oradayam, buradayam” kimi məsələləri qabartmıram. Düzdür, İnstagramın xüsusi bir missiyası da yoxdur. Səhifəmdə maraqlı hesab etdiyim bir mənzərəni, kimin üçünsə faydalı ola biləcək və insanları düşündürə biləcək şəkilləri mütləq paylaşıram. 

-Facebook-da müşahidəçi rolunda olduğunuzu vurğuladınız. Manatın məzənnəsinin  düşməsinin Facebook-da müzakirəsini necə dəyərləndridiniz? Sosial şəbəkələrin gücünü necə qiymətləndirirsiniz?

-Mənə elə gəlir ki, hakim dairələr üçün sosial şəbəkələrdən istifadə və müşahidə etmək çox vacib məsələdir. Çünki sosial şəbəkələr əhalinin fəal düşünən hissəsinin bir əksidir. Həmişə deyirəm və deyəcəyəm də, sosial şəbəkələr təhlükəli bir qüvvə deyil. Sosial şəbəkələr minlərlə faydalı sosial araşdırmaların, mərkəzlərin lazımi bir alətidir. Hesab edirəm ki, bu müzakirələr düşünən və başqalarına təsir edə biləcək insanların fikirləridir.  Amma bir məsələ də var, bəzən başqalarına təsir etmək üçün sosial şəbəkələrdə bayağılıq da hökm sürür. Amma yenə də, Facebook-dakı bu aktivlik hakimiyyət dairələri üçü çox böyük göstəricidir. Sosial şəbəkələrdən istifadə edən insanlar müəyyən yaş həddinə qədər olan insanlardır. Nadir hallarda valideynlərimiz sosial şəbəkələrdən istifadə edir. Belə desək, 40-45 yaşından aşağı olan insanlar, gənclər daha çox Facebook-dan istifadə edir və bu insanların paylaşımları böyük bir göstəricidir. O ki, qaldı manatın düşməsi məsələsinə, hesab edirəm ki, sosial şəbəkələr sırf müşahidəçi, analitik rol oynadı burada. Sadəcə fikirlər bölüşüldü və çoxsaylı fikirlər arasında faydalı fikirlər oldu. Hətta adi insanlar da ağıllı məsləhətlər verdi. Bugün sosial şəbəkələr hakimiyyət dairələri ilə xalq arasında bir körpü rolunu oynaya bilər.  Dövlət başçımız da hər dəfə bunu deyir ki, dövlət məmurları xalqa xidmət edən qüvvələrdir. Amma dövlət məmurlarının əksəriyyəti xalqla  ünsiyyətdən çəkinirlər. Amma ünsiyyətdən çəkinsələr də, sosial şəbəkələrdə yazılanları oxumaları çox faydalı və yaxşı olar. Təki oxusunlar, bu paylaşmalardan bir nəticə çıxarmasalar da olar.

-Facebook-da sizin adınızdan saxta profil açanlara rast gəlmisinizmi?

-Əlbəttə, Facebook-da mənim adımla 10-15 səhifə açanlar var. Heç bir tədbir də görməmişəm. Bu bilirsiniz nəyə bənzəyir, korla karın söhbətinə. Sosial şəbəkələrdən müəyyən bir müddət əziyyət çəkmişəm və ona görə bu məsələyə bir az ehtiyatla yanaşıram. Sosial şəbəkələr və forumlar təzə-təzə yarananda forum rəhbərləri məni müsahibələrə dəvət edirdilər. Forumda iştirak edirdim və çoxsaylı insanlar öz təxəllüsləri ilə mənə suallar göndərirdilər. Bu suallar içərisində hərdən bir təhqiramiz suallar da olurdu və bu təhqirlərə mən cavab vermirdim. Statusuma uyğun cavablarını verirdim. İnsandan soruşanda ki, nəyə görə sən Murad Dadaşova belə bir sözlər söyləyirsən? Və o da yazır ki, bu mənim şəxsi fikrimdir.  Onu da deyim ki, belələri da ən çox  saxta adla, “Skorpion” adı ilə qeydiyyatdan keçirdi. Bu səbəbdən bəzən sosial şəbəkələri qeyri-ciddi hesab edirdim və mənasız sayırdım.
Axtarsanız “Skorpion” adı altında çox zəif, həyatdan küsmüş bir insan gizlənirdi. Bir də sosial şəbəkələrdə müzakirə olunan mövzuların tezliyi məni narahat edir. Məsələn, hansısa bir hadisə baş verir və bütün aləm tökülüşüb həmin hadisəni müzakirə edir. 10 dəqiqədən sonra digər hadisə baş verəndə isə başlayıb indi də o hadisəni müzakirə etməyə. Deyək ki, 8 Martla bağlı təbriklər gündəmdədir. Hamı yazacaq ki, analar, bacıları təbrik edirik. Biri durub deyir ki, 8 Mart nə deməkdir ki, kommunistlərdən qalmış bir hadisədir. 50-60 faiz  fikrini dəyişib keçəcək onun tərəfinə. Biri çıxacaq oradan ki, qadınlarımıza olan hörmətdir, ehtiramdır, kommunistlərlə nə əlaqəsi var? Soail şəbəkələrdəki adamların xeyli hissəsi bəzə o qədər mövqesizdirlər ki...Bəzi bu kimi məsələlərə görə hərdən sosial şəbəkələr qeyri-ciddi görsənir mənə.

-İş prosesində Facebook, Twitter, İnstagram-dan necə faydalana bilirsiniz?

-Əlbəttə, bütün bu sadaladıqlarımla yanaşı bunu da etiraf etməliyəm ki, peşəmlə bağlı sosial mediadan yetərincə istifadə etməyə çalışıram. İş prosesimdə görürəm ki sosial şəbəkələr çox böyük gücə malikdir, hər hansı layihələrimiz həyata keçəndə sosial şəbəkələr televiziya və digər reklamlardan qat-qat üstün, qat-qat faydalı və qat-qat ünvanlı işləyir.

-8 Mart demişkən, qarşıdan 8 Mart gəlir.  Yaxinlariniz olan qadınları İnternetdə təbrik edəcəksinizmi?

-Kişi sevdiyi qadına səndən yoxdur, “sən birtanemsən” (gülür) hisslərini yaşada bilirsə, ən böyük hədiyyə budur. Bir də ki, qadınları sevmək üçün, ehtiram bildirmək üçün təkcə 8 Martmı olmalıdır? Kişinin qadını vurmağı, döyməyi, təhqiramiz söz deməsi mənim tərbiyəmə sığışmır. Kişi öz gücünü zərif qadını döyməklə nümayiş etdirirsə, bu onun getdiyi ən axırıncı yoldur. Kişi ona həmişə arxalanan insana əl qaldırmaz. Həyatda hər şey ola bilər, insan o zaman güclüdür ki, hisslərini cilovlaya bilir. Mən açığını deyim, güclü deyiləm, hisslərimi cilovlaya bilmirəm. Amma yenə də qadına əl qaldırmaram. Sözümü deyərəm və otaqda durub çıxaram. Ona görə də, 8 Mart həm bayramdır, həm də düşünməyə bir səbəbdir. Təbrikə gəlincə, virtual yox  real təbriklərə üstünlük verəcəyəm. Bəxtim gətirib ki, həyat yoldaşım gülü sevmir (gülür), ona görə də, qayınanama, qardaşımın həyat yoldaşına gül bağışlayacağam.

-Uşaqlarınızın İnternetdən, mobil telefon və ya kompüterdən istifadəsinə nəzarət edirsinizmi? Onlara bununla bağlı məhdudiyyətlər tətbiq edirsinizmi?

-Hər dəfə övladlarıma deyirəm ki, bax siz bu proqramdan faydalanırsınız düzdür? Proqram istifadəçisi olunca, işin uzmanı olun, çalışın o proqramı özünüz də yaratmağı öyrənəsiniz. Uşaqları kompüterdən ayırmaq çox çətindir. Ümumiyyətlə uşaqalrın İnternetdən –kompüterdən çox istiafdəyə meyl etməsinə normal yanaşıram.  3 övladım var və onları başa salmağa çalışıram ki, insan gərək real həyatdan öyrəndiklərini virtual həyatda tətbiq etsin. Real həyatla virtual həyat bərabər olmalıdır, bu bərabərçilikdən gələn fayda insan üçün vacibdir.

- Whatsapp-dan, Skype-dan istifadə edirsinizmi?

- Whatsapp-dan çox istifadə edirəm.

-Tez-tez səfərlərdə olursunuz . Mobil internetdən, rouminq xidmətindən istifadə edirsinizmi? Keyfiyyət və qiymət sizi qane edirmi?

-Rouminq xidmətindən istifadə etməyə məcburam(gülür). Qiymət və keyfiyyət isə əlbəttə ki, məni qane etmir. Rouminq xidmətlərinin hesabını verənə qədər adamın canı çıxır(gülür). Mənə elə gəlir ki, Rouminq xidmətində olan yüksək tariflər mobil operatorlar arasında olan sözləşmələrin nəticəsidir. Necə olur ki, ölkənin içərisində qəpik-quruşa danışırıq, amma ölkədən çıxan kimi qiymət yüksəlir. Ona görə də düşünürəm ki, mobil operatorlar özləri qiyməti yüksək tutur. Amerikada olarkən  bir dəfə mobil internetdən  istifadə etdim, qısa müddət Whatsapp-a girdim. Gəlib hesabı eşidəndə isə az qaldı ürəyim getsin (gülür) . Ondan sonra dedim ki, Wi-Fi olmasa, İnternetdən istifadə edən deyiləm.

-Bəzən görürük ki insanlar hər yerdə , hər addımda ya telefonla damışır ya mesajlaşır.  Siz bir telefon zənginin və ya mesajın gəlişini bildirən xəbərdarlığa cavab vermək üçün  öz naharınızı dayandıra və ya görüşünüzü yarımçıq saxlaya bilərdinizmi?

-Telefona cavab verməyəndə bilirsinizmi nə qədər problemlər yaşayıram? Odur ki hərdən olur ki mesaja və ya telefon zənginə cavab üçün görüşümü yarımçıq da saxlayıram.

-Gündəlik iş və yaradıcılıq fəaliyyətinizdə informasiya texnologiyalarından necə istifadə edirsiniz? Texnologiyalar sizin işinizi, fəaliyyətinizi asanlaşdıra bilirmi?

-İşimi min dəfə asanlaşdırır bu texnologiyalar. Ən azı mobil rabitə. Düşünün ki, pullarımı evdə qoyub çıxsam, sənədlərimi evdə qoyub çıxsam təəssüflənmərəm. Amma mobil telefonu evdə qoyub çıxsam təəssüflənərəm. Mobil telefonu hər yerə özümlə aparıram, hətta heç uşaqlarıma da əl dəyməyə imkan vermirəm.  Özüm göstərsəm, telefonumda nəyəsə baxa bilərlər. Telefon mənim şəxsi əşyamdır, orada başqa şeylər də var axı( gülür) Digər tərəfdən, götürək navigatoru. Naviqator bir gün işləməsə siz getdiyiniz yeri də bilməyəcəksiniz. Bir şəhəri tanımaq üçün 70 kitab oxuyub vaxt itirincə, naviqator sayəsində Londonu, New-yorku, Barcelonanı asanlıqla tanıyıb öyrənə bilirik. Ona görə də, virtual həyatla real həyat bərabər olmalıdır.

-Özünüzü və cəmiyyəti texnologiyalardan asılı hesab edirsinizmi ?

-Özümü 100 faiz asılı hesab edirəm. Cəmiyyəti isə istəyərdim ki, texnologiyalardan asılı olsunlar. Texnoloji nailiyyətlər, texnoloji hadisələr həyatımızı çox-çox rahatlaşdırır. Həyatın sürəti çox artıb, 5 il ərzində 55 min hadisəni yaşayırıq. Texnologiyasız həyat mümkün deyil və müasir insanın həyatında ən böyük hadisədir. İşimiz də texnologiyalar ilə bağlıdır, ən müasir texnologiyaları rəhbərlik etdiyim quruma gətirməyə çalışıram.

-Texnologiyalardan asılılığı 10 ballıq şkala ilə qiymətləndirsək, özünüzü harada görürsünüz?

-9 bal verərdim. 1 balı da hesablayın canlı ünsiyyətə.

-Sizcə 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?

-Heç vaxt elə şey ola bilməz. Tozsoran gəlib məni idarə edə bilməz, mikser gəlib bizə dərs deyə bilməz(gülür). Düzdür, soyuducular xarici görkəmimizi idarə edə bilir, yeməyimizi verir(yenə gülür). Texnologiyalar heç vaxt bizi idarə edə bilməz.

 

Mirvari Nəcəf

Fotolar: Tərlan Yusif


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə