“Azərbaycanlı investorlar 500 Startups-a yatırım etmək istəyir”-Müsahibə

01-06-2017 / 15:32

Məlumat verdiyimiz kimi, ötən il dünyanın İT mərkəzi hesab edilən Silikon Vadisinin erkən mərhələ startaplara yatırım fondu 500 Startups Türkiyədə rəsmi ofisini açdı. Belə ki, 500 Startups ilkin olaraq Türkiyə və bu bölgədəki startaplara yönəlik 15 milyon dollarlıq fond ayırdı.

Aradan bir il keçməsinə baxmayaraq 500 Startup İstanbul fondu artıq bir çox startapa ilkin mərhələ yatırım edib.

Türkiyə mediasından izlədiyimiz qədəriylə yatırım fondu fəaliyyətinə uğurla davam edir.

Qeyd edək ki, 500-un İstanbul fonduna Azərbaycan da daxildir. Yəni, 500 Startups yerli startaplarımıza da yatırım edə bilər. Amma indiyə qədər hələlik bu istiqamətdə fəaliyyət nəzərə çarpmır.

Xeberler.az olaraq həm 500-ün iş prinsipi, yatırımları, Türkiyədəki fəaliyyəti və Azərbaycanla əməkdaşlıq məsələləri ilə yaxından maraqlandıq.

500 Startups-un Türkiyə üzrə General Partner-i  Rina Onur ilə bütün bunlar barədə ətraflı söhbət etdik.

Müsahibəni təqdim edirik:

-Rina, 500 Startups neçə ölkədə rəsmi olaraq fəaliyyət göstərir?

-Hazırda 500 Startups-ın 25 ölkədə 150 işçisi var. Fondun 60-dan çox ölkədə 1,800 texnoloji yatırımı mövcuddur.

-500 Startups Türkiyədə indiyə qədər neçə startap layihəsinə yatırım edib?

-500 Startups İstanbul ofisi qurulmadan öncə Türkiyədə və türkiyəli startapçıların qurduğu 8 şirkətə yatırım edib. Bunlar arasında Udemy, Koding, Mobile Action, Adphorus kimi şirkətlər var. Məlumunuz olduğu kimi, 500 Startups İstanbulda rəsmi olaraq 2016-ci ildə fəaliyyətə başladı. Həmin vaxtdan isə fond 23 yatırım həyata keçirib. 4 yeni yatırımı isə qarşıdakı aylarda tamamlayıb, ictimaiyyətə elan edəcəyik.

-Bizim üçün də maraqlıdır ki,  500 Startups əsasən hansı sahələrdə olan startaplara yatırım edir?

-500 İstanbul olaraq texnologiyanın bütün sahəsində olan startaplara investisiya ayıra bilirik. Məsələn, proqramlaşdırma, təchizat, marketplace, səhiyyə və ya maliyyə texnologiyalarına da yatırım edirik. Son vaxtlar isə süni zəka (AI) və Machine Learning kimi fərqli sahələrdə olan layihələrə yatırım etməyə çalışırıq. Bu sahələrdə texnologiyanı daha yaxşı istifadə edə bilən startaplar diqqətimizi  çox çəkir.

-Rina, fondun bu yatırımları startapların növbəti inkişafında necə rol oynayır. Yəqin ki, 500 Startups-ın dəstəyi elə yatırımla bitmir…

-Bəli, elədir. 500 İstanbul olaraq ən böyük məqsədimiz bu bölgələrdən çıxan startapların qlobal bazarda da uğurlu olmasına şərait yaratmaqdır. Təəssüf ki, yalnız Türkiyəyə və Azərbaycana istiqamətlənən və ya bu bazarlarda olan iş modelləri ilə yerli bazara uyğunlaşan startaplar bizim diqqətimizi cəlb etmir. Silikon Vadisindəki Mərkəzimiz və dünyanın dörd bir tərəfində fəaliyyət göstərən komandamızın təqdim etdiyi infrastruktur ilə beynəlxalqda inkişaf edə biləcək layihələri dəstəkləyirik. 500-dən yatırım alan startaplar xüsusilə, növbəti mərhələdə yatırım edən digər şirkətlərin, fondların diqqətini çəkir və  bu da onların etimadını artırır.

Amma onu da qeyd edək ki, yatırım almaq  əsas məqsəd deyil, bu sadəcə bir vasitədir. Yəni, yatırım almaq bir müvəffəqiyyət meyarı sayılmaz, yatırımı alan şirkətlərin böyüməyi sürətləndirmək üçün edəcəyi işlər çox önəmlidir.

-Universitetlərlə də əməkdaşlıq edirsinizmi?

-Bölgədəki universitetlərlə, texnoparklarla və inkubasiya mərkəzləri ilə çox yaxından işləyirik. Dünyada Stanford, Berkeley və INSEAD universitetləri ilə çalışarkən, Türkiyədə İstanbul Tekniki Universiteti (İTÜ), Orta Doğu Texniki Universiteti (ODTÜ) kimi texnoparkı güclü olanlar, Koç və Sabançı universitetlərinin inkubasiya mərkəzləri ilə əməkdaşlıq edirik. Bir müddət öncə isə Bakı Mühəndislik Universiteti ilə də əlaqə qurmağa başladıq.

 -Rina, 500 Türkiyə və bu bölgə bazarında potensial görürmü? Qarşıdakı illərdə bu bazarların böyüyüb, inkişaf etməsi üçün hansı proqnozları vermək olar?

-Türkiyə və bölgənin potensialına çox inanırıq. Sürətlə böyüyən, gənc və iqtisadi gücü olan bir ekosistemə sahibik. Belə ki, bölgədəki mühəndislik universitetləri çox güclü və xüsusilə də universitetlər əhatəsində formalaşan ekosistem üçün çox yaxşı fəaliyyətlər həyata keçirə bilir. 500 olaraq bacarıqlı qrupları dəstəkləyir və startapların Silikon Vadisi, Uzaq Şərq və Tel Aviv kimi inkişaf etmiş innovasiya qrupları ilə əlaqə qurmasına şərait yaradırıq. Bununla da, bölgəmizdən beynəlxalq bazarları hədəfləyən və bu bazarlarda uğrulu olacaq şirkətlərin çıxacağına inanırıq.

-Azərbaycan ilə də əməkdaşlıq etməyi planlaşdırısınız?

-500 İstanbul fonduna azərbaycanlı investorlardan çox müraciət gəlir, onlar fonda yatırım etmək istəyir. Bunun səbəbi isə 500-ün dünyanın ən yaxşı erkən mərhələ yatırım fondu olmasıdır. Azərbaycanlı yatırımçılar bizim sayəmizdə dünyadakı yatırım trendləri və yatırım etdiyimiz şirkətlər ilə daha yaxından tanış olmaq istəyir. Həmçinin, Silikon Vadisindəki fondumuza yatırım edən investorlarla tanış olub, özəl dəvətlərə qatılmaq istəyirıər. Bu səbəblə də azərbaycanlı yatırımçı və şirkətlərlə  danışıqlarımız davam edir.

-Azərbaycanın startap sekortunu izləyirsinizmi? 500 bizim bazarı necə dəyərləndirir?

-500 İstanbul fondu Türkiyə xaricində digər türk dövlətlərinə də yatırım edə bilir. Buna görə Azərbaycan bizim yatırım əhatəmizə daxildir. Azərbaycanı yaxından izləyib, bu bazardan çıxa biləcək potensial yatırımları da dəyərləndirmək istəyirik.  

-Hazırda Azərbaycan startapları ilə bağlı konkret planınız varmı?

-Azərbaycanlı startapçılara da çox yaxşı bir komanda və böyümə stratergiyası olduğu halda yatırım edə bilərik. 500 bu fürsətlərə açıqdır. Azərbaycanlı holdinqlər, şirkətlər və investorlardan startaplara yatırım etmək istəyən və dünyadakı innovasiya ekosisteminə daxil olmaq hər kəsə qapımız açıqdır. Bizimlə buradan əlaqə yarada bilərsiniz”.

500 Startups erkən mərhələdə olan startaplara 50-100 min dollar arasında yatırım edir.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə