Evlərini virtual yaradan kiçik yaşlı memarla MÜSAHİBƏ

28-07-2015 / 12:22

“Boş vaxtlarımı proqramda qurduğum proyektlərin dizaynı ilə məşğul olmaqla dəyərləndirirəm”

Xəbərlər-in “İKT uşaq” rubrikasının budəfəki qonağı “Google sketchUp” yarışmasında uğurlar əldə edən gənc “memar”  Məhəmməd Heydərovdur.

Məhəmməd Heydərov 136 nömrəli məktəbin 8-ci sinif şagirdidir. O, 2014-2015-ci illərdə respublikamızda məktəblilər arasında keçirilən  “Google SketchUp proqramında ən yaxşı üçölçülü model” müsabiqəsi üzrə keçirilən bilik yarışında 1-ci yeri qazanıb.

Həmçinin 2014-2015-ci dərs ilində fənn olimpiadalarının respublika turunda informatika fənnindən “Google sketchUp” qrafik redaktorunda hazırlanmış ən yaxşı üçölçülü model müsabiqəsində  1-ci yeri tutub.

Hələ kiçik olmasına baxmayaraq İKT sahəsində bir sıra nailiyyətlər qazanan Məhəmmədin  Xeberler.az -a müsahibəsini təqdim edirik:

-Məhəmməd, neçə yaşından etibarən səndə texnologiyaya maraq yarandı?

-Texnologiya sahəsində ilk dəfə kompüterlə maraqlanmışam. 8 yaşımdan etibarən kompüterlə işləməyi sevirəm. Əsasən oyun oynamaq üçün kompüterə həvəsim olub. Daha sonra isə memarlıq, dizayn sahəsi ilə maraqlanmağa başladım. Proqramlar vasitəsilə  müxtəlif tikililərə- arxitektur binalara, göydələnlərə baxır, onların quruluşuna fikir verir, hər bir incəliklərə qədər maraqlanırdım. Bu kimi evlərin proyektini özüm düzəltmək, ideyalarım əsasında qurmaq istədim və proqramlaşdırmada istədiyim ev, tikili fiqurlarının proyektini kodlaşdırmağa başladım. Biliklərimi genişləndirdikcə yarışmalara qatıldım, müəyyən yerlər qazandım.

-Gün ərzində neçə saat İnternetdə olursan, necə faydalanırsan?

-Ailəm yalnız 4-5 saat telefonla məşğul olmağa icazə verir, bundan əlavə qalan vaxtımı da istifadə etdiyim proqramı işləmək üçün sərf edirəm. Buna da təxminən 4-5 saat vaxtım olur. İnternet mənim üçün vacibdir. Bütün lazım olan məlumatları oradan tapa bilirəm. Əsasən də müxtəlif proqramlaşdırma, kodlaşdırma saytlarını izləyirəm. Dizayn, memarlıqla bağlı məlumatlar toplayıram.

-Valideynlərin texnologiya ilə bağlı sənə çoxmu məhdudiyyətlər qoyur?

-Valideynlərim telefonla çox oynamağa icazə vermir. Buna görə də gün ərzində yalnız 4-5 saat telefonla məşğul olmaq imkanım olur. Telefon, kompüter kimi texnoloji avadanlıqlardan çox istifadənin sağlamlığa ziyan olduğunu bildirirlər. Amma proqramda işləmək mənim üçün vacibdir və proqramlaşdırma, kodlaşdırma işləmək üçün kompüterdən istifadə şərtdir.

-Ailənizdə texnologiyaya maraq göstərən ikinci bir şəxs varmı?

-Ailədə yalnız böyük bacımın texnologiyaya marağı var. O da mənim kimi proqramlaşdırma ilə məşğul olur. C++ və başqa proqramlaşdırma dillərində proqram yazır. Bacımın istifadə etdiyi proqramların demək olar ki, hamısını bildiyim üçün ondan kömək istəməyimə ehtiyac qalmır. O, proqramda düzəltdiyim proyektlərlə maraqlanır, hərdən birgə işləyirik.

-Məktəbdə texnologiya ilə bağlı vəziyyət necədir, hansısa problemlərlə qarşılaşırsınızmı?

-Məktəbimizin texnoloji avadanlıqlarla təchizindən razıyam, informatika otağımız var, ayrı ayrılıqda kompüterlərdə işləyə bilirik. Elektron lövhəmiz də var. Amma arada İnternet problemi yaşayırıq. İnternet arada zəifləyir, istifadə etməkdə çətinlik çəkirik.

-Sənə görə İnternetin mənfi və müsbət tərəfləri nələrdir?

-İnternetdən çox istifadə edirəm. Ona görə də deyə bilərəm ki, mənə görə İnternetin mənfi tərəfi yoxdur. Onun vasitəsilə dostlarımla əlaqə saxlayıram. Dərslərimə hazırlaşanda əlavə məlumat üçün ən yaxşı vasitə kimi İnternetə üz tuturam. Ən əsası isə işlədiyim proqrama görə daha çox istifadə edirəm. Müxtəlif fiqurlar axtarır, saytlarda proqramlaşdırma, kodlaşdırma videolarına baxıram.Mənim üçün İnternet əla vasitədir (gülür).

-Gələcəkdə layihə yaratmaq, müəyyən gəlir əldə etmək fikrin varmı?

-Proqramlaşdırma ilə işləməyi sevirəm. Bu istiqamətdə gələcəkdə böyük layihələrimin olmasını, müəyyən gəlir qazanmağı təbii ki istəyərəm. Amma indi əsas diqqətimi təhsilə yönəltmişəm. Hələlik fikrimdə hər hansı bir layihə yoxdur. Google skechUp-da isə işləmək xoşuma gəlir. Bu proqramda tikinti obyektlərinin proyektini yaratmaq hobbimdir.

-İKT sahəsində uğurların nələrdir?

- “Google sketchUp” proqramında üçölçülü proqramlar düzəldilir. Bu proqramın köməkliyi ilə sadə bir şəkli hansısa üçölçülü bir formatda yaratmaq olar. Proqramda fikrində formalaşdığın istədiyin ev, bina modellərini düzəltmək mümkündür. 7-ci sinifdə oxuyanda “Google sketchUp”  proqramı üzrə keçirilən yarışmaya Təranə müəllimə mənim adımı yazdırdı, sonra müəllimə  bu proqramın “sirlərini”  mənə öyrətdi və  məni yarışmaya apardı. 2014-cü ilin fevral ayının 23-də keçirilən yarışmada 1-ci yeri qazandım. Bu il də yarışmada iştirak etdim. Lakin yarış başlayanda mənim istifadə etdiyim kompüterdə problem yarandığı üçün verilən vaxtda işi başa çatdıra bilmədim və  2015-ci il fevralın 28-də keçirilən müsabiqədə 3-cü yeri tutdum.

-Uğurların barədə dostlara, tanışlara danışarkən reaksiyaları necə olur?

-Ən yaxşı dost sənin uğuruna sevinəndir. Mənim də uğurlarım dostlarımı sevindirir. Onlar da proqramlaşdırma ilə maraqlanırlar. Yarışmalarda dəstək olurlar. Mən də onlara köməyimi əsirgəmirəm. Dostlarım daha çox işlədiyim proqramın adı, proses ilə maraqlanırlar, bu haqda soruşurlar. Bildiklərimi onlara da öyrədirəm.

-Yarışmada sənə ən çox kim dəstək oldu?

-Yarışmaya məni informatika müəlliməm Təranə Vahabova istiqamətləndirmişdi, ən yaxın dəstəkçim də elə müəlliməm olub. O, “Google sketchUp”   barədə məni məlumatlandırır, proqramda işləməyə kömək edir, səhvlərim olanda düzəldirdi. Düşünürəm ki, müəlliməmin əziyyətini layiqincə dəyərləndirdim, Təranə xanıma təşəkkürümü bildirirəm.

-İT bilik və bacarıqlarından məktəbdə istifadə edilirmi?

-Hazırda məktəbimizi müxtəlif  yarışmalarda təmsil etməklə kifayətlənirəm. Yarışlarda birincilik əldə etməklə 136 nömrəli məktəbimizin adını yüksəklərə qaldırmaq istəyirəm. İT sahəsində əldə etdiyim biliklərdən isə dərs prosesində tətbiqdə çətinlik çəkən sinif yoldaşlarıma, dostlarıma kömək edirəm. İnformatika dərslərində proqramlaşdırma ilə maraqlanan uşaqlara bildiklərimi öyrədirəm.

-İnternetdən ən çox nə məqsədlə istifadə edirsən?

-Ən çox proqramlaşdırma videolarına baxıram, İKT ilə bağlı saytlardan texnoloji məlumatlar toplayıram. Sosial şəbəkələrdən isə Facebook, Odnoklassnik-dən istifadə edirəm. Sosial şəbəkə əsasən dostlarla ünsiyyət üçün mənə lazım olur. İnternetdən bir də ki, oyun oynamaq üçün istifadə edirəm. Boş vaxtlarımda onlayn oyunlar oynayıram.

-Gün ərzində boş vaxtlarını necə dəyərləndirirsən?

-Gün ərzində əsas məşğuliyyətim dərsdən sonra kompüterdə proqramlaşdırma ilə işləmək olur. Boş vaxtlarımı proqramda qurduğum proyektlərin dizaynı ilə məşğul oluram, maraqlı quruluşlar, kreativ ideyalar fikirləşirəm (gülür). Daha sonra isə telefonda sosial şəbəkələrə daxil olur, virtual aləmdə dostlarımla ünsiyyət saxlayır, gündəmi izləyirəm. Onu da qeyd edim ki, idmanla məşğul oluram. Texnoloji işlərimdən sonra futbol oynayıram. Futbolu çox sevirəm. Texnologiya sağlamlığa müəyyən dərəcədə ziyandırsa idman bir o qədər xeyirdir (gülür).

-İnformatikaya aid əlavə məlumatları haradan əldə edirsən?

-İnformatika sahəsinə aid əlavə məlumatları Google və Youtube-dan əldə edirəm. Youtube-da xakerliklə, Facebook, Wi-Fi kimi internet şəbəkələrinin şifrələrini sındırması yollarını öyrənmək , bilmək məqsədilə müxtəlif proqramlar yığıram. Youtube-da bu proseslərin gedişatına dair video-roliklərə baxır, sonra Google-dan yükləyirəm.

-Gələcək planların haqqında Xeberler.az-ın oxucularına nə deyərdin

- Dizaynerlik, memarlıq üzrə təhsil almaq istəyirəm. Proqramda tikinti proyektlərini hazırlamağım da elə bu arzumdan irəli gəlir. Google skechUp-da müxtəlif proyektlər düzəldir, onlara fərqli dizaynlar verirəm. Memarlıq sənətini sevirəm.

-Facebook-da dostluğa hansı kriteriyalar əsasında qəbul edirsən?

-Facebook-da yalnız tanıdığım adamların dostluq təklifini qəbul edirəm. Qəbul edəcəyim istifadəçinin şəkillərinə, olduğu qruplara, səhifələrə baxıram. Elə istifadəçilər var ki, səhifəyə layk yığmaq üçün kimə gəldi dostluq göndərir. Elələrini dostluğa qəbul etmirəm.

-Facebook qruplarında varsanmı?

-Qruplarda yox, amma səhifələrdə varam. Facebook-da müxtəlif səhifələr yaradır, mövzuya uyğun paylaşımlar edirəm. Iştirak etdiyim “Google sketchUp”   yarışmasına aid xəbərləri, qaliblərin şəkillərini, qazandıqları sertifikat və diplomları paylaşıram.

-İnformasiya təhlükəsizliyini necə qoruyursan?

-İnformasiya təhlükəsizliyimi özüm qorumağa çalışıram,  hesablarımın bütün şifrələrini güvənli edirəm və ciddi qoruyuram, şəkilləri isə maildə cloud-da saxlayıram. Lazım olsa oradan tapıram. Məlumatlarımın kimsə tərəfindən oğurlanmasını istəmərəm. Bu, yaxşı hal deyil.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə