İlk Avropa Oyunlarının loqosunu kodlaşdıran uşaqla müsahibə

23-07-2015 / 11:29

Xeberler.az-ın  “İKT UŞAQLAR” rubrikasının növbəti qonağı “ALPLogo mühitində proqramlaşdırma” Respublika Olimpiadasında 2-ci yeri qazanan gənc proqramçı Ruslan Qocayevdir.

Xəbərlər bir müddət öncə İnformatika fənninin tədris proqramına daxil edilən  ALPLogo haqqında qısa məlumat vermişdi.

267  nömrəli məktəbin 7-ci sinif şagirdi Ruslan Qocayev ALPLogo mühitində sərbəst şəkildə proqram kodları yaza bilir.

Kiçik yaşlarından İKT sahəsində böyük işləri bacaran, işləri sosial şəbəkələrdə İT mütəxəssislərin və bir sıra proqramçıların ciddi marağına səbəb olan 7 -ci sinif şagirdi Qocayev Ruslanın Xeberler.az-a müsahibəsini təqdim edirik:

-Ruslan, texnologiyaya maraq nə vaxtdan yaranıb səndə?

-Uşaqlıqdan texnologiya ilə maraqlanmışam. Texnoloji avadanlıqları xoşlayırdım. Onları işlətməyə, oynatmağa marağım var idi. Düzdür, digər uşaqlarla müqayisədə mənim bir az gec, yəni 5-ci sinifdə şəxsi kompüterim olub. Elə ilk əlimə götürdüyüm texnoloji avadanlıq da məhz kompüter olub. Ona qədər isə qohumlarımgilə gedəndə onların kompüterindən istifadə edirdim.

-İnternetdə ən çox hansı informasiyalarla maraqlanırsan?

-Youtube-da maraqlı videolara baxıram. Proqramlaşdırma ilə bağlı hansı saytda məlumat görsəm daxil olub oxuyuram, tətbiq etməyə çalışıram. Kompüterimə Alplogo proqramını yükləmişəm. Davamlı olaraq bu proqramda işləyirəm, biliklərimi genişləndirirəm. Çox xoşlayıram kod yazmağı, gün ərzində bəzən həddən artıq proqramla məşğul oluram, nəticəni gördükdə isə hədsiz dərəcədə sevinirəm. Hərdən yarımçıq qalan işimi başa çatdırmaq üçün səhər tezdən durub yenidən kodlaşdırıram.

- ALPLogo-ya nə vaxtdan maraq göstərməyə başladın?

-ALPLogo ilə 5-ci sinifdən etibarən maraqlanmağa başlamışam. Proqramda kodlaşdırmanın köməyilə şəkil çəkmək mümkündür, bu, çox xoşuma gəlirdi. Bu proqramda ən vacib amil diqqətdir. İstədiyimiz şəkil, xəritə, bayraq və s. fiqurları proqramda işləyirdik. Bir dəfə informatika müəllimimiz Sənubər xanım bizə kodlaşdırmaya aid tapşırıq verdi. Və bildirdi ki, ən birinci və dəqiq işləyib qurtaran ALPLogo yarışmasının məktəb turunda, daha sonra isə qalib olaraq Respublika üzrə keçiriləcək olimpiadada iştirak edəcək. Hamıdan birinci kodlaşdırdım, müəllimimiz işimi bəyəndi. Sonra Sənubər xanımın göstərişi ilə ALPLogo yarışmalarına qatıldım.

- ALPLogo-ya çoxmu vaxt sərf edirsən, digər şagirdlər də buna maraq göstərirlərmi?

Bu il də ALPLogo-nun məktəb turunda iştirak etdim. Bundan əlavə “Paint - də ən gözəl şəkil çəkmək”, “PowerPoint  - də ən maraqlı təqdimat” yarışmalarına qatılmaqla müxtəlif, maraqlı təqdimatlar hazırlayıb fəaliyyətimi genişləndirdim. Ancaq ən çox bəyəndiyim işimin kodlaşdırma olduğunu başa düşdüm. O qədər həvəslənmişdim ki, dərslərdən sonra müəllimimlə məktəbdə qalıb kodlaşdırmanın sirlərini öyrənməyə çalışır, olimpiadanın şəhər turuna hazırlaşırdım. Təkcə mən yox, məktəbimizin adını təmsil edəcək bütün şagirdlər dərslərdən sonra qalıb işləyirdik. Yarışlara hazırlıq ərəfəsində axşamlar dərslərimi etdikdən sonra çox zaman kodlaşdırma ilə onlayn məşğul olur, müxtəlif fiqurları işləyir, müəllimə göndərir, o da müəyyən düzəlişlər edərək, səhvimi başa salır. Qazandığım uğurlarda müəllimimin əməyi böyükdür və əlbəttə ki, bu uğurlara görə ona minnətdaram.

-Ailən texnologiya ilə bağlı sənə hər hansı bir məhdudiyyət qoyurmu?

-İlk vaxtlar valideynlərim kompüterdə çox işləməyə icazə vermirdi. Bu kimi texnoloji avadanlıqların ilk öncə gözə zərərli olduğunu bildirirdilər. Amma ALPLogo yarışlarından sonra proqramlaşdırma ilə daha çox işləmək istəyirdim, yarışlara hazırlaşırdım deyə kompüterdən istər-istəməz çox istifadə etməli idim. Buna görə də bir neçə saat kompüterdən istifadəyə icazə verdilər, amma vaxt məhdudiyyəti ilə (gülür).

-İKT sahəsində bugünə kimi ən böyük uğurun hansıdır?

-Bu il keçirilən ALPLogo yarışmasının respublika turunda 2-ci yeri qazanmışam. Həvəslə başladığım kodlaşdırmanı 7-10 dəqiqəyə bitirə bilirəm. İnformatikadan əlavə rəsm və riyaziyyatı da çox sevirəm. Şəkil çəkməyə həvəsim var. Elə bu proqramda maraqlı şəkillər çəkib onları kodlaşdırmaq da təsviri incəsənətə də olan marğımdan irəli gəlir. Həm karandaş, həm də kodlaşdırma ilə rəsm çəkmək çox maraqlıdır. Riyaziyyatı da yaxşı bilirəm. Buna görə də kodlaşdırma ilə işləmək mənə çətinlik törətmir.

-Daha çox hansı fiqurları proqramda kodlaşdırmağı xoşlayırsan?

-İnsanların, qədim abidələrimizdən olan Qız qalasının, müxtəlif heyvanların, ölkələrin bayraqlarının, meyvələin, ulduzların, əlbəttə ki, avtomobillərin. Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının loqo - simvolunu ALPLogo proqramında kodlaşdırmışam. Müəllimimin bəyənməsindən düşünürəm ki, alınıb (gülür).

-Ailədə səndən başqa proqramçılıqla maraqlanan varmı?

-Əslində məndən kiçik bacım və qardaşım da kodlaşdırma ilə yaxından maraqlanır. Qardaşım 5, bacım isə 6-cı sinifdə oxuyur. Onlar da mənim kimi ALPLogo proqramında kodlaşdırma ilə işləyirlər. Hər hansı bir çətinlikləri olanda onlara kömək edirəm. Düşünürəm ki, onlar mənim qədər kompüterdə kodlaşdırma ilə işləsələr bəlkə də məndən də yaxşı nəticələr əldə edə bilərlər (gülür).

-Gələcək planların haqqında Xeberler.az-ın oxucularına nə deyə bilərsən?

-İndi tətildir, dərslər yoxdur. Tətili proqramlaşdırma ilə daha çox işləmək, kodlaşdırma bacarığımı genişləndirərək dəyərləndirmək fikrim var. Ümumilikdə isə 1-ci qrupa hazırlaşmaq, universitetə qəbul olmaq istəyirəm. Məqsədim yaxşı proqramçı olmaqdır.  İstəyirəm ki, 267 nömrəli məktəbin adını yüksəklərə qaldırım, gələcəkdə yaxşı proqramçı olum, ata – anamı və müəllimlərimi sevindirim.  Hələ ki, təhsilim haqqında fikirləşirəm.

-Uğurları paylaşarkən dostlarının reaksiyası necə olur?

-Yarışlarda iştirak edib qazandığım nailiyyətlərdən dostlarıma danışanda məni təbrik edirlər, yarışlarda mənə dəstək olurlar. Mən də öz növbəmdə bildiklərimi onlarla paylaşır, proqramlaşdırma ilə bağlı problemləri olanda köməyimi əsirgəmirəm.

-İnformasiya təhlükəsizliyini necə qoruyursan?

-Əvvələr şifrələrim tez-tez yadımdan çıxırdı. Amma indi hər ehtimala qarşı şifrələrimi qeyd kitabçasına yazıram. Hesablarımın şifrələrini yaddan çıxartsam və ya itirsəm mənim üçün yaxşı olmaz, çünki ən vacib məlumatlarım buradadır.

-Hansı sosial şəbəkələrdən aktiv istifadə edirsən?

-Facebook-dan aktiv istifadə edirəm. Daha çox kompüterdən deyil, mobil telefondan Facebook vasitəsilə paylaşımlar edirəm. Öz şəkillərimi paylaşmağı sevmirəm, əsasən, ALPLogo yarışmasına aid xəbərləri, məlumatları və proqramda kodlaşdırma ilə düzəltdiyim layihələrimi paylaşıram. İnstagram və Twitter-də varam, amma bu sosial şəbəkələrdə aktiv istifadəçi sayılmıram (gülür).

 

Ruhəngiz Muradova

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə