Xeberler.az-ın “İKT UŞAQLAR” rubrikası bugündən etibarən yenidən öz işinə başlayır. Məqsədimiz İKT sahəsində uğur qazanmış məktəbli istedadlarla oxucularımızı tanış etməkdir. Rubrikamızın qonağı ALPLogo-2019 proqramlaşdırma olimpiadasının Respublika 1-si Xizri Saxrayevdir.
Qeyd edək ki, Adil Əsgərov adına Qazbinə kənd tam orta məktəbin VIII sinif şagirdi Xizri Saxrayev ALPLogo mühitində sərbəst şəkildə proqram kodları yaza bilir. Xizri həmçinin Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalının daimi istifadəçisi olub. İnformatika müəlliməsi Həbilova Nərmin Xizrinin bu sahədə ən böyük dəstəkçilərindən biridir. Onun sözlərinə görə, şagirdlərin əksəriyyəti həmin portalların daimi istifadəçisi olsa da, Xizri qarşısına məqsəd qoyaraq birinci yeri qazanmağı bacarıb. VI sinif Riyaziyyat fənni üzrə Respublika birincisi olub. Xizri sinif yoldaşlarından çox əzmkar, çox çalışqan, qarşısına məqsəd qoyaraq dərslərinə hazırlaşan şagird kimi fərqlənir. ALPLogo müsabiqəsində ilk dəfə VI sinifdə qeydiyyatdan keçərək iştirak edən Xizri Respublika üzrə 2-ci yer tutmasından razı qalmayıb və VII sinifdə daha çox öz üzərində çalışaraq Respublika üzrə 1-ci yeri tutmağa nail olub. Həmçinin VII sinifdə oxuyarkən Google SketchUp proqramı üzrə müsabiqəyə qoşularaq Respublika üzrə 2-ci olub.
Orta məktəb illərindən İKT sahəsində böyük işlər bacaran, VIII sinif şagirdinin Xeberler.az-a müsahibəsini təqdim edirik:
Texnologiyaya marağın nə vaxtdan yaranıb?
İbtidai sinifdə oxuyarkən texnologiyaya çox maraq göstərmirdim. V sinifdən sonra texnologiyaya qarşı məndə maraq yaranmağa başladı. Sonralar bu maraq daha da böyüdü və beləliklə bu sahədə uğurlar qazanmağıma səbəb oldu.
AlpLogo ilə nə vaxtdan maraqlanmağa başlamısan?
Alplogo ilə V sinifdən, elə ilk dərsdən maraqlanmağa başlamışam. O zaman evdə kompüter olmadığından Alplogo ilə yalnız məktəbdə, kompüter otağında məşğul olurdum. Bu cür alplogonu dərindən öyrənmək mümkün deyildi. VI sinifə keçdikdən sonra artıq evdə də kompüterim oldu və olimpiadaya hazırlaşaraq bu sahədə ilk uğurumu qazandım.
Gün ərzində bu proqrama nə qədər vaxt ayırırsan və daha çox hansı növ kodlaşdırmalara üstünlük verirsən?
Olimpiadaya hazırlaşdığım vaxtlar gün ərzində bu proqrama orta hesabla 2-3 saat vaxt ayırırdım. Bu yazılacaq kodun böyüklüyünə və çətinliyinə görə dəyişirdi. Daha çox olimpiada üçün lazım olan və bir qədər çətin kodlaşdırmalar edirəm. Çünki daim sadə kodlaşdırmalar edərək bu proqramı dərindən öyrənmək və uğur qazanmaq mümkün deyil. Gərək sadədən mürəkkəbə doğru gedəsən. Ən sevdiyim kodlaşdırma da elə olimpiadada birinci olmağıma səbəb olan İOİ-2019 Beynəlxalq İnformatika olimpiadası embleminin kodlaşdırmasıdır.
Ətrafında səndən başqa bu proqrama maraq göstərənlər varmı?
Bəli, ətrafımda bu proqrama maraq göstərənlər çoxdur. Əsasən öz məktəbimin şagirdləri bu proqrama maraq göstərir. Onların içərisində olimpiadada yer tutanlar da var. Məsələn, sinif yoldaşlarım içərisində ALPLogo-2018 müsabiqəsində iştirak edən Pirxiyeva Aysun , Pirxiyev Turan, Paxırova Günay və Mahotova Nəzrin bu sahəyə böyük maraq göstənlər sırasındadır.
İnternetdə daha çox nə ilə maraqlanırsan və sosial şəbəkələrdən nə dərəcədə aktiv istifadə edirsən?
İnternetdə daha çox təhsildə yeniliklər, proqramlaşdırma və xoşladığım musiqilər ilə maraqlanıram. Sosial şəbəkələrdən isə mütəmadi olaraq istifadə edirəm. Sosial şəbəkələrdən istifadə etməklə əsasən dünyada baş verən son xəbərlərdən və yeniliklərdən xəbərdar oluram.
Ailən texnologiyaya olan marağına necə münasibət göstərir və sənə kompüterdən istifadədə məhdudiyyət qoyurmu ?
Ailəm texnologiyaya olan marağıma müsbət münasibət göstərir, daim mənə maddi və mənəvi dəstək olur. Bəli, həddindən artıq kompüter qarşısında oturmaq insan sağlamlığına ziyan vurduğu üçün gün ərzində 3 saatdan artıq kompüter qarşısında oturmağa icazə vermirlər.
Ən böyük dəstəkçin kimdir və bu sahədə gələcək planların nələrdir?
Bu uğuru qazanmağımın səbəbkarı olan informatika müəlliməm Nərmin müəllimə və ailəm mənim həmişə ən böyük dəstəkçimdir. Gələcək planlarım proqramlaşdırma səviyyəmi daha da inkişaf etdirib respublika fənn olimpiadalarında qızıl medal qazanmaq, proqramlaşdırma sahəsində daha böyük nailiyyətlər əldə etmək və gələcəkdə yüksək balla ali məktəbə qəbul olmaqdır.
Bəs İnformasiya təhlükəsizliyini qorumaq üçün nə edirsən?
İnformasiya təhlükəsizliyini qorumaq üçün sosial şəbəkələrdə tanımadığım şəxslərdən gələn dostluqları qəbul etmirəm, elektron poçtuma göndərilən məktubları açmazdan əvvəl məktubun kim tərəfindən göndərildiyini, mövzu bölümünün yazılıb yazılmadığına diqqət yetirirəm və həmişə diqqətli olmağa çalışıram.
Son olaraq bu sahəyə marağı olan həmyaşıdlarına nə demək istərdin?
Bu sahəyə marağı olan həmyaşıdlarıma demək istəyirəm ki, uğur qazanmaq üçün ilk öncə özünüzə inanın və heç vaxt bu işin dərinliyinə getmədən mən bunu bacarmaram deməyin. Bunlar olduqdan sonra siz artıq qələbənin astanasında olmuş olacaqsınız. İndi sizə lazım olan bu sahədə olimpiadaya hazırlıq üçün kodlaşdırmalar etməyiniz olacaq. Tövsiyə edərdim ki, başlayarkən sadə loqoları və ya dərsliyinizdə verilən asan fiqurları kodlaşdırmağa cəhd edəsiniz. Əgər alınmasa heç üzülməyin. Bu hələ başlanğıcdır. Bir neçə dəfə kodlaşdırma etdikdən sonra görəcəksiniz ki, artıq sadə kodlaşdırmaları asanlıqla edirsiniz. Əgər olimpiadada qalib gəlmək istəyirsinizsə əvvəl hazırladığınız loqolara nisbətdə çətin loqoları kodlaşdırmağa çalışın. Hər hansı bir loqonu kodlaşdırarkən komandaların sayından mümkün qədər az istifadə etməyə çalışın. Bundan sonra uğur sizin üçün qaçılmaz olacaq. Yetərki siz inanın və geri çəkilməyin.
Pərvin Hacıyeva
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri