Naxçıvanda “Xalq Kompüteri” layihəsinin tətbiqinə başlanılıb

09-07-2010 / 05:39

Azərbaycanın Naxçıvan Muxtar Respublikası “Xalq Kompüteri” layihəsinə qatılmaq imkanı əldə edib.

Layihənin icraçılarından biri olan “Bestcomp Group” şirkətindən APA-ya verilən məlumata görə, bu yaxınlarda “Bestcomp Group” və Naxçıvan MR İnternet Mərkəzi arasında “Xalq Kompüteri” layihəsinin Naxçıvanda genişləndirilməsi məqsədilə müqavilə imzalanıb.

Müqaviləyə əsasən, İnternet Mərkəzi bu layihə çərçivəsində “Bestcomp Group”la birlikdə fəaliyyət göstərəcək. Artıq Naxçıvanda da müəllim və şagirdlər layihənin güzəştli şərtlərindən yararlana, çox ucuz qiymətlərlə kompüter və müxtəlif internet xidmətləri, antivirus proqramı, lisenziyalı “Microsoft Windows” və ofis proqramları əldə edə bilərlər.

Qeyd edək ki, ötən ilin aprel ayında “Xalq Kompüteri” layihəsinə start verilən gündən indiyədək vətəndaşlara güzəştli şərtlərlə 8 minə yaxın kompüter və noutbuk satılıb. Layihənin əsas məqsədi aztəminatlı əhalinin güzəştli şərtlərlə müasir kompüterlər və lisenziyalı proqramlar əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaqdır. İlkin nəticələr göstərir ki, layihədə aktivlik Bakı və Abşeron zonasında deyil, daha çox bölgələrdədir. Statistik məlumata görə, hazırda 1300 kompüteri Bakının, 6500-dən çox kompüteri regionlarımızın əhalisi əldə edib.

Xatırladaq ki, layihənin iyunun sonunda start verilən yeni mərhələsini «Microsoft Azərbaycan», Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, «Hewlett Packard», «Ultra» və «Bestcomp» şirkətləri reallaşdıracaq. Layihə çərçivəsində müəllim və tələbələr kompüterləri bazar qiymətlərindən 25-40% aşağı qiymətlərlə, 12 aylıq faizsiz kreditlə əldə edə bilər.

«Xalq Kompüteri» layihəsinin əsas məqsədi müəllim və şagirdlərin müasir kompüter və lisenziyalı proqram təminatını güzəştli şərtlərlə əldə etməsi üçün şərait yaratmaq, bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətində apardığı fəaliyyəti dəstəkləməkdən ibarətdir. Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən Rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramına («e-Azərbaycan») və 2008-2012-ci illərdə ölkədə Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramına tam uyğundur.

mənbə: APA


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.