Azərbaycan növbəti illərdə BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi üzrə hesabatında ilk 30 ölkə sırasına daxil olmağı hədəfləyir.
Xeberler.az məlumat verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) ikinci günündə çıxışı zamanı bildirib.
O qeyd edib ki, BMT-nin hesabatına əsasən, Azərbaycan elektron hökumətin inkişafı üzrə qabaqcıl ölkələrdən biridir və ölkədə rəqəmsal transformasiya üçün hərtərəfli çərçivə formalaşdırılıb.
Ş. Əliyevin sözlərinə görə, Rəqəmsal Transformasiya Konsepsiyası üç əsas sütunu - dövlət sektorunda transformasiya, cəmiyyət və biznesdə rəqəmsallaşmanı əhatə edir: "Bunu reallaşdırmaq üçün infrastruktur, insan kapitalı (İT mütəxəssislərinin sayının artırılması və vətəndaşların rəqəmsal savadlılığı), müasir qanunvericilik bazası, kibertəhlükəsizlik və məlumatlar (data) kimi dəstəkləyici amillər mövcuddur. Həmçinin Süni İntellekt, Rəqəmsal İqtisadiyyat, Məlumat və Kibertəhlükəsizlik strategiyaları qəbul edilib".
İRİA rəsmisi vurğulayıb ki, rəqəmsal transformasiyanı sürətləndirmək üçün Milli Fəaliyyət Planı icra olunur: "Məqsəd bütün dövlət xidmətlərini transformasiya edərək vətəndaşlar üçün proaktiv xidmətlər yaratmaq və onları "myGov" platformasında birləşdirməkdir. Hazırda "myGov"un 4 milyona yaxın istifadəçisi var. Gələn ilə qədər bu göstəricinin ən azı 5 milyona çatacağını gözləyirik".
Ş.Əliyev əlavə edib ki, yaxın 3 il ərzində Azərbaycanda elektron hökumət sisteminin növbəti versiyası olan agent yönümlü hökumət (agentic government) modelinin qurulması planlaşdırılır.
İRİA-nın İdarə Heyətinin sədr müavini qeyd edib ki, Azərbaycanda aqrar sahədə rəqəmsal transformasiyanı sürətləndirmək və fermerlərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək məqsədilə xüsusi "Rəqəmsallaşma üzrə Yol Xəritəsi" işlənib hazırlanıb: "İRİA Kənd Təsərrüfatı Nazirliyi ilə yaxın əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Fəaliyyət planı çərçivəsində xidmətlərin rəqəmsal formata keçirilməsi və ekosistem üçün məlumatların təmin olunması istiqamətində yol xəritəsi hazırlanıb. Bu yol xəritəsinə "E-Agro" (Yonca) sistemi də daxil edilib. Hazırda əsas hədəf fermerlərin rəqəmsal savadlılıq səviyyəsini yüksəltmək, müvafiq sistemləri inteqrasiya edərək məlumat mübadiləsini həyata keçirməkdir".
O, iqlim dəyişikliyi şəraitində operativ qərarların qəbulunun xüsusi önəm daşıdığını vurğulayıb: "Əgər məlumat yalnız bir mənbədən əldə edilirsə, zaman keçdikcə aktuallığını itirir və yararsız hala gəlir. Rəqəmsal İctimai İnfrastrukturumuz (EHİS) müxtəlif qurumların sistemlərini vahid platformada birləşdirməyə və daha dəqiq qərarlar qəbul etməyə şərait yaradır. Bundan əlavə, keyfiyyətli məlumatları açıq formada təqdim etməklə startaplar və biznes strukturları üçün dayanıqlı ekosistem qururuq".
İRİA rəsmisi eyni zamanda bildrib ki, süni intellekt strategiyasında kənd təsərrüfatı prioritet sahələrdən biri olaraq müəyyən edilib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları