NAZİRİN TƏNQİDİNƏ “AZERCELL”dən CAVAB GƏLDİ

25-01-2011 / 10:56

İki gün öncə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda fəaliyyət göstərən mobil operatorları kəskin tənqid edib. Ə.Abbasov bildirib ki, ölkədə fəaliyyət göstərən mobil operatorların qiymət sistemi şəffaf və qənaətbəxş deyil, onlar beynəlxalq və rouminq danışıqları üçün şişirdilmiş qiymətlər tətbiq edirlər: “Tariflər çox vaxt bəlkə də qəsdən mürəkkəbləşdirilmiş şəkildə olur və istehlakçılar bundan əziyyət çəkirlər”.

Ə.Abbasovun sözlərinə görə, mobil operatorların rouminq xidmətləri, ümumiyyətlə, tarif sistemi tənzimləyici orqan olaraq nazirliyi qane etmir: “Əvvəla, tarif sistemi çox qarışıqdır və şəffaf deyil. İkincisi də, bu qiymətlər şişirdilib”. Nazir mobil operatorları həm də konturdan manata keçməməkdə qınayıb. Qeyd edib ki, şirkətlər hər 3 ayda bir dəfə mövcud tariflərini sadə və şəffaf şəkildə açıqlamalıdır.
Azercell MMC-nin korporativ ünsiyyət rəhbəri Ülviyyə Həsənzadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, nazirin söylədiyi fikirlərin ölkədə fəaliyyət göstərən hansı operatorla bağlı olması məlum deyil: “Lakin ölkənin mobil rabitə sahəsində aparıcı şirkət olaraq bəzi məqamlara aydınlıq gətirmək istərdik”.

Ü.Həsənzadə dedi ki, nazirin səsləndirdiyi məsələlərin əsası rouminq və beynəlxalq danışıq tarifləri ilə bağlı olub: “Bu məsələlərlə əlaqədar şirkətimiz artıq bir neçə ildir ki davamlı iş aparır. Tərəfimizdən müvafiq operatorlarla danışıqlar aparılır, lakin bunların sürətli həlli təkcə ”Azercell"dən deyil, həmçinin digər ölkələrdəki operatorların qərarlarından asılıdır. Bu günə kimi apardığımız danışıqlar artıq bir sıra ölkələrlə yaxın zamanda rouminq tariflərin aşağı salınmasına imkan yaradır. Bundan əlavə, məhz abonentlərin rahatlığını düşünərək, “Azercel Telekom” TeliaSonera Avrasiya ailəsinə daxil olan şirkətlərlə müvafiq endirimlər əldə edib. Ümumiyyətlə, qiymətlərin xüsusilə də mobil internet sahəsində aşağı salınmasi uçun 3G üzərindən xidmətlərin daha geniş yayılmasi vacibdir. “Azercell Telekom” artiq 3 ildir ki, texniki baxımdan 3G xidmətlərini geniş əhaliyə yayılmamasına hazırdır və ümid edirik ki, yaxın gələcəkdə nazirlik bizə 3 G lisenziyası verəcək. Odur ki, müvafiq tezliklər ayrılan kimi, bu sahədə çox sərfəli və müxtəlif tariflər təqdim edəcəyik".

Ülviyyə Həsənzadə bildirdi ki, təmsil etdiyi şirkət beynəlxalq danışıqlar üzrə qiymətlərin endirilməsi üçün də iş aparır: “Lakin bu məsələdə beynəlxalq trafik daşımağa, yəni müstəqil olaraq beynəlxalq rabitə imkanı təmin etmək hüququ Azərbaycanda yalnız ”Aztelekom"a məxsusdur".

Ü.Həsənzadə nazirin səsləndirdiyi kontur sistemindən manat - əsaslı ödəmələrə keçid məsələsinə də aydınlıq gətirdi. Dedi ki, bu sistemə keçidlə bağlı hazırlıq işlərini cari ilin birinci yarısında başa çatdırmağı və manata keçidi təmin etməyi planlaşdırırlar: “O ki qaldı ”Azercell"in təqdim etdiyi xidmət, tarif paketləri və kampaniyalara, biz onlar haqqında ətraflı məlumatları internet səhifəmizdə və əlbəttə KİV vasitəsilə işıqlandırırıq. Həmçinin son zamanlar dəbdə olan sosial şəbəkələr üzərindən abonentlər üçün yeni əlaqə imkanı yaradılıb"./// Yeni Musavat


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə