Xeberler.az “İKT QADINLAR” rubrikası çərçivəsində Cybernet şirkətində Baş direktorun müşaviri vəzifəsində çalışan, “Femmes Digitales - Azərbaycan qadınları İKT-də” klubunun üzvü Şəhla Məmmədova ilə müsahibəni təqdim edir:
-Şəhla xanım, necə oldu ki, bu sahəyə marağınız yarandı? Adətən İT sahəsinə kişilər maraq göstərir. İKT sahəsində qadın olmaq çətindirmi?
-Karyerama 2007-ci ildə Elektron Təhsil layihəsinin bir parçası olaraq başlamışam. Bu da təsadüfi deyildi, cəmiyyətin inkişafının birinci şərti güclü təhsil sisteminin olmasıdır, həmişə təhsilimizin daha da inkişaf etməsini və bu inkişafda mənim də rolumun olmasını istəyirdim. Təhsil sistemində İKT-nin tətbiqi layihəsi ilə peşəkar fəaliyyətimə başlamaq mənim üçün ən cəlbedici seçim idi. Deməzdim İKT sahəsində qadın olmaq çətindir, bu sahədə peşəkar olmaq çətindir, çünki İKT işıq sürəti ilə inkişaf edir və burada peşəkar olmasan bu sürətə tab gətirə bilməzsən. O ki qaldı bu sahəyə kişilərin daha çox maraq göstərməsinə, bu tendensiya artıq dəyişməkdədir.
-İKT sahəsində ilk iş yeriniz və vəzifəniz nə olub?
-İlk iş yerim Ultra şirkətində layihə mütəxəssisi olub. Daha sonra biznes analitik və layihə rəhbəri vəzifələrinə yüksəlmişəm. Ümumiyyətcə, mən o tip insanlardanam ki, işim həddindən çox olmalıdır və elə bilməliyəm ki, heç bir dəqiqə də boş vaxtım olmayacaq, belə olanda daha effektiv nəticə verirəm. Bu, yəqin ki, aktiv həyat tərzi yaşamağı xoşlamağımla bağlıdır. Əzmlə çalışmağımın nəticəsi olaraq daim irəli çəkilmişəm. 2013-cü ildə Cybernet şirkətinə Biznesin inkişafı üzrə menecer vəzifəsinə dəvət olunmuşam. Hazırda Cybernet şirkətində Baş direktorun müşaviri vəzifəsində çalışıram.
-Karyera fəaliyyətinizin ilk illərində hansı çətinliklərlə rastlaşmısınız?
-Karyeramın ilk illərində əsas çətinliyim təcrübəsizliyim olub. Bu, yəqin ki, cinsindən asılı olmayaraq hamının yaşadığı çətinlikdir. Hər işi mükəmməl görməyə çalışırdım, işimdə hər sahə ilə maraqlanırdım, mənə elə gəlirdi ki, bir gündə hər şeyi öyrənməliyəm, yoxsa geridə qalacağam. Hər ötən ildə qazandığım təcrübə növbəti il üçün daha inamlı addımlamağa kömək edirdi.
-Xarici səfərlərdə tez tez olursunuzmu? Sizin iştirak etdiyiniz İT ilə bağlı toplantılarda kişilər yoxsa qadınlar çoxluq təşkil edir? Ailənizdən, övladlarınızdan uzaq qalanda özünüzü necə hiss edirsiniz?
-Səfərlərdə oluram və iştirak etdiyim hər görüşdən, hər tədbirdən, hər konfransdan özüm və çalışdığım şirkət üçün yeniliklər gətirməyə çalışıram. Kişilər çoxluq təşkil edir, amma bu, zamanla dəyişəcək. 5 il əvvəl konfranslardakı mənzərə ilə indiki mənzərə artıq fərqlənir, qadınların sayı bu sahədə günü-gündən artır.
Ailəmdən uzaqda, əlbəttə ki, darıxıram, amma burada da İnternetin imkanları müəyyən mənada ailəmi yanımda hiss etməyə kömək edir.
-Ümumiyyətlə, qadınların İKT-nin inkişafında rolunu necə qiymətləndirirsiniz?
-Qadınların istənilən sahənin inkişafında rolu əvəzolunmazdır. İndi İKT istənilən biznesin ayrılmaz tərkib hissəsidir. İnformasiya Texnologiyaları yalnız proqramçılar və sistem administratorları demək deyil, hərçənd ki, uğurlu xanım proqramçılarımız və sistem administratorlarımız da az deyil. Tarixə nəzər salsaq görərik ki, elə ilk kompüter proqramçısı da məhz xanım olub - Ada Lavleys. Xanım dizaynerlər, analizçilər, testçilər, marketinq mütəxəssisləri, layihə rəhbərləri bu sahədə daha uğurlu olurlar. Qadınlar təbiətcə daha yaradıcı, daha inadkar və daha tələbkar olurlar, bu keyfiyyətlər İKT-nin inkişafına təkan verir.
-Hansı sosial mediadan, Facebook, Twitter, İnstagram-dan aktiv istifadə edirsiniz?
-Linkedin, Facebook, İnstagram-dan istifadə edirəm. Linkedin professional şəbəkə kimi işimə yarayır. Facebook-dan da əsasən işgüzar məqsədlər üçün istifadə etməyə çalışıram, texnoloji yeniliklər haqqında qrupları, səhifələri izləyirəm, pozitiv ruhlu paylaşımlar etməyə yönümlüyəm, cəmiyyətimizdə bu baxımdan bir az qıtlıq var.
İnstagram isə çox dar auditoriya üçündür, ailəm və doğmalarım.
-Facebook səhifənizdə paylaşdığınız şəkillərə sizi narahat edən şərhlər olurmu?
-Adətən olmur, Facebook-da olan auditoriyamı bilirəm və bu auditoriya üçün hər hansı paylaşım edirəmsə, demək ki, yazılan şərhlər məni narahat etməməlidir. Bu gün Facebook çox güclü silahdır, çox istərdim ki, insanlar burada vaxtlarını israf etməklə deyil, bu silahdan faydalanmaqla məşğul olsunlar.
-Özünüzün özəl informasiya təhlükəsizliyinizi necə qoruyursunuz? Sizin məlumatlarınızın, şəxsi məlumatlarınızın, email və ya sosial media hesablarınızın ələ keçirilməsi halları olubmu?
-Çox aktual mövzuya toxundunuz. İnformasiya təhlükəsizliyi ilə bağlı çalışdığım şirkətin təcrübəsi mənə çox şey öyrədib, işləyib hazırladığımız proqram məhsullarının beynəlxalq təhlükəsizlik standartlarına cavab verməsi prioritet yanaşmamızdır. ISMS sertifikatı almağım məsuliyyət hissimi daha da artırıb. Əslində özəl məlumatlarımın təhlükəsizliyini necə təmin etdiyimi açıqlamağım özü informasiya təhlükəsizliyi prinsiplərinə ziddir (gülür), amma bəzi diqqət yetirilməli məqamları deyə bilərəm. Sadə bir misal, sosial şəbəkələrdə hər hansı proqrama qoşulmaq üçün şəxsi məlumatlarınıza daxil olmağa icazə istənilir, bu icazələrin hansı məlumatları almaq üçün istənildiyinə diqqət edirsinizmi deyə sorğu aparsaq cavabların böyük faizi “yox” olacaq.
E-mail və sosial media hesablarımın qorunması üçün mürəkkəb kombinasiyalı şifrələr istifadə edirəm, şifrələri vaxtaşırı yeniləyirəm və təhlükəsizlik standartlarına cavab verməyən proqram təminatı istifadə etmirəm. Xüsusi məxfi məlumatların ötürülməsi üçün kriptoqrafik vasitələrdən istifadə edirəm.
-Sizə kiminlə işləmək daha asandır, qadınlarla, yoxsa kişilərlə?
-Mənə peşəkarlarla işləmək rahatdır. Hazırda çalışdığım şirkətin heyətinin 95 faizi kişilər idi. Çalışıram ki, bu nisbət dəyişsin, şirkətimizə proqramçı, dizayner, analizçi, testçi xanımlar işə götürülür, bu, artıq bir göstəricidir. Qadın həmrəyliyi utopiyadır deyə düşünənlər var, Azərbaycanda İKT qadınlar klubu olan Femmes Digitalesin fəaliyyəti qadınların bu sahədə həmrəyliyinin sübutudur. Təcrübə göstərir ki, İKT sahəsində görülən işin 99 faizini kişilər görə bilər, amma qalan 1 faiz işi qadınlar etməlidir ki, iş tamamlansın (gülür). Eyni zamanda işin 99 faizini qadınlar görürsə tamamlanma üçün 1 faiz işi kişilər etməlidir. Hər iki tərəfin iştirakı mütləqdir.
-Qərar qəbul edərkən kiminləsə məsləhətləşirsinizmi?
-İstənilən mövzuda həyat yoldaşımla məsləhətləşirəm. Məni uğur qazanmağa həvəsləndirən və hər zaman dəstəkləyən insan həyat yoldaşımdır. Cəmiyyətdə belə bir stereotip var ki, işində uğur qazanmış xanımın şəxsi həyatı olmamalıdır. Xeyr, bu, belə deyil. Uğurlu karyera qurub eyni zamanda nümunəvi həyat yoldaşı, nümunəvi ana olan xanımlar çoxdur və onlardan nümunə götürmək lazımdır. İş həyatımda qərar verməzdən əvvəl həmkarlarımın fikirlərini öyrənirəm, bu, mənim üçün çox vacibdir.
-Qadının öz sahəsində uğur qazanması üçün ona nə lazımdır?
İstənilən uğurun kökündə inam dayanır. Çox istərdim ki, valideynlər qız uşaqlarını özünə inam, özünə güvən hissi ilə tərbiyə etsinlər, qızlarını “olmaz!” deyə-deyə böyütməsinlər. Çünki özünə güvənən xanım həm işində zirvələr fəth edə bilir, həm nümunəvi həyat yoldaşı ola bilir və ən əsası işi ilə şəxsi həyatı arasındakı balansı qoruya bilir. Uğur qazanmaq üçün vacib şərtlərdən biri isə səhər tezdən oyanmaqdır, atalarımız əbəs yerə deməyib ki, səhər tez oyananla tez evlənən uduzmaz (gülür). Tənbəl və passiv olmaq yolverilməzdir, daim öz üzərində işləmək və qarşıya qoyduğun məqsədə doğru irəliləmək, nəticəyə köklənmək lazımdır.
-Gün ərzində neçə saat İnternetdə olursunuz?
-İşimiz birbaşa İnternetlə bağlıdır. Qeyri iş saatlarında ehtiyac olduğu təqdirdə İnternetdən istifadə etməyə çalışıram. Bilirsiniz, günümüzün reallığı budur ki, xəbərləri İnternetdə oxuyuram, kitab oxumaq üçün elekton kitabxanalardan istifadə edirəm, hərdən kulinariya bacarığımı nümayiş etdirmək üçün yemək təriflərinə İnternetdə baxıram (gülür), yanımda olmayan doğmalarımla İnternet vasitəsilə əlaqə qururam, ödəniş əməliyyatlarını İnternet üzərindən edirəm, qadınların bir nömrəli xobbisi olan alış-verişi belə onlayn edirəm. Vaxt qızıldır, çalışıram İnternet vaxtıma qənaət etməkdə mənə kömək etsin, mane olmasın.
- İT ilə əlaqəli mükafatlarınız olubmu?
-Öz sahəmlə bağlı beynəlxalq dərəcəli sertifikatlar almışam və bu istiqamətdə fəaliyyətimi davam etdirirəm. Anam mənim haqqımda danışanda deyir ki, qızım hələ də oxuyur (gülür).
Bu gün ölkənin aparıcı İT şirkəti olan Cybernet şirkətində aparıcı vəzifədə çalışıram, bir parçası olduğum şirkət Azərbaycanın İnformasiya Texnologiyalarının inkişafına verdiyi töhfələrə görə onlarla mükafata layiq görülüb, çalışdığım şirkətin qadın simasıyam, Azərbaycanın ən güclü İT ekspertləri ilə çiyin-çiyinə işləyirəm, hətta yeri gələndə kişi həmkarlarım mənimlə rəqabət aparır (gülür), karyeramda ən əsas mükafatım bunlardır deyərdim.
-Uşaqlarınızın İT-dən istifadə vəziyyəti necədir?
İnformasiya texnologiyaları indi hər kəsin, o cümlədən uşaqların həyatının ayrılmaz tərkib hissəsidir. Bir çox hallarda İKT uşaqların həyatına artıq ilk aylardan daxil olmağa başlayır, uşaq böyüdükcə rəqəmsal mühitin təsiri daha da artır. Araşdırmalar göstərir ki, kompüter texnologiyasının tətbiqi ilə olan məşğələlər uşaqlarda emosional yüksəliş, uğur qazanma həvəsi yaradır, tapşırığı sonadək etmək vərdişi formalaşdırır. Hələ ki övladım yoxdur, amma yaxınlarımın övladlarının İT bacarıqlarına baxanda yaxşı mənada heyrətlənirəm. Nəzarət mexanizmi mütləq olmalıdır, əks halda uşaqların sosiallaşmasında ciddi problemlər yarana bilər. Uşağın fantaziyasının inkişaf etməsi üçün rəqəmsal mühitdən kənar məşğuliyyəti olmalıdır, o, dostları ilə oynamalı, müxtəlif oyunlar kəşf etməli, velosiped sürməli, idmanla məşğul olmalı, bir sözlə, ətraf mühitlə daim təmasda olmalıdır.
- İT sahəsindən əlavə hansısa şəxsi işiniz, biznesiniz varmı?
-Bir neçə il əvvəl kiçik biznesim var idi, e-commerce ilə məşğul idim, bu da təbii ki, xanımlara xidmətlə bağlı idi. İndi iş həyatım bilavasitə Cybernet şirkəti ilə bağlıdır və buna görə çox xoşbəxtəm. Əlavə olaraq Femmes Digitales Azərbaycanda İKT qadınlar klubunda fəaliyyət göstərirəm.
-Şəhla Məmmədovanın həyatda ən böyük uğuru nə olub?
-Ən böyük uğurum xoşbəxtliyimdir.
Mirvari Nəcəf
Fotolar: Nəcəf Nəcəfli
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri