Gələcəkdə övladlarımı İKT sahəsində görürəm

29-05-2015 / 09:44

Xəbərlər “İKT Qadınlar” rubrikası çərçivəsində “Microsoft Azərbaycan” şirkətinin marketinq meneceri, “Femmes Digitales - Azərbaycan qadınları İKT-də” klubunun həmtəsisçisi Səbinə Pərvizi ilə müsahibəni təqdim edir:

 -Səbinə xanım, adətən  İT sahəsinə kişilər maraq göstərir. Necə oldu ki, bu sahəyə marağınız yarandı?

-Güman edirəm ki, bu qismət imiş. Mən mühəndis və İT mütəxəssislərinin ailəsində böyümüşəm. Uşaqlıqdan texniki elmlərə marağım daha çox olub. Riyaziyyat və fizika ən sevimli fənlərim olmuşdur. Buna görə seçimim tam aydın görülürdü. Qardaşım, atam və anam, bir sözlə, bizim ailə İT ailəsidir (gülür).

-Bu sahədə ilk iş yeriniz və vəzifəniz nə olub?

-Mən elə əvvəldən karyeramı İKT sahəsində qurdum. Öz yolumu HP şirkətində başlamışam. Əvvəlcədən inzibati-maliyyə sahəsində, sonra marketinqdə və hətta satışda özümü sınadım. Lakin, qadın olaraq, özümü çox loyal hiss edirəm, cəmi iki şirkətdə çalışmışam, lakin dünyanın ən iri iki şirkətində - HP və Microsoft-da.

 -Karyera fəaliyyətinizin ilk illərində hansı çətinliklərlə rastlaşmısınız?

-İlk illərdə hamının qarşılaşdığı çətinliklər idi. Daim olaraq yeni məlumatlar öyrənirsən, lakin onların qavranması, təhlili və nəticələr çıxarmaq bacarığı təcrübə ilə gəlir. Səhv edirsən, səhvindən öyrənirsən. İT sahəsi dinamik inkişaf edən bir sahədir və əvvəla çox şey öyrənməli idim. Əgər sən İT sahəsindəsənsə, bu sahədə baş verən bütün yeniliklərdən xəbərdar olmalısan.

 -Xarici səfərlərdə tez tez olursunuzmu? Orada da İT ilə bağlı toplantılarda kişilər, yoxsa qadınlar çoxluq təşkil edir?

-Vaxtaşırı gedirəm. Daha çox marketinqə aid tədbirlərə gedirəm və orda təbii ki xanımların sayı az olmur. Bu ay Estoniyanın paytaxtı Tallinndə  baş tutan “İKT həftəsi 2015” konfransına qatılmışdım.  Kişilərin sayı daha çox idi. Xoş hal o idi ki, Azərbaycanın nümayəndə heyəti ən böyük idi, 30 nəfərə yaxın. Amma daha xoş hal o idi ki, ən çox xanımların sayı elə Azərbaycandan idi.

Çalışdığım Microsoft şirkəti tərəfindən tədbirlər təşkil olunur və müşahidə edirik ki, artıq belə tədbirlərdə qadınların sayı artmağa başlayıb.

 - Ailənizdən, övladlarınızdan uzaq qalanda özünüzü necə hiss edirsiniz?

- Üç  övladım var. Əlbəttdə ki, ezamiyyətə gedəndə onlar üçün çox darıxıram. Onlar da darıxırlar. Lakin qayıdanda bunun əvəzini çıxmağa çalışıram və onlarla daha çox vaxt keçirirəm. Ümumiyyətlə, zənnimcə, nə gədər zamanın birlikdə keçirilməsi deyil, əsas meyar onun keyfiyyətlə və maraqla keçirilməsidir.

 - Övladlarınıza informasiya texnologiyalarından istifadə zamanı qadağalar tətbiq edirsinizmi?

-İndiki müasir dünyada İKT- siz yaşamaq və oxumaq mümkün deyil. İKT gündəlik həyatımızda hər an var və onsuz biz öz həyatımızı təsəvvür etmirik.

Böyük qızım İKT-ni təhsilində aktiv istifadə edir. 4-cü sinifdə oxuyarkən, o, artıq “PowerPoint”-da təqdimatları hazırlayır, lazım olan məlumatı internetdə axtarır və s.

Qadağalara inanmıram, lakin hər bir fəaliyyət növü üçün vaxt ayırmağı məcbur edirəm – həm idmanla məşğul olur, həm dərsləri ilə, həm də kompüterdə asudə vaxtını keçirməklə, oyun oynamaqla.

 -Texnologiyanın  müsbət və mənfi tərəfləri ?

- Texnologiyasız yaşamaq mümkün deyil. Hamımız texnologiyadan istifadə edirik və öz üzərimizdə işləmək, inkişaf etmək, təhsilimizi artırmaq üçün texnologiyalar bizə yaxından köməklik göstərə bilər. Bu texnologiyanın müsbət tərəfləridir. Amma bəziləri İnternetdən faydasız məqsədlər üçün istifadə edirlər, onlar vaxtlarını boş yerə sərf edərək, qarşılarında olan böyük bir imkanlardan istifadə etmirlər. Bu da texnologiyaların mənfi bir göstəricisidir.

 -Ümumiyyətlə, qadınların İKT-nin inkişafında rolunu necə qiymətləndirirsiniz?

-Hesab edirəm ki, qadının İKT-də rolu çox əhəmiyyətlidir. Bəli, biz kişilərdən tam fərqliyik və tam fərqli düşünürük, amma elə bu fərq lazımdır! Çoxdan tədqiq edilib ki, kişilər və xanımlardan ibarət olan qruplar, bir-birini tamamlayaraq daha səmərəli olurlar. Fərqli düşüncəyə görə müstərək olaraq daha düzgün həllər tapırlar. İKT sahəsi də burda istisna olmamalıdır.

Qızların valideynlərinə demək istərdim ki, onların İT sahəsinə, texniki fənlərə olan marağına qarşı çıxmasınlar. Təəssüflər olsun ki, belə problemlərlə tez-tez rastlaşırıq.

 -İKT sektorunda qadın olmaq çətindirmi?

-Qadın olmaq prinsipcə çətindir. Mehriban ana, sevimli həyat yoldaşı, nümunəvi evdar qadını, uğurlu işgüzar xanımı və s.

İKT sektorundan danışanda, ən böyük çətinlik kişilər tərəfindən İKT-da xanımlara münasibətdir. Bu sahəni daha çox özünkü hesab edərək, əksəriyyəti karyeranı İKT-da quran xanımlara qısqanclılıqla və inamsızlıqla yanaşırlar. Ancaq, bu yavaş-yavaş dəyişir. Hazırda azərbaycanlı xanımları fermer təsərrüfatından tutmuş, tikinti şirkətlərinə kimi rəhbərlik edir, vaxt keçdikcə, işgüzar aləmdə “xanım” və ya “bəy” siması silinəcəkdir. Mən buna inanıram, çünki biznesdə ən vacib səmərəlilikdir, cins deyil.

 -Hansı sosial mediadan, Facebook, Twitter,  Instagram-dan aktiv istifadə edirsiniz?

- Mən Facebook, LinkedIn və Instraqram-dan istifadə edirəm. Daha çox Facebook-dan. O, mənə dostlarımla ünsiyyətdə olmağa imkan yaradır, öz fikirlərim, şəkillər və xəbərlərlə paylaşa bilirəm. Bundan başqa, mənə maraqlı olan səhifələri və insanları daimi izləyirəm. LinkedIn-dən isə ancaq peşəkar əlaqələr yaratmaq üçün istifadə edirəm. O ki qaldı Instaqram-a, orda dostlarımın sayı Facebook-dan qat qat azdır. Orda daha çox ailəvi şəkillərlə paylaşıram və çoxlu səhifələri və insanları izləyirəm. Amma Facebook-da izlədiyim səhifələr daha çox biznes və İT ilə əlaqədardir, Instagram-da isə daha çox idmanla. 

 -Facebook səhifənizdə paylaşdığınız şəkillərə sizi narahat edən şərhlər olurmu?

-Belə şərhlərə hələki rast gəlməmişəm. Profilim tanımadığım insanların üzünə bağlıdır. Dostlarım da, yəqin ki, pis şərh yazmazlar(gülür)

 -Özünüzün özəl informasiya təhlükəsizliyinizi necə qoruyursunuz?  Şəxsi məlumatlarınızın, email və ya sosial media hesablarınızın ələ keçirilməsi halları olubmu ?

- Birincisi odur ki, mən ancaq lisenziyalı proqram təminatından istifadə edirəm və bu mənə tam əminlik verir ki, mənim məlumatlarım tam təhlükəsiz olacaq. Təəssüflər olsun ki, çoxu pirat proqram təminatının təhlükəsini başa düşmür və öz məlumatlarını riskə atır. Buna görə biz Microsoft şirkəti olaraq ölkədə antipiratçılıq layihəsinə başlamışıq və bu layihə çərçivəsində insanlara mövcud olan risklərdən xəbərdar edirik. Bu layihə sosial şəbəkələrin vasitəsi ilə həyata keçirilir.

 -Sizə kiminlə işləmək daha asandır, qadınlarla, yoxsa kişilərlə?

-Çox yaxşı sualdır(gülür). Həyətimizdə qızlar olmadığı üçün həmişə oğlanlarla futbol oynayırdım(gülür). Tələbə yoldaşlarım ancaq oğlanlardan ibarət idi. Nəinki bizim qrupda, ümumiyyətlə, Universitetdə oğlanların sayı çox idi. 13-14 ildir ki, İT sahəsində işləyirəm və burada da ancaq kişilərdir(gülür). Ona görə də, deyərdim ki, kişilərlə işləmək bir növ alışmışam. Amma bu o demək deyil ki, mən xanımlarla işləyə bilmirəm. Əksinə. Sadəcə, həmişə daha çox kişilərlə işləmişəm.

 -Qərar qəbul edərkən kiminlə isə məsləhətləşirsinizmi?

-Həyat yoldaşımla. İşimlə və biznesimlə bağlı bütün məsələlər ilə onunla məsləhətləşirəm. Qeyd etmək istərdim ki, həyat yoldaşım həmçinin mənim dostumdur. Bu çox nadir bir haldır (gülür). Bundan savayı, o məni həmişə irəli getməyə, öz üzərimdə çalışmağa və daha çox şeyə nail olmağa ruhlandırır.

 -Qadının öz sahəsində uğur qazanması üçün ona nə lazımdır?

- Birincisi, heç nədən qorxmamaq və irəli getmək. İkincisi, özünə və öz gücünə əmin olmaq. Daimi üzərində işləmək və oxumaq. Və ən asası, məşğul olduğu işi sevmək.

 -Gün ərzində neçə saat İnternetdə olursunuz?

-İş vaxtlarını hesablamasaq, ən azı iki saat İnternetdə oluram.

 -İşdən sonra evdə mobil telefondan, planşetdən və ya kompüterdən istifadə edirsinizmi?

-Daha çox mobil telefondan istifadə edirəm, nadir hallarda kompüterdən. Ümumiyyətlə, çalışıram evə işimi gətirməyim və evdə işləməyim. Axşamlar daha çox uşaqlarla vaxtımı keçirməyə üstünlük verirəm.

 -Gələcəkdə övladlarınızın hansını İT sahəsində görürsünüz?

-Hamısını (gülür). Məncə, indiki zamanda İKT ən vacib və ən maraqlı bir sahədir.

Məhz İKT sahəsi hesabına, kompüter texnikası demək olar ki, hər bir insan üçün  əl çatan olub. Əgər 30-40 il öncə kompüterlərin qiyməti milyonlarla ölçülürdüsə və yalnız proqramçılar tərəfindən istifadə edilə bilərdisə, Microsoft, HP və digər İKT nəhənglərinin hesabına, indi 2 yaşlı uşaq belə kompüterdən istifadə edə bilir və 300 dollarlıq kompüter 1975-ci ildə milyonlarla dollar qiymət olan  kompüterdən min dəfələrlə güclüdür.

Dünyanın yaxşılığa doğru dəyişməsini, işinin faydasını ətrafında müşahidə etmək  ən gözəl hissdir.

 -İT sahəsindən əlavə hansısa şəxsi işiniz, biznesiniz varmı ?

-Bəli. Mənim balaca şəxsi biznesim var. 7 il bundan öncə xanımlar üçün birinci çay klubu açmışam və hazırda kifayət qədər tanınmış “xanımlar klubudur”. Mən həmişə istəyirdim ki, öz şəxsi biznesim olsun. Yeni bir ideya olsun və bazara yenilik gətirim. Məhz buna görə, “Mandarin” adlı xanımlar üçün çay klubu açmağa qərar verdim və bu Azərbaycanda xanımlar üçün ilk çay klubu idi. Məqsədim o idi ki, elə bir məkan yaradım ki, xanımlar gəlib dincələ bilsinlər, öz rəfiqələri ilə görüşsünlər və asudə vaxtları orada keçirsinlər.

Eyni zamanda, Femmes Digitales- Azərbaycan qadınları İKT-da klubunun həmtəsisçilərindən biriyəm və klubun məqsədi Azərbaycanda texnologiya sahəsində fəaliyyət göstərən qadınlara dəstək olmaq, onların inkişafına təkan verməkdir. Məktəblərdə və universitetlərdə tələbə qızlarla görüşlər keçiririk və onlara İT sahəsində uğur qazanmağın real olduğunu göstərməyə çalışırıq.

“Azərbaycanın 100 işgüzar xanımı” klubunun da təsisçilərindən biriyəm və bu klub öz şəxsi biznesi olan işgüzar azərbaycanlı xanımlarını öz sıralarında birləşdirir. 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə