“SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib

29-04-2024 / 10:25

 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imzanın hüquqi şəxslər üçün nəzərdə tutulan həlli istifadəyə verilib.

 Artıq ölkəmizdə fəaliyyət göstərən hüquqi şəxslərin qanuni təmsilçiləri “SİMA İmza” mobil tətbiqində hüquqi şəxs imza sertifikatı yaradaraq elektron formada sənəd imzalaya bilərlər. “SİMA İmza” tətbiqində hüquqi şəxs sertifikatının alınması üçün ilk olaraq vətəndaş qismində qeydiyyatdan keçmək, daha sonra tətbiqdə “Sertifikat əlavə et” düyməsini sıxıb hüquqi şəxsin VÖEN məlumatlarını daxil etmək lazımdır. Növbəti mərhələdə istifadəçi ödəniş edərək abunəlik ala və sertifikatı aktivləşdirə bilər.

 Sertifikat vasitəsilə şirkətin (hüquqi şəxsin) istənilən əməkdaşına imza səlahiyyətinin verilməsi də mümkündür. Belə ki, sertifikatı aktivləşdirdikdən sonra “SİMA Kabinetim” portalına daxil olub QR kodu skan etdikdən sonra bütün işçilərin siyahısı görünəcək. Bundan sonra qanuni təmsilçi istədiyi işçini (işçiləri) seçərək ona hüquqi şəxsin imza hüququnu verə bilər.

 Hüquqi şəxs imza sertifikatından istifadə etmək üçün aylıq, birillik və üçillik olmaqla, uyğun abunə tarifləri seçilə bilər. Abunə planının tarifi biraylıq 2,4 AZN, birillik 25 AZN və üçillik 55 AZN müəyyənləşdirilib. SİMA yeni nəsil rəqəmsal imzanın hüquqi şəxs həllinin ilk istifadəçiləri güzəşt kampaniyası çərçivəsində bir ay ərzində “3AYPULSUZ” promokodu ilə qeydiyyatdan keçərək 3 aylıq abunə tarifini pulsuz əldə edəcəklər.

 “SİMA İmza” hüquqi şəxslərə limitsiz sənəd imzalama, avtorizasiya və imzalanmış sənədlərin həqiqiliyinin yoxlanılması imkanı verir. Bununla da hüquqi şəxslər artıq heç bir fiziki sənəd toplamadan, xidmət mərkəzinə getmədən sənədləri rahat və sürətli şəkildə imzalaya bilərlər. İnternetə çıxış imkanı olan istənilən hüquqi şəxs təmsilçisi olduğu yerdən elektron xidmətlərdən yararlana bilər.

 SİMA yeni nəsil rəqəmsal imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə