“Aha, sən məni “Unfollow” etmisən, yaxşı görərsən sənə nə edəcəm”- İlkin Həsəni

02-02-2015 / 12:03

“Mobil operatorların özləri belə Rouminqdə olarkən İnterneti açmağı məsləhət görmür”.

“İnformasiya texnologiyaları tanınmışların həyatında” adlı layihəmizin növbəti qonağı tanınmış teleaparıcı, şou-men İlkin Həsənidir.

-İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi  xatırlayırsınızmı?

-Səhv etmirəmsə, 1997-ci il idi. Təhsil aldığım yerdə informatika dərslərini kompüter olan otaqlarda keçirdik və ilk dəfə o dərslərdə bildim ki, İnternet nədir və hansı məqsədlə istifadə olunur. İlk dəfə açdığım sayt isə “Maykl Cekson”un saytı olmuşdu. İnternetin sürəti çox zəif olduğundan sayt düz-əməlli açılmadı və təkcə saytdakı şəkillərə baxa bildim. Daha sonra isə İnternet klublara getməyə başladım. O zaman ən çox baxılan saytlar Rusiyanın saytları idi və həmin saytlardan tanışlıq, başqa cür desəm çat məqsədilə istifadə olunurdu. Sonralar isə “mİRC” deyilən bir çat ortaya çıxdı və  hansı ki, onu sosial şəbəkə də adlandırmaq da olardı. Bütün dünyada populyar olan “mİRC”-in  Azərbaycan dilində səhifələri var idi. Həmin çatlara girib ünsiyyət qururdum və bazar günləri tanımadığım insanlarla bir araya yığışırdım.

-Hansı elektron poçt sistemindən  istifadə edirsiniz? Mailinizə gündə neçə dəfə yoxlayırsınız?

-Gmail-dən istifadə edirəm. Həmin ünvana göndərilən məktublar bildiriş kimi birbaşa telefonuma gəlir və gün ərzində gələn məktubları oxumaq imkanım olur. Başqa mail ünvanlarım da var, amma mənim üçün ən rahatı gmail sistemidir.

-Spamlar alırsınızmı? Onlar sizin işinizə mane yaradırmı?

-Spamlar alıram və çox təəssüf ki, bu spamlar yerli və böyük şirkətlərdən gəlir. O cür spamları o şirkətlərə heç cür yaraşdırmıram. Amma göndərirlər və təbii ki, birbaşa spam qutusuna gəlib düşür (gülür)

-İşdən evə gedəndə, evdə də mobil telefondan , planşetdən və ya  kompüterdən istifadə edirsinizmi?

-Bəli. Evdə planşetim,  kompüterim və  noutbukum var. Gündəlik istifadə üçün lazımlı texnoloji avadanlıqlardır və mütəmadi istifadə edirəm.

-İnformasiya təhlükəsizliyinizi necə qoruyursunuz? Şəxsi hesabınızı başqasına etibar edirsinizmi? Həmin adamın təhlükəli biri olmadığını necə müəyyən edirsiniz?

-1-2 il əvvəl informasiya təhlükəsizliyimlə bağlı bir problemlə üzləşdim. Facebook-da və Gmail sistemində şəxsi hesablarım xaker tərəfindən sındırıldı. Xaker də deməzdim, sadəcə sındırmışdılar. O hadisədən sonra şəxsi hesablarımı heç kimə etibar etmirəm. Parolumu bilənlər var, o insanlar da etibar etdiyim insanlardır. Sabah təhlükəsizliyimlə bağlı bir problemlə rastlaşsam, həmin adamlardan tələb edəcəm ki, niyə belə oldu? (gülür)

-Hansı sosial mediadan,  Facebook, Twitter, İnstagram və s. aktiv istifadə edirsiniz?

-Bugün Azərbaycanda aktiv sosial şəbəkə Facebook-dur. 2007-ci ilin sentyabrından Facebook-dan istifadə etməyə başladım. İlk dəfə Facebook-da girəndə dostlarım tərəfindən mail ünvanıma bildiriş gəlmişdi ki, sizi Facebook-a dəvət edirik. Özlüyümdə dedim ki, Facebook görəsən nədir? Sadəcə olaraq Facebook-a girib qeydiyyatdan keçdim və gördüm ki, maraqsız bir ünsiyyət forması, maraqsız bir sosial şəbəkədir. Dostluğumda cəmi bir nəfər var idi, o da Londonda təhsil alan bir dostum idi. Sonradan gördüm ki, Facebook günü-gündən populyarlaşır və bugün artıq dünyanın 1 nömrəli sosial şəbəkəsidir. 2010-cu ildən etibarən Twitter-dən, 2011-ci ildən isə İnstagram-dan  istifadə edirəm. Twitter İnstagrama baxanda hansısa məhsulu, verilişi və s.  reklam etmək, təbliğ etmək baxımından uyğun sosial şəbəkə deyil. Twitter informasiya vermək, dünyada baş verən prosesləri izləmək üçün daha uyğun sosial şəbəkədir. Facebook, İnstagram isə ikitərəflidir: həm reklam tərəfi var, həm də ünsiyyət.

-Facebook-da yazdığınız ilk statusunuz nə olmuşdu ?

 -At home, yəni evdəyəm (gülür)

-Facebookun imkanlarından yetərincə bəhrələnirsinizmi? Qruplarda varsınızmı?

-Heç bir qrupda yoxam. Son günlərdə Facebook-a girməyə vaxt tapmıram, amma Facebook-un aktiv istifadəçilərindən biri də mənəm. Facebook-dakı dostlarımın sayı limiti aşıb. Arada bir o limiti boşaldıram(gülür). 5 min dostum və 46 minə yaxın abunəçilərim, yəni məni izləyənlər var.

-Tez-tez şəkil paylaşırsınızmı? Xoşlamadığınız informasiya( şəkil, mətn) lövhənizdə qarşınıza çıxarkən reaksiyanız?

-Tez-tez şəkil paylaşmaq insanlarda qıcıq yarada bilər. Bəzən məşhurlar eyni bir məkanda, geyimdə və  eyni mövzuya aid olan çoxlu şəkillər paylaşır və buna qıcıq oluram. Belə olanda  həmin adamların profilinə girib “Unfollow” edirəm. Yəni, bu insanlar məndə qıcıq yaradır. Sosial şəbəkələrin müəyyən qanunları var və o qanunlara riayət etməlisən. Həmin qanunları bildiyim üçün qanunlara riayət edirəm və heç kimi bezdirmirəm. Amma əvvəllər məni bezdirənlər çox olurdu. Çalışırdım o dostları başa salım ki,  məni hansısa şəkildə işarələməyin. Yeni ildə hansısa bir şaxta baba şəklinə, Novruz  bayramında şam ağacı şəklinə və Qurban bayramında qoyun şəklində işarələnmək mənə onsuz da maraqlı deyil. Əgər bayramımı təbrik etmək istəyirsənsə, mesaj yaz ki, bayramını təbrik edirəm. Yəni, bu işarələmələrə çox pis baxıram. Əvvəl həmin işarələmələri silirdimsə, indi artıq işarələyən adamı birbaşa dostluqdan silirəm. Hətta, həmin adamı qara siyahıya atıram.

-Facebook-da yazılan statusların jurnalistlərin xəbərə çevirməsinə münasibətiniz necədir?

-Rusiyada Facebook kütləvi informasiya vasitəsi kateqoriyasına gəlib çatıb. Yəni, hər bir Facebook istifadəçisi kütləvi informasiya vasitəsidir. Həmin o istifadəçi vasitəsilə sən ölkəni qarışdıra bilərsən, xəbər də yaza bilərsən. Əvvəllər sosial media adi mediadan xəbərlər götürüb paylaşırdısa, bugün tam əksinə olub. Media artıq sosial mediadan xəbərlər alır. Verilişlər tanıyıram ki, sırf sosial şəbəkələrdə olan xəbərlər, orada paylaşılan statuslar, Youtube-da olan videolar üzərində qurulub. Əgər veriliş aparıcısı, Youtube-da bir video tapa bilmədisə, deməli onun verilişinin materialı yoxdur. Xəbərlərə baxıram və görürəm ki, Amerikanın filan ştatında hadisə baş verib. Axı mən bunu dünən Youtube-da izləmişəm və buna mənim kimi neçə milyon adam baxıb. Onu təzədən götürüb xəbər etməyin nə mənası var?

-Əgər uşaq artıq küçəyə çıxıb oynamaq istəmirsə, yoldaşları ilə münasibət qurmağa meylli deyilsə, yalnız kompüterə -oyunlara meyl edirsə bu təhlükəlidirmi?

-Əslində yaşlı nəsil bunu bir təhlükə kimi görür. Mənə elə gəlir ki, bu təhlükə deyil. Düzdür, real ünsiyyət deyilən bir şey var və ünsiyyətdən kənarlaşmaq insanda özünə qapanma hissi yarada bilər. Üstəlik, kompüterə meyllilik gələcəkdə uşaqda müəyyən komplekslər yarada bilər. Utancaq ola bilər, məcazi mənada desəm, gözü açıq olmaya bilər. Bu baxımdan texnologiyanın ziyanlı tərəfi də var. Amma uşaq gedib palçıqla oynayır, yıxılıb qolunu sındırınca, kompüter qarşısında oturub onun üçün maraqlı bir informasiya əldə edə bilər, uşaq saytlarına girib rəsm çəkməyi öyrənə bilər və s. Kompüterdən necə istifadə etməkdən çox şey asılıdır.

-Mobil İnternetdən istifadə edirsinizmi? Necə  və haralarda  istifadə edirsiniz? Keyfiyyət və qiymət sizi qane edirmi?

-Bəli, mobil İnternetdən istifadə edirəm. Mobil İnternetin keyfiyyətinə gəlincə, 3G xidmətindən çox razıyam. İnanıram ki, gün gələcək , 4 G xidməti olanda deyəcəyik ki, biz bu İnternetdən necə istifadə etmişik? Hər şeyin vaxtı var. Necə ki, illər əvvəl İnternetə “Dial up” ilə qoşulurduq və 56 Kb/s surət ilə kifayətlənirdik. Yadıma gəlir filmlərə zülmlə baxırdıq. İnternetin qiymətinə gəlincə, bir aylıq 5GB İnternet paket mənə bəs edir.

-Xaricdə səfərdə olarkən Rouminq xidmətindən istifadə edirsiniz, yoxsa olduğunuz ölkənin mobil operatorunun xidmətindən istifadə edirsiniz?

- Rouminq xidmətindən istifadə etmirəm. Çünki, Rouminqdə dədələrinin qiymətini də üstünə qoyurlar(gülür). Rouminq xidmətində olarkən təkcə bir saytı açıb baxmaq 10 - 15 manata başa gəlir. Rouminq xidməti bugünkü gün çox bahadır. Bunu milyonları olan adamlar da deyir, kasıblar da. Danışıq tariflərində bir qədər endirimlər olsa da, amma Rominq xidmətində İnternet çox bahadır. Hətta mobil operatorların özləri belə deyir ki, biz sizə Rouminq xidmətində olarkən İnterneti açmağı məsləhət görmürük. Xaricdə səfərdə olarkən ancaq oteldən-otelə, restorandan-restorana Wi-Fi-dan istifadə edirəm.

-Ani məktublaşma vasitələrindən, məsələn  Skype, Telegram, WhatsApp-dan istifadə edirsinizmi?

-WhatsApp-dan aktiv istifadə edirəm. Yəqin ki, bir azdan WhatsApp-da görüntülü və səsli bir funksiya da olacaq. Birbaşa görüntü ilə online zəng etmək mümkün olacaq. Onda heç adi zənglər də yada düşməyəcək. Skype-dan isə xaricdə olarkən iş görüşləriylə bağlı istifadə edirəm.

-Bir telefon zənginin və ya mesajın gəlişini bildirən xəbərdarlığa cavab vermək üçün  öz naharınızı dayandıra və ya görüşünüzü yarımçıq saxlaya bilərdinizmi?

-Naharda və ya görüşdə olanda telefonu açmıram.

-Yazışmalarda, paylaşımlarda etika qaydalarını gözləyirsinizmi? Gözləməyənlərə reaksiyanız necə olur?

- Sosial şəbəkələrdə bütün qaydalara riayət edirəm və bununla bağlı Facebook dostlarıma çağırış edirəm. Hətta deyərdim ki, etik qaydaların qorunması ilə bağlı təbliğat da aparıram(gülür). Əvvəllər etik qaydaları gözləməyənin cavabını verirdim, indi isə sadəcə “qara siyahı”ya atıram.

-Gənc oğlan və qız qarşı-qarşıya əyləşiblər və öz mobil telefonunda nəyləsə məşğuldurlar. Buna münasibətiniz necə olardı?

- Çox vaxt dostlarla bir yerə yığışırıq və görürəm ki, hamı öz telefonunda İnternetdə nə iləsə məşğuldur. Deyirəm ki, uşaqlar hərə elə öz evində oturardı, bir çay şəkli paylaşardıq və biz də guya oturub çay içirik.Telefonla söhbətlərimizi edə biliriksə, bura niyə yığışmışıq? Bəzən telefonlar bizə çəkiliş zamanı da mane olur. Buna görə, son vaxtlar belə bir qayda qəbul etmişik, çəkiliş zamanı telefonları yığır və sonra özlərinə qaytarırıq.

-İş fəaliyyətinizdə informasiya texnologiyalarından necə istifadə edirsiniz? Texnologiyalar sizin işinizi, fəaliyyətinizi asanlaşdıra bilirmi?

-İş fəaliyyətimdə telefon əlimdə olur, WhatsApp vasitəsilə yazışır və müəyyən işlərimi burada görürəm. Gmail və WhatsApp mənə çox köməklik edir. Onlar olmasa, işim 10 qat çətinləşər.

-Soruşmaq istədiyiniz hansısa sualı yaxınlığınızda olan birisinə və ya iş yoldaşınıza şəxsən verərdiniz ya email-mesajla yazardınız?

-Vacib sualdırsa və cavabı indi almalıyamsa, həmin adama dərhal zəng edirəm. Elə də vacib sual deyilsə, sadəcə mesaj yazıram.  Sualın cavabı vacib deyilsə, WhatsApp-da yazıram (gülür).

-Özünüzü və cəmiyyəti texnologiyalardan asılı hesab edirsinizmi?

-Cəmiyyətdə texnologiyalardan asılılıq var. Amma mənim belə bir asılılığım yoxdur. Bir yerə istirahətə gedirəmsə, İnterneti söndürüb rahat şəkildə istirahətimi edirəm. Heç İnternet yadıma da düşmür. Mənə lazım olan adam zəng edib soruşa bilər ki, İlkin filan məsələ nə yerdə qaldı?

Əgər WhatsApp-da, Facebook-da mənə yazıbsa, deməli bu o qədər də vacib məsələ deyil. Deməli bu mesajı axşam da oxuya bilərəm, bir həftə sonra da. Amma ətrafımda olan dost-tanışlarımda bu asılılığın şahidi oluram. Facebook, İnstagram onların gündəlik həyat tərzinə çevrilib. Hətta keçən dəfə bir hadisənin də şahidi oldum. Deməli, kimsə birini İnstagram-da “Unfollow” edib və saytlardan biri bunu xəbərə çevirib:  Filankəs filankəsi artıq izləməkdən imtina etdi  və həmin adam da bundan incidi. Həqiqətən bugün kimisə “Unfollow” etmək  bədbəxtlik kateqoriyasına gətirib çıxarır. Əgər mən səni izləmirəmsə, deməli sənin mənə Facebook-da paylaşdıqların, İnstagram yaradıcılığın maraqlı deyil. İnsan kimi maraqlı ola bilərsən, amma sosial şəbəkələrdə sən maraqlı deyilsən. Ona görə də, səni izləməkdən çəkinirəm. Amma bəzi insanlar var ki, bunu böyük bir problemə çevirirlər. “Aha, sən məni “Unfollow” etmisən, yaxşı görərsən sənə nə edəcəm”...Səhəri gün görüşəndə isə deyir ki, yekə kişisən utanmırsan, məni niyə “Unfollow” eləmisən? Yəni sosial şəbəkələrdən asılılıq  artıq bu həddə kimi gəlib çatıb. 

-Texnologiyalardan asılılığı 10 ballıq şkala ilə qiymətləndirsək, özünüzü harada görürsünüz?

-6 bal.

-Sizcə 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?

-Texnologiyalardan asılılıq bu cür davam etsə, təbii ki, texnologiya bizi idarə edəcək. Hətta böyük zavodlarda belə artıq insan əməyinə ehtiyac duyulmur. Müəssisə sahibi fikirləşir ki, işçiyə aylıq məvacib kimi 1000-1500 dollar verməkdənsə, elə robot işlədərəm, aylıq işıq pulunu verərəm də. Və bu robotlar mənə 50-100 dollara başa gələr. Artıq bir çox müəssisələr bu cür sistemə keçib və onun qarşısını almaq üçün müəyyən tədbirlər görmək lazımdır.

 

Mirvari Nəcəf

Fotolar: Əfsanə Şərif


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə