“Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi
6 aprel tarixində Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən “Elektron Təhsil” Ümumrespublika müsabiqəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirildi. Təhsil Nazirliyi nəzdində Təhsil sisteminin informasiyalaşdırılması idarəsində keçirilən mətbuat konfransında jurnalistlərə müsabiqə haqqında geniş məlumat verilmişdir.
Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov qeyd etmişdir ki, 2010-cu il Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunmuşdur və müsabiqə nəzərdə tutulmuş fəaliyyətlərdən biridir. Onun sözlərinə görə, müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.
Təşkilat komitəsinin üzvü, Azərbaycanın İnternet forumunun rəhbəri Osman Gündüz, müsabiqənin rəsmi veb-saytının təqdimatını keçirmişdir. Müsabiqənin rəsmi internet-səhifəsi www.musabiqe.edu.az ünvanında yerləşdirilmişdir və tam olaraq bütün məlumatları özündə cəmləmişdir.
O. Gündüz veb-saytda müsabiqədə iştirak üçün qeydiyyatın tamamilə sadələşdirilmiş olduğunu qeyd etdi. Müsabiqə “Təhsildə İnternet texnologiyaları\\\" və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunmuşdur.
Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan metodiki tədris materialları təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər “fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “ibtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyaları üzrə müəyyən olunacaqlar.
“Təhsildə İnternet texnologiyalar” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu İnternet resursları, bloqlar və digər İnternet layihələri təqdim edilə bilər. Qaliblər “təhsildə İnternet resursları” və “müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunacaqdır.
İki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq.
Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq. Qeydiyyat prosesi 21 may tarixdə başa çatacaq.
Qaliblərin mükafatlandırılması mərasiminin may ayının sonunda keçirilməsi nəzərdə tutulub. Müsabiqə haqında daha geniş məlumat www.musabiqe.edu.az saytında yerləşdirilib