Day.az saytının rəhbərliyindən gedəndən sonra səs-sorağı gəlməyən Elnur Baimov yeni bir layihə ilə internet istifadəçilərinin qarşısına çıxıb. Disput.az fərqli fəaliyyət istiqaməti, yeni mövzuları ilə diqqət çəkir. Saytın rəhbəri E.Baimov "Yeni Müsavat"a açıqlamasında bu barədə geniş məlumat verib.
- Elnur bəy, disput.az saytının ideya müəllifi kimdir? Niyə məhz disput.az?
- Day.az saytındakı fəaliyyətimi dayandırandan sonra disput.az adlı yeni layihə yaratdım. Onu Azərbaycana yeni media layihəsi kimi təqdim edirəm. Yeni media layihəsi deyəndə nəyi nəzərdə tuturam? Ənənəvi xəbər saytlarından fərqli olaraq, disput.az bütün xəbərləri işıqlandırmır, yalnız ən önəmli olanları seçir, həmin mövzunu müzakirə edirik. Bu, xəbər saytı deyil. Xəbər saytı, sosial şəbəkə və müzakirə meydançasının simbiozudur. Adına gəlincə, disput sözünün mənası müzakirə deməkdir. Yəni xəbəri götürüb, onu xalqın müzakirəsinə çıxarırıq.
- Xəbərləri hardan götürürsünüz? Bir qayda olaraq, eksklüziv olur, yoxsa istinadlara da yer verirsiniz?
- Yeni media olaraq, “Mən reportyoram” xidmətini açmışıq. Bu nə deməkdir? 68 min qeydiyyatdan keçmiş istifadəçimiz, ondan da qat-qat artıq sayda oxucumuz var. “Mən reportyoram” xidməti sayəsində Azərbaycanın hər rayonunda nə baş verirsə, bizim reportyor o olay barədə məlumatı yazıb bizə göndərir. Nəticədə Azərbaycan vətəndaşı reportyor olur. Bunun üstünlüyü də odur ki, bizim 10-15 müxbirimiz olmur. Əksinə, bütün vətəndaşlar bizimlə çalışır, ənənəvi mediaya yardım edir. Vətəndaşlar hansısa problemi qaldırmaqdansa, ənənəvi media bu xəbəri götürüb inkişaf etdirə, yaya bilər. Disput.az siyasi layihə deyil. Nə iqtidardayam, nə müxalifətdə. Bu xətt özünü həmin saytda göstərir.
- Bir sözlə, yeni layihə day.az-dan tamamilə fərqlənir. Bu, yaxşıdır, yoxsa pis?
- Mən buna inkişaf kimi baxıram. Çünki jurnalistikada yeni istiqamətdir. Artıq öz jurnalist ştatımla yox, əyalətlərdən gələn xəbərlərlə işləyirəm. Tutaq ki, siz indi xəbər saytında xəbəri oxuyub gedirsiz. Amma burda xəbəri oxuyub öz fikrinizi deyə, başqalarının dedikləri ilə tanış ola bilərsiniz.
- Yenə Anar Məmmədxanovla birgə çalışırsınız?
- Yox. Bu layihənin Anar Məmmədxanova heç bir aidiyyəti yoxdur.
- Disput.az-ın day.az-dan fərqli olaraq daha yumşaq mövqe seçəcəyi ilə bağlı fikirlər səslənir...
- Saytın baş səhifəsinə baxsanız özünüz görəcəksiniz ki, yumşaqlıq var, ya yox. Mən heç vaxt radikal olmamışam, siyasətçi deyiləm. Sadəcə, sosial sahədə etirazımı bildirirəm. Tutaq ki, indi Bakının yarısında su problemi mövcuddur. Bu sahədə deməyə, müzakirə etməyə mövzu var. Sadəcə, üstünlüyümüz odur ki, eyni vaxtda iqtidarı da, müxalifəti də tənqid edirdik.
- Day.az-ın indiki səviyyəsi, durumunu necə qiymətləndirirsiniz?
- Mən peşəkaram və bu sahədə heç bir şərh verə bilmərəm. Elnur Baimovun şərhi, qiymətləndirməsi ilə heç nə həll olunmur. Oxucu özü seçir ki, xəbəri harda oxusun.
- Maraqlıdır, day.az-dan getməyinizin arxasındakı sirr hələ də açılmayıb. Aradan uzun müddət keçdiyini nəzərə alsaq, bəlkə bu məsələyə tam aydınlıq gətirəsiniz?
- Bu barədə Anar Məmmədxanov dəfələrlə müsahibə verib. Mənim nəsə deməyimə ehtiyac da yoxdur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri