“Maaşım rouminq xidmətinin xərclərini ödəyə bilməz” –Deputat ( Yeni rubrika)

15-01-2015 / 17:11

“Bir telefon zəngi və ya mesaja cavab vermək üçün  nahar və görüşümü yarımçıq saxlaya bilərəm”

Xeberler.az saytı “İnformasiya texnologiyaları tanınmışların həyatında” adlı layihəyə start verir. Adından da göründüyü kimi, layihənin məqsədi tanınmış insanların həyatında texnologiyaların rolunu geniş ictimaiyyətə çatdırmaqdır.

İlk qonağımız YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadədir.

-İnternetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?

-İnternetin mövcudluğundan 1990-cı illərin ortalarında xəbər tutmuşam. Prezident Administrasiyasında işləyirdim və orada kütləvi şəkildə olmasa da, İnternetdən istifadə olunurdu. 2000-ci ilin əvvəllərində Milli Məclisə deputat seçildikdən sonra artıq hər bir deputata yenilik kimi bir kompüter ayırdılar və çox təcrübəsiz istifadəçi kimi İnternetdən istifadə etməyə başladım. Hiss etdim ki, əslində İnternetin meydana gəlməsi ilə bəşəriyyətin inkişafında tamamilə yeni bir era başlayır.Və İnternet cəmiyyətə uyğunlaşmalı deyil, cəmiyyət internetə uyğunlaşmalı idi. Bunu normal qəbul etdim və o dövrdən etibarən İnternetdən istifadə etməyə başladım. Artıq 14 ildir ki, internet istifadəmisiyəm. Evə İnternet çəkdirəndən sonra İnternetdən aktiv surətdə istifadə edənlərdən biri oldum.

-Hansı elektron poçt sistemindən istifadə edirsiniz? Mailinizi gündə neçə dəfə yoxlayırsınız?

-Bir neçə poçt ünvanım var, onlardan birindən daha aktiv istifadə edirəm. Gün ərzində mailimə bir dəfə baxıram. Sizə deyim ki, sosial şəbəkələrdəki mesaj qutuları bəzən mailləri əvəz edir. Facebook-dakı mesaj qutusuna  bütün gün ərzində baxıram və insanlar poçt ünvanıma yazmaqdansa, ora yazmağa üstünlük verirlər. Hətta zəruri materialları da həmin qutuya göndərirlər. Eyni zamanda, mobil telefonuma da məktublar gəlir. Bir neçə alternativ üsuldan istifadə edərək gündəlik məlumatları əldə edirəm.

-Spamlar alırsınızmı? Onlar sizin işinizə mane olurmu?

-Müəyyən qədər spamlar da olur, səbirlə yanaşıram. Ya silirəm, ya da həmin spamları göndərən dostlardırsa, həmin insanlara məlumat verirəm ki, sizdən spamlar gəlir, buna nəzarət edin. Mümkün olmadıqda isə, həmin dostları əngəlləyirəm ki, spamlar işimə mane olmasın.

-İstifadə etdiyiniz sosial media vasitələrini eyni bir elektron poçt ilə idarə edirsiniz yoxsa necə?

-Bir neçə elektron poçt ünvanım olsa da, demək olar ki, eyni bir maildən istifadə edirəm.

- İşdən evə gedəndə, evdə də mobil telefondan, planşetdən və ya  kompüterdən istifadə edirsinizmi?

-Evdə həm kompüterim, həm də noutbukum var və onlardan istifadə edirəm. Çalışıram ki, İnternetdən asılılıq xəstəliyinə çox tutulmayım. İnternetsiz yaşamaq mümkün deyil, informasiyanı oradan alırıq, fikirlərimizi bölüşürük, insanlarla əlaqə yaradırıq. İnternet həyatımızın tərkib hissəsinə çevrilib. Bununla yanaşı internetdən asılı olmamağa çalışıram.Bacardığım qədər informasiyanı operativ əldə etməyə, internetdən boş-boşuna istifadə etməməyə çalışıram. İnternetdən əsasən xəbərlərin, məlumatların oxunması üçün istifadə edirəm. Həmçinin  musiqiyə qulaq asmaq, filmə baxmaq, müəyyən maraqlı materialları oxumaq  məqsədilə də  istifadə edirəm. Kompüterin qarşısında boş oturmağı sevmirəm. Amma etiraf edim ki, hərdən hiss edirəm ki, hansısa lazımsız bir informasiyalara da ilişmişəm.

-İnformasiya təhlükəsizliyinizi necə qoruyursunuz? Şəxsi hesabınızı başqasına etibar edirsinizmi? Həmin adamın sizin üçün təhlükəli biri olmadığını necə müəyyən edirsiniz?

-Şəxsi hesabımı heç kimə verməmişəm.Buna ehtiyac da görmürəm. Kompüterimi isə tanıdığım kompüter ustası var, vaxtaşırı ona etibar edirəm. Bir dəfə sosial şəbəkədə ehtiyatsızlq edib mənə tanımadığım birisindən gələn məktubu açmışdım və həmin məktub bütün kompüterimi sıradan çıxardı. Ondan sonra tanımadığım insanlardan gələn məktublara bir qədər ehtiyatla yanaşıram.

-Hansı sosial mediadan, Facebook, Twitter, İnstagram və s. aktiv istifadə edirsiniz?

-Facebook-dan daha aktif istifadə edirəm. Twitter-dən istifadə etməyə çalışdım, amma ona bağlana bilmədim. İnstagram-dan isə istifadə etmirəm.

-Facebook-un imkanlarından yetərincə bəhrələnirsinizmi? Hansısa qruplarda varsınızmı?

-Müəyyən qruplarda varam. Facebook-dan əsasən cəmiyyətdəki əhval-ruhiyyəni tutmaq və mövqeyimi bölüşmək üçün istifadə edirəm. Qrup şəklində hansısa məsələni müzakirə etməyə meylli biri deyiləm. Facebook-da 10 nəfərin statusuna diqqət yetirməklə hansı proseslərin getdiyini, axarın nə olduğunu tuta bilirəm. Facebook-un hesabına cəmiyyətin müxtəlif təbəqələrinin zövqü haqqında müəyyən qədər məlumatlıyam. Onu da deyim ki, bir çox məsələlərdə gənclər bizi üstələyirlər. Görünür artıq bizim onlardan öyrənmək vaxtımız gəlib çatıb.

-Tez-tez şəkil paylaşırsınızmı? Xoşlamadığınız informasiya ( şəkil, mətn) lövhənizdə qarşınıza çıxarkən reaksiyanız necə olur?

-Öz səhifəmdə şəkil yerləşdirirəm, amma kiminsə adını paylaşdığım şəkilin üstünə qeyd etmirəm. Belə desək, xüsusi olaraq heç kimi tag etmirəm. Hesab edirəm ki, kimisə məcburi şəkildə öz mövqeyimə, baxışıma bağlamaq düzgün deyil. Bəzən olur, lövhəmə şəkillər yerləşdirirlər və zövqüm, baxşım üst-üstə düşürsə həmin şəkilləri saxlayıram. Qalanlarını isə sadəcə olaraq silirəm. Buna əsəbiləşməyə nə vaxtım, nə də həvəsim olur. Səhifəmdə vətənpərvərlik, tarix, öz uşaqlığımla bağlı olan şəkillər paylaşıram. Vaxtaşırı Azərbaycanın qədim xanlıqları, tanınmış şəxsiyyətlər ilə bağlı şəkillər də yerləşdirirəm. Hesab edirəm ki, bu şəkillər kiminsə maraq dairəsində ola bilər.  

-Özünüzü və cəmiyyəti texnologiyalardan asılı hesab edirsinizmi?

-Bəli, hesab edirəm. Amma bir məsələ var ki, bu asılılıqdan razıyıq, biz ondan qurtulmağa can atmırıq. Əslində bu cəmiyyətin inkişafının müəyyən bir mərhələsidir. Biz əgər bu texnologiyalardan imtina etsək, orta əsrlər dövrünə qayıtmış olarıq. Bu texnologiyalar insanların daha rahat, səmərəli və təhlükəsiz yaşamasına dəstək verir. Ona görə də, hesab edirəm ki, İnternetdən qaçmaq yox, ondan daha səmərəli istifadə etməyin yollarını tapmaq lazımdır.

- Uşaqlarınızın internetdən , mobil telefon və ya kompüterdən istifadəsinə nəzarət edirsinizmi? Onlara bununla bağlı məhdudiyyətlər tətbiq edirsinizmi?

-Məhdudiyyət tətbiq etmirəm, amma hesab edirəm ki, çox istifadə edirlər. Özüm övladlarıma şərait yaratmışam və müəyyən bir vaxtdan sonra onlar bundan doyacaqlar. Düşünürəm ki, müəyyən zaman və şərait onları asılılığa qarşı mübarizə aparmağa məcbur edəcək.

-Əgər uşaq artıq küçəyə çıxıb oynamaq istəmirsə, yoldaşları ilə münasibət qurmağa meylli deyilsə, yalnız kompüterə-oyunlara meyl edirsə bu təhlükəlidirmi?

-Əlbəttə, deyərdim ki, bu artıq psixoloji xəstəlikdir və valideynlər təcili surətdə tədbir görməlidirlər.

-Mobil internetdən istifadə edirsinizmi? Necə  və haralarda  istifadə edirsiniz? Keyfiyyət və qiymət sizi qane edirmi?

-Mobil İnternetdən çox az istifadə edirəm, işdə və evdə daha çox kompüterdən istifadə edirəm. Amma maşında gedərkən və ya şəhərdə olarkən çalışıram ki, içərisində olduğum situasiyadan daha çox yararlanım. Mobil internetin qiymətinə gəlincə, keçən il Internetin qiyməti müəyyən qədər aşağı endi. Yəni, Internetin qiyməti məni qane edir.

-Xaricdə səfərdə olarkən Rouminq xidmətindən istifadə edirsiniz, yoxsa olduğunuz ölkənin mobil operatorunun xidmətindən?

- Xaricə səfərə gedəndə rouminqi açıq olan bir nömrəm var, özümlə o nömrəni aparıram və həmin xidmətdən istifadə edirəm. Həmin nömrəmi çox az insan, ailə üzvlərim bilir. Düşünürəm ki, o nömrəni çox insan bilsə, maaşım bu xidmətin xərclərini ödəməyə çatmaz.(gülür) Zəruri ehtiyac yarandıqda rouminq xidmətindən istifadə edirəm. 

-Ani məktublaşma vasitələrindən,  məsələn Skype, Telegram, Whatsapp-dan istifadə edirsinizmi?

-Müntəzəm olaraq heç birindən istifadə etmirəm. Bəzən Skype-dan istifadə edirəm. Whatsapp-dan uzağam, bilərəkdən həmin messengerə qoşulmamışam. Hiss etdim ki, Whatsapp-da qoşulsam, ondan da asılı olacağam və günümün müəyyən hissəsini ona həsr edəcəyəm. Artıq qeyd etdim ki Facebook-da varam, gündəlik xəbər saytlarını izləyirəm, bu mənə lazım olduğundan da artıq bəs edir. Whatsapp-a bağlansam, guman edirəm ki vaxtımı çox alacaq. Ona görə də, istifadə etmirəm.

-Bir telefon zənginin və ya mesajın gəlişini bildirən xəbərdarlığa cavab vermək üçün  öz naharınızı dayandıra və ya görüşünüzü yarımçıq saxlaya bilərdinizmi?

-Bəli, bilərdim. Çünki, həmin insanın günahı yoxdur. O haradan bilsin ki, mən həmin vaxt nahar edirəm və yaxud da hansısa bir görüşdəyəm. Sadəcə olaraq zəng vuran adama deyə bilərəm ki, müəyyən vaxtdan sonra əlaqə saxlayın. Söhbətin vacib anında zəng gəlirsə, həmin nömrəyə cavab verməyə də bilərəm. Amma sonradan zəng gələn nömrəylə yenidən əlaqə saxlayıram.

-Yazışmalarda, paylaşımlarda etika qaydalarını gözləyirsinizmi? Gözləməyənlərə reaksiyanız necə olur?

-Mütləq. Hər şey dəyişə bilər, amma insanlığın əbədi qaydası bəşəriyyət yaranandan dəyişməyib və dəyişə də bilməz. Sosial şəbəkələrdə etika qaydalarını gözləməyənlərə də sakit və səbirlə yanaşıram. Sadəcə olaraq lazımsız şərhləri pozuram. Çərçivədən çıxanlar olanda isə onları əngəlləyirəm.

-Gənc oğlan və qız qarşı-qarşıya əyləşiblər və öz mobil telefonlarında nəyləsə məşğuldurlar. Buna münasibətiniz necə olardı?

-Az qalıram ki, telefonları onların əlindən alıb deyəm ki, bir-birinizə baxın. Siz bir-birinizə çox yaraşırsınız(gülür). Hətta şəhərdə olanda mobil telefon və ya planşetlə oynayan gəncləri görəndə başa düşürəm ki, onlar təkdirlər. Və içərimdən belə bir çağırış gəlir ki, əl saxlayın, üzünüzə bir-birinizə çevirin və tanış olun. Axı siz bir-birinizə çox yaraşırsınız.

 

-İş fəaliyyətinizdə informasiya texnologiyalarından necə istifadə edirsiniz? Texnologiyalar sizin işinizi, fəaliyyətinizi asanlaşdıra bilirmi?

-Elektron poçt vasitəsilə informasiya alıb ötürürəm, telefona gələn zənglərə cavab verirəm, mesajlaşıram. Yəni yetərincə informasiya texnologiyalarından istifadə edirəm. Çətinə düşəndə isə mütəxəssislərə müraciət edirəm. Bu texnologiyalar mənim işimi asanlaşdırır, daha keyfiyyətli və səmərəli edir.

-Soruşmaq istədiyiniz hansısa sualı yaxınlığınızda olan birisinə və ya iş yoldaşınıza şəxsən verərdiniz ya e-mail-mesajla yazardınız?

-Şəxsən sualı həmin insanın özünə verərdim.

-Texnologiyalardan asılılığı 10 ballıq şkala ilə qiymətləndirsək, özünüzü harada görürsünüz?

-Bilmirəm o şkalada ağırlaşdırma dərəcəsi haradadır(gülür) Müəyyən asılığım var, bunun bir hissəsi səmərəli və faydalı asılılıqdır. Yəni informasiyanın əldə olunması, mövqeyin bildirilməsi, yeniliyin öyrənilməsi və s. Amma tamamilə texnologiyalara bağlı biri deyiləm. Normal asılılığı 5 bal kimi götürsək, yəqin ki, özümə 6 bal verərdim.(gülür)

 

-Sizcə 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?

-Min illər keçsə də, insan texnologiyanı idarə edəcək. Süni intellekt təbii intellekti heç vaxt üstələyə bilməz. Bu müəyyən sahə üzrə insanın verdiyi tapşırığa uyğun hərəkət edəcək. Amma onun insanı idarə edəcək bir səviyyəyə çatmasına inanmıram. Çünki texnologiyalar öz enerjisini heç kəsin iştirakı olmadan yeniləməyə, özünün ehtiyat hissələrini dəyişməyə və daha mükəmməl olmağa hazır vəziyyətdə deyil. İnsan texnologiyalardan üstündür.

Mirvari Nəcəf

Fotolar: Elxan Bayramlı


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə