SABAH.city tədqiqatçılara, alimlərə, mühəndislərə və innovatorlara elmi araşdırmalarının sahibkarlıq potensialını kəşf etmək və elmi nailiyyətləri real biznes imkanlarına çevirməkdə dəstək göstərmək məqsədi daşıyan “Venture Scientist” proqramına start verib.
Xeberler.az məlumat verir ki, proqram “Global Innovation Dojo”nun nümayəndələri Kris Börri və Kolin Donohyu tərəfindən həyata keçiriləcək. Proqram iştirakçılara elmi innovasiyaları bazar tələbləri ilə əlaqələndirmək üçün praktiki yanaşmalar təqdim edəcək. Tədris prosesi “Global Innovation Dojo”nun dünya üzrə 5 mindən çox sahibkarla iş təcrübəsinə, Kaliforniya Universitetinin Berkli kampusundakı Sutardja Sahibkarlıq və Texnologiya Mərkəzinin (Sutardja Center for Entrepreneurship & Technology – SCET) sahibkarlıq sahəsində apardığı tədqiqatlara və beynəlxalq mentorların təcrübəsinə əsaslanacaq.
Proqram çərçivəsində iştirakçılar tədqiqatlarına sahibkarlıq düşüncə tərzini tətbiq etməyi, potensial müştəriləri müəyyənləşdirməyi, bazar ehtiyaclarını anlamağı və elmi kəşfləri real həllərə çevirmək imkanlarını qiymətləndirməyi öyrənəcəklər. Tədqiqatçıları akademik mühitdən kənara çıxmağa və elmi fəaliyyətlərinin kommersiya potensialını nəzərdən keçirməyə təşviq edən təşəbbüsün əsas məqsədi elmi tədqiqatlara əsaslanan yeni biznes layihələrinin inkişafına dəstək olmaqdır.
Beş ay davam edəcək proqram hibrid təlim formatında təşkil olunacaq. Proqrama üç əyani həftəsonu təlimi, iştirakçıların öz tempində keçə biləcəyi onlayn modullar və beynəlxalq ekspertlərlə qrup mentorluq sessiyaları daxildir. Bu format iştirakçılara tədqiqat fəaliyyətlərini davam etdirməklə yanaşı, sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, müvafiq istiqamətləndirmə və praktiki alətlər əldə etmək imkanı yaradacaq.
“Venture Scientist” proqramının həyata keçirilməsi SABAH.city-nin insan kapitalının inkişafı, elmi tədqiqatların kommersiyalaşdırılması və yeni innovativ bizneslərin formalaşdırılması istiqamətində fəaliyyətinin davamıdır.
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı tərəfindən yaradılan SABAH.city startapları, tədqiqat mərkəzlərini, texnologiya şirkətlərini, universitetləri və digər innovasiya iştirakçılarını vahid ekosistemdə birləşdirir. Bu kimi təşəbbüslər vasitəsilə SABAH.city akademiya, sənaye və dövlət arasında əlaqələri gücləndirərək Azərbaycanın innovasiya potensialının artırılması missiyasını həyata keçirir.
Proqramda iştirak şərtləri, təlim formatı və qeydiyyat proseduru haqqında ətraflı məlumatı SABAH.city-nin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.





























