Seçkiqabağı kampaniya: internet televiziyaları ənənəvi televiziyaları əvəz edir

30-08-2013 / 11:10
Prezident seçkisində ödənişli təşviqat aparmaq istəyən media qurumlarının Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməsi üçün artıq saylı günlər qalır. Media qurumları ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək (sentyabrın 2-dək) dərc etməlidirlər.Ancaq indiyədək MSK-ya ölkə üzrə açıq yayımlanan heç bir telekanal müraciət etməyib. Ödənişli təşviqat aparmaq üçün yalnız bir neçə internet televiziyası MSK-ya müraciət ediblər.
Publika.Az həmin internet televiziyaların ödənişli təşviqat aparmaq üçün təklif və şərtlərini, o cümlədən mövqeyini təqdim edir.
 “Vision” internet televiziyasının icraçı direktoru Şöhrət Eldəniz:  “Ölkə üzrə açıq yayımlanan televiziyalar namizədlər üçün ödənişli efir vaxtı təqdim edə bilər və bu, qanunla da qadağan deyil. Ancaq indi görünür ki, bu televiziyaların rəhbərləri ödənişli efir haqqı təklif etməyə belə çəkinirlər. Ona görə də prezident seçkilərinin təbliğatına qoşulmaq istəmirlər. Ancaq biz “Vision” internet televiziyası olaraq müxalifət və iqtidar namizədləri üçün ödənişli efir vaxtı təklif edir. Biz təbliğat işində yaxından iştirak etməyi düşünürük və bu barədə Mərkəzi Seçki Komissiyasına da müraciət edərək qeydiyyatdan keçmişik. Biz ödənişli əsaslarla namizədlərin reklam çarxının hazırlanması, verilişlərə dəvət olunması və digər xidmətləri göstərə bilərik. Artıq bəzi namizədlərə bu istiqamətdə danışıqlar da aparmışıq və yaxın günlərlə onlarla müqavilə bağlayın rəsmi qaydada bu işlə məşğul olacağıq.
O ki qaldı internet televiziyalarının izləyici sayının açıq yayımlı telekanallardan az olması məsələsinə, mən hesab edirəm ki, bu cür yanaşma düzgün deyil. Hazırda “Vision” televiziyasına gün ərzində 20-30 min insan baxır və biz bunu sübut da edə bilərik. Yəni, hazırda bizim kifayət qədər auditoriyamız var. Namizədlər də çox gözəl bilirlər ki, sosial şəbəkələrin təbliğat gücü telekanallardan qat-qat yüksəkdir”.
“Səs” internet televiziyasının direktoru Bəhruz Quliyev:  “Dünyada mövcud olan internet televiziyaları artıq Azərbaycanda da inkişaf etməyə başlayıb. Qısa dövr ərzində Azərbaycanda internet televiziyalarına tamaşaçı marağı da artıb. Biz də “Səs” TV olaraq prezident seçkilərində iştirak edəcək namizədlərin ödənişli əsaslarla təbliğatını aparmağı düşünürük. Artıq bununla bağlı Mərkəzi Seçki Komissiyasına da müraciət edib qeydiyyatdan keçmişik. Əgər namizədlər arasında kiminləsə razılaşma olarsa, o zaman seçki təbliğatı dövründə “Səs” TV həmin namizədin təbliğatını aparacaq.
Eyni zamanda qeyd edim ki, son illər insanlar internetdə daha çox görüntülü xəbəri qəbul edir. İndi “Səs” TV-nin efir yayımını mobil telefonlardan da izləmək mümkündür. Bu baxımdan “Səs” TV də seçkidə iştirak edəcək namizədlərin təbliğatını yüksək səviyyədə həyata keçirməyə hazırdır. Seçki təbliğatı dövründə biz namizədlərin reklam çarxını, bannerini və sairə saytda yerləşdirə bilərik”.
“Obyektiv” internet televiziyasının layihə rəhbəri Emin Hüseynov: “Azərbaycanda açıq yayımlanan dövlət və özəl telekanalların ödənişli efir vaxtı ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etməməsi onu göstərir ki, onlar prezident seçkilərinə namizəd olan şəxslərin təbliğatını aparmağa çəkinirlər. Mən hesab edirəm ki, bu düzgün deyil. Ən azı AzTV və digər dövlət telekanalları bu prosesdən kənarda qalmamalı idi. Çünki bu televiziyalar dövlətdən maliyyələşir.
O ki qaldı internet televiziyalarının gücünün açıq yayımlanan telekanallardan az olub-olmaması məsələsinə, mən hesab edirəm ki, internet televiziyalarının gücü kifayət qədər böyükdür. Artıq internet əsiridir və sosial şəbəkələrin nüfuzu və gücü nəzərə çarpmaqdadır. Hazırda internet medianın gücü artmaqdadır. “Obyektiv” TV olaraq biz də namizədlərə efir vaxtı təklif edirik. Ancaq biz bu efir vaxtını pulsuz olaraq onlara təklif edirik. Düzdür, bizim maliyyə imkanlarımız istənilən qədər deyil və maliyyəmiz beynəlxalq donorların layihələrində iştirak etməklə təmin olunur. Eyni zamanda biz vətəndaş cəmiyyətinin inkişafına dəyər verdiyimiz üçün namizədlərə pulsuz efir vaxtı təklif edirik. Artıq seçki kampaniyasında iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına da müraciət etmişik. Buradan da nəzərə çatdırıram ki, gün ərzində bizim televiziyaya 15-20 min arası insan baxır. Namizədlərdən kim istərsə, bizə müraciət edə bilər”.
(publika.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə