Bakıda kibertəhlükəsizlik ilə bağlı konfrans keçirilir

07-11-2017 / 16:07

Bu gündən Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr üzrə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (CERT) “Gələcək təhlükələrin aşkar edilməsi” adlı IX beynəlxalq illik konfransı işə başlayıb.

Xeberler.az bildirir ki, tədbirin təşkilatçısı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, yerli tərəfdaşları Delta Telecom LTD MMM və Azinfosec, xarici tərəfdaşları isə May Cyer Technology, THALES və Videntifier şirkətləridir.

Tədbirin akademik dəstəkçisi ADA Universitetidir. Konfransda İƏT-ə üzv olan 21, üzv olmayan 11 ölkədən nümayəndələr, həmçinin nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, Delta Telecom LTD-nin texniki direktoru Atəş Rzayev və digər müvafiq qurumların təmsilçiləri iştirak ediblər.

Konfransda yeni nəsil kibertəhdidlər, gizli kiberindikatorların işlənilməsi, əşyaların interneti, kibercinayətkarlıqda yeni trendlər, informasiya itkisinə səbəb olan boşluqlar və sair mövzularda müzakirələr aparılıb. Müzakirələrlə yanaşı, konfrans çərçivəsində keçiriləcək praktiki təlimlərdə kibersimulyasiyalar vasitəsilə təhdidlərin analizi və onlardan qorunma yollarının nümayişi planlaşdırılır.

Açılış mərasimində çıxış edən Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi general-leytenant Mürsəl Vəliyev konfransın əhəmiyyətini qeyd edərək qloballaşan dünyada kiberhücumların böyük risklər yaratdığını deyib.

Azərbaycan Prezidentinin kibertəhlükəsizlik sahəsinə olan böyük diqqət və qayğısını xüsusi qeyd edən Mürsəl Vəliyev informasiya təhlükəsizliyinin ölkədə ən prioritet məsələlərdən biri olduğunu bildirib. Heç bir sərhəd tanımayan kibertəhdidlərə qarşı mübarizədə ölkələrin fərdi fəaliyyətinin səmərəlilik baxımından yetərsiz olduğunu vurğulayan general-leytenant dünya CERT mərkəzlərinin beynəlxalq səviyyədə əməkdaşlığını, o cümlədən İslam ölkələri CERT-lərinin birgə fəaliyyətini yüksək qiymətləndirib. bu sahədə təcrübə mübadiləsi aparmaqla qlobal və regional kibertəhdidlərlə mübarizədə daha böyük uğurlar əldə etməyin mümkün olduğunu qeyd edib.

Tədbirin Bakı şəhərində keçirilməsi təşəbbüsünün irəli sürülməsinə görə İƏT-CERT-in İdarə Heyətinə təşəkkürünü bildirən Mürsəl Vəliyev Beynəlxalq CERT təşkilatlarının illik konfranslarının hər il fərqli ölkələrdə keçirilməsinin həmin regionlarda müvafiq sahələrin inkişafına və informasiya təhlükəsizliyi məsələlərinə diqqətin daha çox ayrılmasına öz töhfəsini verəcəyini söyləyib. Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini bildirib ki, Azərbaycan CERT-in idarə heyətinin üzvü kimi kibertəhlükəsizlik sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və bundan sonra da bu istiqamətdə səylərini əsirgəməyəcək.

CERT-in rəhbəri Badar Əli Səid Salehi bildirib ki, bütün ölkələr informasiya təhlükəsizliyinin necə vacib məsələ olduğunu yaxşı anlayır və bu istiqamətdə lazımi tədbirlər görməyə çalışırlar. O, Azərbaycanın İƏT çərçivəsində kibertəhdidlərə qarşı mübarizəyə töhfələrini yüksək qiymətləndirdiklərini bildirib.

İƏT-in İT Departamentinin direktoru Vəcdi Əlquliti real və potensial təhdidlərə qarşı mübarizə yollarının müzakirəsinin vacib olduğunu söyləyib. O, müasir dövrdə terrorizmin informasiya texnologiyalarından istifadə edərək cinayət əməlləri törətdiyini deyib və bunun qarşısının alınmasında səylərin birləşdirilməsinin önəmini vurğulayıb. “Kibercinayətlərin yeni tendensiyalarının və formalarının yaranmasının qarşısını almalıyıq. Texnologiyaların sürətli inkişafı həyatımızı asanlaşdırır, bununla belə bu texnologiyalar nəzərdə tutulan məqsədlərdən kənar istifadə oluna bilər və təhlükəsizlik məsələlərinə təhdid yarada bilər”, - deyə o bildirib.

Konfransda Azərbaycan və İƏT ölkələrindən bir qrup şəxsə CERT adından kibertəhlükəsizlik sahəsindəki töhfələrə görə diplomlar təqdim edilib.

 

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.