Radio və televiziyalara xarici kanalların müdaxiləsi hələdə qalır

24-08-2018 / 17:20

Azərbaycanın sərhədyanı bölgələrində xarici televiziya və radioların tezliklərinin yerli tezliklərə qarışması probleminin illərdir yazılmasına, müzakirə edilməsinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb.

Xeberler.az bildirir ki, sərhədyanı bölgələrdə yaşayan insanlar xarici televiziyalara baxmaq, əcnəbi radioları dinləmək məcburiyyətində qalır. Baxmayaraq ki, ekspertlər bunun ölkənin informasiya təhlükəsizliynə xələl gətirdiyini deyir.

Azərbaycanın dövlət qurumları da problemin qaldığını etiraf edir. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Maliyyə və texniki nəzarət şöbəsinin baş məsləhətçisi Fikrət Xudatzadə Report-a açıqlamasında deyib ki, bu, dövlətlərarası münasibətlərlə bağlı məsələdir. F.Xudatzadə qeyd edib ki, sərhədyanı ərazilərdə bunun qarşısını almaq mümkün deyil: "Əgər həmin ərazilərə əlavə ötürücülər quraşdırsaq, o zaman bizim yerli kanallarımıza təsiri olacaq. Ona görə də problemin həll olunması dövlətlərarası müqavilələrlə tənzimlənməlidir. Bu barədə mütəmadi şəkildə müzakirələr aparılır".

F.Xudatzadə əlavə edib ki, mövcud problem daha çox ölkənin qərb və cənub zonalarında müşahidə olunur: "Bura Ucar, Beyləqan, Bərdə, İmişli, Lənkəran, Astara aiddir. Orada da əsasən İran kanalları göstərir. Daim xarici ölkələrlə müzakirə aparılır ki, ötürücülərin gücünü azaltsınlar. Onlar bizdən hündürdə yerləşdiyinə görə belə olur. Biz də öz tərəfimizdən ötürücülərin gücünün artırılmasını istəyirik, lakin bu, bizə maneçilik törədir. Amma ümumilikdə mövcud məsələ daim nəzarətimizdədir".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə Report-un sorğusuna cavab olaraq bildirilib ki, FM yayımlar Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyata düşmüş texniki parametrlər əsasında hər bir ölkə ərazisində müvafiq radioyayım vericiləri vasitəsilə təmin edilir: "FM diapazonundakı proqramların relyefdən asılı olaraq qonşu ölkələrin müəyyən ərazilərində yayımı normal qəbul olunur. Digər ölkələrin FM radio proqramları ölkəmizdə qəbul olunduğu kimi, müvafiq olaraq, Azərbaycan Respublikası ərazisindən yayımlanan FM diapazonundakı radio proqramlar da qonşu ölkələrin ərazisində qəbul edilir. Buna görə də sərhəd bölgələrində və mərkəzdən uzaq ərazilərdə FM diapazonunda yayımlanan xarici radioları rahatlıqla dinləmək mümkündür”.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.