BİZNESİN YENİ NÖVÜ MOBİL ŞİRKƏTLƏRİ “YIXIR”

11-10-2010 / 15:47

“2 manatlıq "CİN-kart" alanda balansıma 950 kontur yükləyə bilirəm. Ancaq 2 manat verib yüklədəndə 1000 kontur qazanıram. Təbii ki, bu, mənə sərfəlidir. Mobil şirkətlər kartların qiymətini nə vaxt aşağı endirsələr, yaxud da kontur payını artırsalar, biz də o zaman kart alarıq". Bunu “Bakcell” abunəçisi olan 23 yaşlı Rəşad Nəsirov deyir. Son zamanlar mobil telefon istifadəçilərinin daha çox yükləmə xidmətinə üstünlük verdiyini yükləmə xidməti ilə məşğul olan alverçilər də təsdiqləyir.

Pullu xidmət göstərən şəxslər Bakının müxtəlif yerlərində, əsasən də metro stansiyalarının giriş-çıxışında dayanıb abunəçilərə sözügedən xidməti təklif edirlər.
“Neftçilər” metrosu yaxınlığında pullu xidmət göstərən Akif adlı şəxsin sözlərinə görə, müştərilərinin sayı çoxdur: “Abunəçilər daha çox kontur yüklətdirməyə üstünlük verir. Çünki bu, həm onların, həm də bizim xeyrimizədir. Bizə buradan kontur hədiyyəsi qalır. Məsələn, 20 və ya 40 manatlıq kart alırıq, ondan həm biz, həm də telefon abunəçisi xeyir götürür”.
“Gənclik” metrosu yaxınlığında bu işlə məşğul olan Namiq Rüstəmov həm “Azercell”, həm də “Bakcell” abunəçiləri üçün yükləmə xidmətini təklif edir: “Bizim mobil şirkətlərlə heç bir əlaqəmiz yoxdur. Onlar kartı satır, biz də alıb abunəçilərə sərf edən şəkildə satırıq”.

Namiq bəydən müqayisə üçün kartların və yükləmə xidmətində olan konturların sayını da öyrəndik: “1 manatlıq "SİM-kart"da 200 kontur olduğu halda abunəçi 80 qəpik ödəməklə 200 kontur qazana bilər. Eləcə də 3 manata “SİM-kart” alanda 650 kontur yükləmək mümkündürsə, biz 3 manat 20 qəpiyə 800 kontur veririk. 1 manatlıq “CİN-kart”da 450 kontur var. Ancaq abunəçi 1 manat verməklə 500 kontur yüklədə bilər. Yaxud 2 manatlıq “CİN-kart” alan şəxs balansına 950 kontur yükləyə bilər. Amma o, 2 manat ödəməklə 1000 kontur alacaq".
“Elmlər Akademiyası” metrosunun çıxışında pullu xidmət göstərən şəxs deyir ki, abunəçilər balanslarına istədikləri qədər kontur yüklədə bilərlər: “Çünki pullu yükləmə kart almaqdan daha sərfəlidir. Bizə qalan ancaq 20 və 50 manatlıq kartlardakı kontur hədiyyələridir. Heç kim ürək edib baha kartları ala bilmir. 1-2 manatlıq kartlarda isə kontur hədiyyəsi olmur. Biz bu hədiyyə xidmətini ucuz və sərfəli şəkildə abunəçiyə təklif edirik”.
Müqayisə üçün “SİM” və “CİN-kart”lardakı, həmçinin yükləmə xidmətində olan konturların sayını da öyrəndik. Belə ki, 1 manatlıq “SİM-kart” - 200 kontur; 3 manat - 650 kontur; 5 manat - 1300 kontur; 10 manat - 3000 kontur; 15 manat - 4700 kontur; 25 manat 8300 kontur. “SİM” kontur yükləmədə qiymətlər belədir: 80 qəpik - 200 kontur; 1 manat 60 qəpik - 400 kontur; 2 manat 40 qəpik - 600 kontur; 3 manat 20 qəpik - 800 kontur. 1 manatlıq “CİN-kart” - 450 kontur; 2 manat - 950 kontur; 6 manat - 2900 kontur; 10 manat - 5500 kontur; 20 manat - 12000 kontur. “CİN” kontur yükləmədə qiymətlər belədir: 1 manat - 500 kontur; 2 manat - 1000 kontur; 3 manat - 1500 kontur.
Göründüyü kimi, abunəçilər indi kart almağa elə də maraq göstərmir. Abunəçilər pullu xidmət göstərən şəxslərin “kontur bazarı”nda növbəyə düzülməli olur. Adi abunəçilər öz danışıq xidmətinin bağlanmaması üçün müəyyən müddətdən bir balansı kart almaqla yeniləyir. Əksər hallarda isə biznesin yeni növünə çevrilmiş yükləmə xidmətindən istifadə edirlər.
“Azercell” abunəçisi olan Sevinc Qarayeva yükləmə xidmətindən yeni istifadə etdiyini deyir: “Əvvəllər kartdan istifadə edirdim. Amma indi kontur yükləmə xidmətinə üstünlük verirəm. Baxdım ki, ikinci daha sərfəlidir. Yüklədəndə 40-50 kontur hədiyyə verirlər”.
17 yaşlı Elşən Cabbarov da yükləmə xidmətini sərfəli sayır: “15 gündən bir 1 manatlıq kontur yükləyirəm ki, nömrəm aktiv olsun. Çox vaxt yüklətdirirəm”.
54 yaşlı Zaman Quliyev bunu mobil şirkətlərin fırıldaqçılığı adlandırdı: “Şirkətlər özləri oyun qurub camaatı aldadırlar. Kontur yüklədəndə danışıqdan daha çox çıxırlar. Ona görə mən daha yükləmə xidmətindən istifadə etmirəm”.
Bu xidməti isə həm ödənişli şəkildə həyata keçirmək olar, həm də ödənişsiz. Mobil operatorlar yükləmə xidmətinə limit qoysa da bunun qarşısını ala bilmirlər. Gündə 3 dəfə bu xidmətdən pulsuz yararlanmaq mümkündür. “Azercell”dən fərqli olaraq “Bakcell”də 3 dəfədən artıq kontur göndərdikdə ödəniş etməklə (hər 100 kontur göndərməyə 22 kontur çıxılır) bu mümkün olur. Pullu xidmət göstərən şəxslərdə 60-70-dən çox SİM və CİN nömrələr var. Buna da səbəb yükləmə xidmətinə limitin qoyulmasıdır. Belə ki, onlar hər nömrədən gündə yalnız 3 dəfə kontur göndərə bilir. Bir sözlə, yükləmə xidmətini heç cür bağlamaq da olmaz. Bu fakt bir daha təsdiq edir ki, Azərbaycanda mobil danışıq tarifləri çox yüksəkdir. Abunəçilərin fikrincə, mobil operatorlar daha çox müştəri cəlb etmək istəyirsə, qiymətləri aşağı salmalıdır.
Məsələ ilə bağlı “Bakcell” və “Azercell”in mətbuat xidmətinin mövqeyini öyrənmək istəsək də telefon zənglərinə cavab verən olmadı.

Günay MUSAYEVA, Yeni Müsavat


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə