COP29-un texniki-texnoloji təminatı necə olacaq, konfrans zamanı İT infrastruktura və dövlət resurslarına kiber hücumlar artacaqmı?
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
Ekspertin sözlərinə görə ki, bir neçə ay öncədən BMT-nin xüsusi qurumları COP29-un texnoloji təminatını və kiber təhlükəsizlik məsələlərini araşdırırdılar. Hansı risklərin ola biləcəyi öncədən öytənilirdi. COP29 çərçivəsində qurulan infrastrukturun, şəbəkə və xidmətlərin təhlükəsizliyi müxtəlif sınaqlar vasitəsilə yoxlanışdan keçirilib, simulyasiya sınaqları aparılıb, texnoloji hazırlıqlar dəyərləndirilib:
"Simulyasiya və sınaqlar 15 gün çəkib. Prosesin uğurla başa çatdığı bildirilib. Ötən günlər COP29 tədbirlərinə hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında COP29-un informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələlərinə cavabdeh qurum olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbəri, general İlqar Musayev bu istiqamətdə hazırlıq işlərinin başa çatdığını bildirib".
Osman Gündüz qeyd edib ki, COP29-la bağlı İnformasiya təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının nəzdində işçi qrup yaradılıb:
"COP29-un əsas və ehtiyat data mərkəzləri XRİTDX-nin Məlumat Mərkəzində yerləşdirilib. Tədbirlər keçirilən Olimpiya Stadionu ərazisində olan internet təminatı da XRİTDX-nin nəzarətində olan “AzStateNet” dövlət provayderinin kiberhücumlardan qorunan şəbəkəsi vasitəsilə reallaşacaq. Avadanlıqların və xidmətlərin kiberhücumlardan qorunması məqsədilə birgə tədbirlər görülüb".
Ekspert bildirib ki, COP29-un əsas informasiya resursu -
COP29.az saytı və elektron poçt servisi xüsusi olaraq dövlət hostinq və mail sisteminə miqrasiya edilib və daimi nəzarətdədir.
Osman Gündüzün sözlərinə görə, qurum eyni zamanda monitorinqlər aparır, COP29 tədbiri ilə bağlı müxtəlif hədəfli saxta resursların aşkara şıxarılması və bloklanması üçün zəruri tədbirlər görür. COP29-un kibertəhlükəsizliyinin daha peşəkar təminatı məqsədilə XRİTDX-nin əməkdaşları Almaniyada bir həftəlik xüsusi təlim və təcrübə mübadiləsinə cəlb edilib.
Ekspert vurğulayıb ki, COP29 Konfransının İT infrastrukturunun qurulması və kibertəhlükəsizlik tədbirlərinin icrası Cyberpoint şirkətinə həvalə olunub. Şirkət Azərbaycanın kibertəhlükəsizlik sektorunda ən öndə gedənlərdən hesab olunur:
"Tədbirlər keçirilən ərazidə telekommunikasiya infrastrukturunun və server infrastrukturunun təminatı, avadanlıqların qurulması və məlumat mübadiləsi təşkilini, kibertəhlükəsizlik təminatını bu şirkət reallaşdıracaq. Bildiyim qədərilə daha çox Cisco avadanlıqlarına üstünlük verilib".
Mütəxəssis qeyd edib ki, COP29-a hazırlıq çərçivəsində Olimpiya Stadionu ətrafında Azercell, Bakcell və Nar mobil operatorlarının, eyni zamanda ölkəyə internet gətirən üç magistral provayderin, Delta Telecom, AzerTelecom və Aztelecom-un dayanıqlığının gücləndirilməsi üçün də əlavə tədbirlərin görüldüyü bildirilib.
COP29 zamanı kiber hücumlar artacaqmı?
Suala cavab olaraq Osman Gündüz bildirib ki, əvvəlki COP tədbirlərinin təcrübəsi göstərir ki, müxtəlif qruplar beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün COP tərbirləri zamanı müxtəlif tədbirlər reallaşdırmağa çalışırlar:
"Düşünmək olar ki, həm ənənəvi qlobal ekoloji problemlərlə bağlı və həm də bu tədbirin Azərbaycanda təşkilindən qıcıqlanan tərəflərin olduğunu nəzərə alsaq COP29 ərəfəsində və tədbirlər keçirilən zaman kiberhücumların da xeyli artacağını gözləmək olar".
Eyni zamanda ekspert düşünür ki, bu arada dövlət qurumlarının informasiya resurslarına da, müxtəlif kommunikasyia şəbəkələrinə də kiber təhdidlərin artacağını proqnozlaşdırmaq olar. Beləliklə, müşahidələr onu deməyə əsas verir ki, COP29-un texniki-texnoloji təminatı və kibertəhlükəsizlik təminatı ilə bağlı peşəkar komanda tərəfindən xeyli işlər görülüb. Dayanıqlığın yoxlanılması üçün testlər, simulyasiyalar və auditlər aparılıb.
Onda Osman Gündüz qeyd edib ki, bütün bunlar deməyə əsas veri ki, COP29 zamanı texniki-texnoloji təminatda və kibertəhlükəsizlik məsələlərində ciddi problemlər olmayacaq, COP29 İT komandası qarşıya qoyulan vəzifəni uğurla yerinə yetirə biləcək.