Ekspert: Dövlət məmurlarının işdə qalmağını İT mütəxəssislər təyin edəcək

27-02-2025 / 16:39
"Proqramçılar və İT mütəxəssislər dövlət məmurlarının işdə qalıb-qalmamasına qiymət verəcək".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, Prezident Trampın maraqlı addımlarından biri də dövlət sektorunda səmərəliliyi müəyyən etmək üçün yeni qurum yaratması və tətbiq edilən üsullar olub:
 
"ABŞ-da bu məqsədlə yeni qurum - Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti(DOGE) yaradılıb. İlon Mask da Tramp tərəfindən bu qurumun rəhbəri təyin edilib.
 
Mask DOGE-nin əsas komandasını X-də elan verməklə və özünün rəhbərlik etdiyi İT şirkətlərdə çalışan gənc proqramçılardan, data analitiklərdən və İT mütəxəssislərdən formalaşdırıb. Maskın özünün də hətta gecələr DOGE-nin yerləşdiyi binada yatdığı bildirilir.
 
Maraqlıdır ki, dövlət sektorunda səmərəlilik və effektivliyi müəyyən etmək üçün də indiyədək dövlət sektorundakı ənənəvi üsullardan deyil, fərqli bir yanaşmalar tətbiq edilib".
 
Osman Gündüzün sözlərinə görə, İlon Mask indiyədək Tesla, SpaceX və X-da optilamlaşdırma və qənaətlə, səmərəliliklə bağlı tətbiq etdiyi bütün üsulları dövlət sektoruna tətbiq edir: 
 
"Yəni qısa desək, Mask hazırda dövlət sektorunda səmərəliliyi ölçmək üçün biznes sektorundakı yanaşmalardan, monitorinq və hesabatlılıq sistemlərindən istifadə edir.
Maskın komandası 2 milyon federal işçiyə e-poçt göndərib. Məmurlar son bir həftədə gördükləri işlərlə bağlı məlumat verməlidirlər.
 
Düşünmək olar ki Maskın DOGE-dəki İT komandası süni intellekt, Big Data analizləri və digər rəqəmsal alətlərdən istifadə etməklə bu e-mailləri emal edib işçilərin taleyi ilə bağlı qərar verəcəklər. Cavab verməyənlər avtomatik işdən çıxarıla bilər. Məqsəd "ölü canları" sistemdən çıxarmaq, optimallaşma və büdcəyə qənaət etməkdir.
 
Düşünürəm ki, dövlət büdcəsindən effektiv istifadə və real işləməyənlərin aşkarlanması, süni intellekt və avtomatik nəzarət ilə idarəçiliyin optimallaşdırılması, hesabatlılıq və şəffalıq baxımından tətbiq olunan yanaşma effektiv ola bilər.
 
Amma süni intellektin verdiyi səhv cavablarla işdən çıxarılanlar, kütləvi hüquq pozuntuları, hüquqi və sosial problemlər, yaradıcılıqla bağlı məqamların nəzərə alınmaması, korrupsiya riskləri üçün münbit şəraitin yaranması və s . bu kimi risklər də qaçılmazdır".
 
Ekspert bildirib ki, görünən odur ki ABŞ-da dövlət idarəetməsində yeni bir dövr, biznes idarəetməsinin üstünlük təşkil etdiyi dövr başlayır.
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə