“Elektron Təhsil” müsabiqəsində 113 layihə mübarizəni davam etdirəcək

30-05-2012 / 17:40
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsinin növbəti mərhələsində 113 layihə nominant statusu uğrunda mübarizəni davam etdirəcək. İKT-dən istifadə etməklə qurulan tədris prosesinin ən yaxşı modeli nominasiyası üzrə 36, İbtidai təhsildə İKT-dən istifadə üzrə ən yaxşı metodika nominasiyası üzrə – 28, Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika nominasiyası üzrə – 34, Müəllimlərin bloqları nominasiyası üzrə – 8, Təhsildə İnternet texnologiyaları nominasiyası üzrə – 7 layihə növbəti mərhələyə vəsiqə qazanmışdır.

Ümumiyyətlə, müsabiqəyə 1092 layihə təqdim olunmuş, onlardan yalnız 819-u meyarlara uyğun olaraq, qəbul olunmuşdur.

Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, HP, MƏDƏD təşkilatları və Nar Mobile şirkəti tərəfindən dəstəklənir.

Müsabiqəyə aid olan bütün məlumatlar müsabiqənin rəsmi İnternet-səhifəsi olan www.musabiqe.edu.az ünvanında yerləşdirilmişdir. İnternet-səhifədə müsabiqədə iştirak edən layihələrin müzakirəsi və fikir mübadiləsi üçün qeydiyyat sadələşdirilmişdir. Belə ki, müsabiqənin rəsmi İnternet səhifəsində (www.musabiqe.edu.az ) 3402 müəllim, 1150 tələbə, 2631 şagird, 382 valideyn və 886 təhsil üzrə mütəxəssis qeydiyyatdan keçmişdir.

Müsabiqə “Təhsildə İnternet texnologiyaları" və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunmuşdur. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet texnologiyalardan tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.