“Elektron Təhsil” Respublika müsabiqəsinə 230 layihə təqdim olunub

08-05-2013 / 15:03
Təhsil Nazirliyi tərəfindən hər il keçirilən "Elektron Təhsil" Respublika müsabiqəsinə bu günədək 230 layihə təqdim olunub.
Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, Azərbaycanda ənənəvi olaraq keçirilən müsabiqə "İntel" korporasiyasının "Gələcək üçün təhsil" proqramı, AZEDUNET, "Ultra", "Mədəd Azərbaycan", "Nar Mobile" və "Dr.Web" şirkətləri tərəfindən dəstəklənir. Müsabiqədə iştirak etmək üçün layihələrin qəbulu 24 may 2013-cü il tarixinədək davam edəcəkdir. Müsabiqənin rəsmi internet səhifəsində (www.musabiqe.edu.az) bu günədək 3812 müəllim, 1233 tələbə, 3155 şagird və 400 valideyn qeydiyyatdan keçib. Müsabiqə "Müasir məktəbdə elektron tədris resursları" və "Təhsildə internet texnologiyaları" istiqamətləri üzrə təşkil olunub.
Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan materiallar təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyası üzrə müəyyən olunacaqlar. "Təhsildə internet texnologiyaları" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları və bloqlar təqdim edilə bilər. Qaliblər "Təhsildə internet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə müəyyən olunacaqlar.
Müsabiqədə 3 nominasiya üzrə qaliblərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.
Qeyd edək ki, müsabiqə artıq dördüncü ildir ki, keçirilir və 2010-2012-ci illərdə keçirilən müsabiqələrdə ümumi olaraq 2000-dən artıq elektron resurs təqdim edilmiş və təhsil portalında yerləşdirilib.
Həqiqət İSABALAYEVA 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə