Əli Abbasov: “Elektron qaçaqmalçılığın qarşısını ala bilərik”

30-01-2015 / 22:24

Elektron ticarətdən sui-istifadə hallarının qarşısını almaq məqsədi ilə Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinə müraciət edib.

Xeberler.az APA-ya istinadən xəbər verir ki, bunu Şirvanda jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazir bildirib ki, son zamanlar elektron xidmətlərin genişlənməsi və elektron texnologiyalara əhalinin çıxışının genişlənməsi nəticəsində elektron kommersiya və elektron ticarət vasitəsi ilə alış-verişin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb: 

“Bu işlərin genişləndirilməsi üçün 2013-cü ilin oktyabr ayından elektron ticarəti poçt vasitəsi həyata keçirməklə ölkəyə gələn mallara gömrük rüsumunun 1000 dollardan çox olan məbləğinə tətbiq olunurdusa, yeni qərara görə bu məbləğin həddi 150 dollara endirilib. Bəzən elektron ticarətin müsbət tərəfindən istifadə edərək bəzi işbazlar qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərirlər. Elektron ticarətdən istifadə etməklə qaçaqmalçılığın qarşısını almaq üçün Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat və Sənaye, Maliyyə Nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə məsləhətləşmələr çərçivəsində məsələni araşdırırıq. 

Əgər haradasa bir neqativ hadisə varsa, bu o demək deyil ki, bu texnoloji inkişafı, xidməti dayandırmaq lazımdır. Əsas neqativ hallarla mübarizə etmək lazımdır. Dövlət Gömrük Komitəsi, həmçinin iqtisadi və təhlükəsizliklə məşğul olan qurumlar güclü elektron informasiya infrastrukturuna, idarəetmə və izləmə sisteminə malikdirlər. Və biz elektron qaçaqmalçılığın da bu metodlardan istifadə etməklə qarşısını ala bilərik”.

Ə.Abbasov qeyd edib ki, burada əsas məqsəd 1000 dollardan aşağı elektron ticarət vasitəsi ilə ölkəyə gətirilən mallara gömrük rüsumu tutulmaması birinci növbədə əhalinin, əsasən də aztəminatlı əhalinin maraqlarına uyğundur. 

“Onların alış-verişini yüngülləşdirmək üçün vacibdir. Bu onlara olunan xidmət və  verilən güzəştdir. Çalışırıq ki, bu güzəştlər əhali üçün qalsın. Lakin hansısa şəxslər, biznes strukturları bundan istifadə edərək neqativ hallara yol verib, elektron qaçaqmalçılıqla məşğul olurlarsa, biz elə yeni texnologiyanı tətbiq etməklə bunun qarşısını alacağıq. Elektron ticarət vasitəsi ilə əsasən ölkəyə gətirilən mallar mobil telefonlardır ki, bu sahədə ciddi uçot lazımdır. Çalışacağıq elə qərar qəbul edək ki, bu mobil telefonlara şamil olunsa da, digər mallara aid edilməsin”, - deyə nazir əlavə edib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.