imdb.com saytının istifadəçiləri filmlərə pulsuz baxa bilərlər
Amazon onlayn xidmətinə məxsus imdb.com saytı öz istifadəçilərinə film və televiziya şoularına pulsuz baxma imkanı verəcək. Reuters agentliyinin məlumatına görə, resurs 6000 adda film, klassik kino lentlər və seriallardan epizodlar təklif edəcək. Bundan başqa sayt televiziyada hələ efirə çıxmamış yeni seriallardan epizodlar da təqdim edəcək.
Amazon şirkəti son zamanlar rəqəmsal mediada öz payını artırmaq üçün daha çox güc sərf edir. Xəbər verdiyimiz kimi, ötən həftə şirkət Amazon Video on Demand adlı yeni onlayn videoxidmət təqdim etmişdi.
Sentyabrın əvvəlində isə istifadəçilərə səsyazma leyblları, ifaçılar və musiqi əsərləri haqqındakı informasiyaları redaktə etmək və tamamlamaq imkanı verən SoundUnwound adlı sayt açmışdı.
Cari ilin iyul ayında Amazon xəbər verib ki, film, tele-şou və seriallarla ticarət etmək niyyətindədir. Amazon Video on Demand onlayn xidmətini də məhz bu məqsədlə açmışdır.