“Kasperskiy laboratoriyası” spamların artdığını bildirib
“Kasperskiy laboratoriyası” şirkəti keçən ay ərzində İnternetdəki spamerlərin fəallığını yoxlayan analizin nəticələrini açıqladı.
Məlumata görə, trafikdə olan lazımsız məktubların sayı avqust ayı ilə müqayisədə 1,9 faiz artıb və orta hesabla 82,2 faiz təşkil edib. Ən aşağı spam göstəricisi sentyabrın 15-də qeydə alınıb (71,6 faiz). Ən çox spam isə 13 sentyabrda qeydə alınıb ki, həmin gün poçt trafikində spam 95 faiz təşkil edib. Avqustla müqayisədə bu ay arzuolunmaz məktubların payı azalmayıb, 9% təşkil edir.
Şirkət qeyd edir ki, keçən ay İnternet istifadəçiləri spamları daha çox böyüklər üçün olan reklam materiallarından alırdılar. Bundan başqa, spamerlər dərman preparatları, “seçmə” məhsulların ucuz satışı, təhsillə və turist səyahətləri ilə bağlı məktublar da göndəriblər.
Zərərli fayllar 1,09 faiz idi, fişinq saytlara göndərişlər isə elektron məktubların 0,62 faizini təşkil edirdi. Zərərverici proqramların yayılması prosesində dələduzlar sosial mühəndislik üsullarını tətbiq edir: cinayətkarlar çox vaxt çalışırlar ki, troyan modullarını antivirus proqramları, sənədlər və sairlə göndərsinlər. Həmçinin mütəxxəssislər qeyd edirlər ki, keçən ay xarakterik məktublardan biri məşhur şəbəkə resurslarının hüquqi məlumatlarının saxtalaşdırılmış şəkildə göndərilməsi olub.