“Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.

22-12-2011 / 13:11
 “Multimedia” Mərkəzi “Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər”   mövzusunda Dəyirmi Masa  təşkil edib.

Mərkəziin  direktoru Osman Gündüz tədbiri açaraq bildirib ki, son dövrlərdə ölkədə İnternetin və mobil rabitənin  sürətli inkişafı uşaqların İnternetdə təhlükəsizliyini xeyli aktuallaşdırıb. O tədbirdə “Uşaqların İnternetdə təhlükəsizliyi”   mövzusunda Təqdimatla çıxış edib. Təqdimatda son illərdə ölkədə bu istiqamətdə görülən işlər,  problemlər və onların aradan qaldırılması yolları öz əksini tapıb. Uşaqların zərərli informasiyalardan qorunması üçün  cəmiyyətin bütün təbəqələrinin səylərinin gücləndirilməsi, valideynlərin rolunun artırılması, metodiki-informasiya yönümlü fəaliyyətin sistemli olaraq aparılmasının vacibliyi qeyd edilib. O, həmçinin uşaqların təhlükəsizliyinin təmin edilməsinə köməklik məqsədilə yaradılan www.netsafe.az  İnternet resursu  haqqında məlumat verib.

Dəyirmi Masada həmçinin SAZZ provayderi və AzEduNet təşkilatının birgə həyata keçirməyə başladıqları təhlükəsiz internet xidməti (“Halal İnternet”) layihəsi haqqında  məlumat verilib. Adı çəkilən qurumların nümayəndələri Aynurə Həsənova və Emin Seyidov çıxış edərək bu xidmətin ilk növbədə Wi Max texnologiyası əsasında  təhsil müəssisələri çərçivəsində, gələcəkdə isə bütün ölkə ərazisində təklif ediləcəyini bildiriblər. AzEduNet şəbəkəsinin hazırda təhsil sistemində təhlükəsiz İnternetə girişin təmin edilməsi istiqamətində ciddi uğurlar əldə etdiyi qeyd olunub.

Dəyirmi masada mövzu ətrafında əlaqədar qurumların və ekspertlərin iştirakı ilə ciddi müzakirələr aparılıb. Müzakirələrdə Microsoft-Azərbaycan-ın nümayəndəsi Emin Axundov,  Uşaq hüquqları QHT Alyansının rəhbəri Nazir Quliyev,  Valideyn – Müəllim Assosiasiyasının rəhbəri Təranə Şərifova,  Aztelekom İB-nin direktor müavini Mehman Həsənov, Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin şöbə müdiri Ramil Süleymanov, Təhsil Nazirliyinin və RİTN-nin nümayəndələri  Akif Əliyev və Kamal Məmmədov, Avropa  liseyinin və Z. Əliyeva adına məktəbin İKT üzrə direktor müavinləri Aygün Əzizova və Rəhilə Əliyarzadə, psixoloq Bahar Kərimova, 20 saylı və  167  saylı məktəblərin müəllimləri Vəfa Zeynalova və Gülşən Məmmədova, Odlar Yurdu Universitetinin İnnovasiya Mərkəzinin rəhbəri Səbinə Əliyeva, Xəbərlər.az İKT portalının redaktoru  Ellada Mustafayeva və digərləri çıxış ediblər.

Çıxışlarda uşaqların təhlükəsizliyinin qorunması istiqamətində müəyyən işlər görülsə də xeyli sayda problemin olduğu qeyd edilib. Dövlət, təhsil  və özəl sektor və vətəndaş cəmiyyətinin birgə səylərinin vacibliyi vurğulanıb. Xüsusilə valideynlərin məsuliyyətinin artırılmasının zəruriliyi bildirilib. Maarifləndirici  işlərin  sistemli olaraq təşkil edilməsinin, uşaqların asudə vaxtlarının daha səmərəli təşkilinin, çeşidləyici proqramların milli versiyalarının yaradılmasının, qanun vericiliyi təkmilləşdirməyin mühüm əhəmiyyəti  qeyd olunub.

Tədbirdə irəli sürülən təklif və tövsiyələrin diqqətdə saxlanılacağı və aidiyyəti qurumlara göndəriləcəyi bildirilib. Toplantıda uşaqların təhlükəsizliyinin qorunması istiqamətində bu tip tədbirlərin müntəzəm olaraq keçiriləcəyi diqqətə çatdırılıb.

Dəyirmi Masada müvafiq dövlət qurumlarının, təhsil müəssisələrinin, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq qurumların  nümayəndələri iştirak edib

Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə və Təhsil Nazirliyi Təhsil sisteminin İnformasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.
 
xeberler.az/Günel

ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə