Huawei Naxçıvanda İKT ilə bağlı layihə həyata keçirib

23-05-2016 / 10:20

Proqram-layihə çərçivəsində informasiya-kommunikasiya texnologiyaları sahəsində biliyi ilə seçilən 6 tələbə Çin Xalq Respublikasına göndəriləcək

Xeberler.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin dəstəyi ilə Çin Xalq Respublikasının Huawei şirkəti tərəfindən Naxçıvan Universitetində Azərbaycanda ilk dəfə olaraq “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram-layihə həyata keçirilib.

Həmin proqram-layihə çərçivəsində Naxçıvandan olan 6 tələbə Çinin Huawei şirkətində istehsalat təcrübəsi keçəcək.

Naxçıvan Universitetində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Universiteti tərəfindən təyin olunmuş seçim komissiyasının sədri Elnur İbrahimov çıxışında bu barədə danışıb.

Bildirilib ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı Sərəncam ilə Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Universitetinin bir sıra ixtisasları muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib.

Elnur İbrahimov qeyd edib ki, Rabitə və Yeni Texnologiyalar Nazirliyi dünyanın informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı şirkətlərdən olan Çin Xalq Respublikasının Huawei şirkəti ilə uzun illərdir əməkdaşlıq edir. Bunun nəticəsində ötən ilin sentyabr ayında Naxçıvan Universitetində həmin şirkətin informasiya-kommunikasiya texnologiyaları mərkəzi yaradılıb. Mərkəzdə şirkətin avadanlığı, yeni nəsil modemlər və şəbəkə avadanlıqları nümayiş etdirilir.

Huawei şirkətinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq treninq proqramı həyata keçirilir”, - deyən müsabiqə komissiyasının sədri vurğulayıb ki, Azərbaycandan bu proqrama yalnız Naxçıvan Dövlət Universiteti və Naxçıvan Universiteti qatılıb.

 Proqram çərçivəsində komissiya üzvləri informasiya-kommunikasiya texnologiyaları sahəsində biliyə malik olan ən yaxşı 6 tələbəni seçərək Çinə istehsalat təcrübəsinə göndərəcək. İki həftəlik proqram çərçivəsində tələbələr əvvəlcə Pekinə gedərək Çin mədəniyyəti ilə tanış olacaqlar. Daha sonra onlara Huawei şirkətinin Şencen şəhərində yerləşən ofisində informasiya-kommunikasiya texnologiyalarının öyrənilməsi və istehsal üzrə təlimlər keçiriləcək.

Tədbirdə “Huawei” şirkətinin nümayəndəsi Fərhad Rzayev təmsil etdiyi şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verib.

Sonra şirkətdən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Universitetinin 13 tələbəsinin seçilmiş mövzular üzrə təqdimatı olub. Sonda müsabiqənin qalibi olan 6 tələbə seçilib.

Naxçıvan Universitetinin rektoru, professor İsmayıl Əliyev müsabiqədə qalib gəlmiş NaxçıvanUniversitetinin tələbələri Sənan Əhmədova, Əlişəms Cavadzadəyə, Qönçə Abduləliyevaya, Naxçıvan Dövlət Universitetinin tələbələri Rüstəm Məmmədova, İsmayıl Əliyevə və Səxavət Heydərliyə Çin Xalq Respublikasına getmək üçün dəvətnamələr təqdim edib.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.