İqtisadi İslahatların Təhlili Mərkəzi Microsoft Azərbaycan-la memorandum imzaladı-Foto

16-01-2017 / 12:42

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Microsoft Azərbaycan şirkəti arasında ikitərəfli əməkdaşlığa dair memorandum imzalanıb.

Xeberler.az-ın  məlumatına görə, sənədi İİTKM-nin icraçı direktoru  Vüsal Qasımlı və Microsoft Azərbaycan şirkətinin baş direktoru Sərxan Həşimov imzalayıb.

 Vüsal Qasımlı bildirib ki, qabaqcıl texnologiya və insan kapitalı daha yüksək əlavə dəyər yaradır. Onun sözlərinə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Microsoft Azərbaycan şirkəti arasında artıq uğurlu əməkdaşlıq nümunəsi var:

“Azərbaycan prezidentinin sərəncamına əsasən yaradılan Azərbaycan istehsalı olan məhsulların vahid məlumat bazası Microsoft şirkətinin Azure platformasından istifadə edir. Həmçinin, tərəflər Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinə töhfə vermək üçün də əməkdaşlığa başlayırlar. Məhz bu səbəbdən imzalanacaq memorandum bu istiqamətdə  atılan müsbət addımdır".

Microsoft Azərbaycan şirkətinin baş direktoru Sərxan Həşimov deyib ki, təmsil etdiyi qurum qabaqcıl innovasiya texnologiyalarını təqdim etməklə bizneslərin davamlı inkişafına dəstək olmağa çalışır.

Baş direktor bildirib ki, əhəmiyyətli bir dövrdə İİTKM ilə imzalanan memorandum bir çox yeni layihələrin reallaşmasına həmçinin yeni dəyərlərin yaradılmasına imkan verəcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz, elektron ticarət üzrə ekspert Rəşad Camal, AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev, Sahibkarlar Konfederasiyasının şöbə müdiri İsmayıl Ələkbərov, "Eurasia Diary" Analitik İnformasiya Portalının rəhbəri Ayaz Mirzəyev, türkiyəli professor Ali Kutvan və digər iştirakçılar çıxışlar edərək, İİTKM-nin ötən ildə strateji layihələr həyata keçirdiyini, Microsoft Azerbaijan şirkətinin isə daim innovativ və maraqlı yanaşması ilə seçildiyini vurğulayıblar.

Onlar əlavə ediblər ki, bu iki qurumun imzaladığı əməkdaşlıq memorandumu Azərbaycanda İKT sahəsində real layihələrin həyata keçməsinə imkan yaradacaq.

Memorandum Azərbaycan istehsalı olan məhsulların vahid məlumat bazasının yaradılması istiqamətində birgə əməkdaşlıq, İKT sektoru ilə bağlı təlimlərin təşkili, qiymətləndirmə və təhlil işlərinin aparılması istiqamətlərini müəyyənləşdirir. Həmçinin sənəddə milli iqtisadiyyatda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı birgə araşdırmaların aparılması, ölkədə elektron ticarətin inkişafı istiqamətində təkliflərin hazırlanması, inkişaf proqramlarının hazırlanması, innovasiya və texnologiyanın müxtəlif istiqamətləri üzrə proqram, layihə, araşdırma və digər müştərək fəaliyyət sahələrinin müəyyənləşdirilməsi məsələləri də yer alır.

 

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.