Naxtel abunəçilərinin sayı 10 mini ötüb

10-02-2017 / 12:20

Dördüncü nəsil mobil rabitə şəbəkəsi olan Naxtel 4G istifadəyə verildiyi qısa müddət ərzində telekommunikasiya və mobil rabitə sahəsində fəaliyyət göstərən qabaqcıl operatora çevrilib.

Belə ki, artıq mobil operatorun abunəçilərinin sayı 10 mini ötüb.

Bu barədə Xeberler.az-a Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik bildirib ki, mobil rabitə şəbəkəsi qurularkən ən müasir texniki yeniliklər tətbiq olunub. Naxtel Naxçıvan Muxtar Respublikası ərazisində quraşdırılan 98 baza stansiyası ilə muxtar respublikanın bütün ərazisində yüksəkkeyfiyyətli mobil rabitə xidmətləri göstərir.

Belə ki, bunun sayəsində muxtar respublika əhalisinin istifadə etdiyi mobil internetin sürəti 10 dəfə artıb. Mobil rabitə şəbəkəsində 800, 900 və 1800 meqahers tezlik diapazonlarının hər üçündən istifadə olunur.

Naxtel 4G Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Çin Xalq Respublikasının Huawei şirkəti arasında bağlanmış müqavilə əsasında qurulub.

Dördüncü nəsil mobil rabitə sistemi məlumatların alınması və ötürülməsi üçün özündən əvvəlki sistemlərlə müqayisədə daha yüksəksürətli və genişzolaqlı şəbəkələrə çıxış imkanına malikdir.

Məlumata görə, Naxtel MMC-nin təklif etdiyi xidmətlərdən biri olan GPS monitorinq müasir telekommunikasiyanın ən yeni nailiyyətlərinin iqtisadiyyatdakı tətbiqi nümunəsidir. Belə ki, bu texnologiyanın tətbiqi ilə nəqliyyat vasitələrinin hərəkətini izləmək, təhlükəsizliyə nail olmaq, yanacaq xərclərinə qənaət etmək, əmək intizamına, texnikanın istismarına nəzarəti gücləndirmək mümkündür.

Qeyd edilib ki, müştəri xidmətləri bölməsində nömrələrin satışı və qeydiyyatı, eyni zamanda vətəndaşların mobil rabitə ilə bağlı müraciətləri qəbul olunur.

Abonentlər mobil telefonlardan 299 nömrəsini yığaraq sorğu xidmətindəki operatorlarla əlaqə saxlamaq imkanına da malikdirlər.

Həmçinin naxtel.az internet saytına daxil olmaqla göstərilən xidmətlər haqqında ətraflı məlumat almaq və balansı artırmaq mümkündür.

Mobil şəbəkənin Naxçıvan şəhərində ofisləri də fəaliyyət göstərir. Bunun üçün Naxçıvan şəhərində bir neçə yerdə, muxtar respublikanın bütün rayon mərkəzlərində, habelə hər rayonun 10-a yaxın kəndində mobil rabitə istifadəçilərinə yüksəkkeyfiyyətli Naxtel 4G xidmətləri göstərilməsi üçün lazımi şərait yaradılıb.

Bu mobil şəbəkədən yalnız muxtar respublikada yox, ölkəmizin bütün yaşayış məntəqələrində istifadə etmək olur.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.