Oyunlara niyə onlayn bilet almaq olmur?-Rəsmi açıqlama

03-10-2017 / 15:56

Mediada futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Qarabağ- Roma oyunundan sonra qarşılaşma üçün bilet satışını reallaşdıran İticket şirkətinə qarşı müəyyən narazılıqlar yaranıb.

Şirkət bunları nəzərə alaraq rəsmi açıqlama yayıb.

Xeberler.az həmin məlumata istinadən açıqlamanı təqdim edir:

“Bütün suallara aydınlıq gətirmək üçün ilk növbədə onu bildirək ki, İticket-də 2 cür bilet satılır: biri elektron, digəri isə adi, kağız bilet.

Onlayn olaraq bilet aldıqda siz elektron bilet əldə edirsiz ki, həmin bileti istədiyiniz adi kağızı çap edib, teatra, konsertə gedərkən qapıda göstərərək içəri daxil olmağınız mümkündür. Amma böyük idman yarışları - futbol, Formula 1, Olimpiya Oyunları kimi tədbirlərdə mütləq onlayn alınan bilet, vauçer kağız biletə dəyişilməlidir.

Şirkət olaraq işimizi elektron bilet satışı ilə yekunlaşdırmaq bizə də rahat olardı. Əvvəl vauçer satmaq, sonra onu kağız biletə dəyişmək ikiqat zəhmət tələb edir. Lakin elektron bileti saxtalaşdırmaq çox asandır. Bir biletin 10, 100 ədəd surətini çıxarmaq mümkündür. Real biletin isə surətini çıxarmaq mümkün deyil. Məhz bu səbəbdən də mötəbər yarışlar zamanı biletin satışı əvvəl təkcə vauçerlərlə yekunlaşmır.

Qarabağ - Roma oyunu üçün bilet satışının təşkili İticket şirkəti olaraq ilk təcrübəmiz deyil. Bundan öncə Formula 1, İslam Oyunları kimi mötəbər yarışların bilet satışını da məhz şirkətimiz reallaşdırıb. Hal-hazırda paralel olaraq Voleybol üzrə qadınlar arası avropa çemiponatının bilet təminatçısıyıq.

Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra klubla bilet satışı ilə bağlı müqavilə imzaladıq. Sözləşmə imzalanandan dərhal sonra işə start verildi. İlk 3-4 gün ancaq biletin dizaynına sərf olundu. Hazırlanan nüsxə UEFA-ya göndərildi. Məhz qitə futbol qurumunun təsdiqini aldıqdan sonra həmin dizaynı İtaliyaya göndərdik. Bilet dizaynının hazırlanmasına UEFA-nın tələbinə əsasəndir, çünki Çempionlar Liqasının oyunları üçün bileti biz istədiyimiz dizaynda, kağızda çap edə bilməzdik. Biletin dizaynını mütləq UEFA təsdiqləməlidir. İtaliyada biletlər 15 günə hazır oldu. 3 gün ərzində də təyyarə ilə Bakıya gətirildi.

Sentyabrın 7-də vauçerlərin onlayn satışına başlandı. Vauçerlərin satışı müəyyən vaxt aparır. Çünki hər bir şəxs vauçeri alarkən özü haqda məlumatı təqdim etməlidir. Sentyabrın 19-20-si tarixlərində biletlər Bakıya çatdıqdan sonra vauçerlərin biletlərlə əvəzləməsi prosesinə start verildi. Bu proses qısa çəkdi. Çünki vauçer satışı zamanı alıcının özü haqda məlumatı verməsi müəyyən vaxt aparırdısa, bu dəfə həmin vauçeri təqdim edərək dərhal biletə sahib çıxmaq mümkün idi.

Narazılıqların bir qismi çatdırılma ilə bağlı idi. Halbuki çatdırılma prosesini biz həyata keçirmirdik. İticket şirkəti olaraq 8 gün ərzində 60 min bilet dəyişdik. Biz biletlərimizi ofisimizdə konvertə yerləşdirib çatdırıcı şirkətə təqdim edirdik, onlar da lazımi ünvana çatdırırdılar. Bir müddətdir partnyorluq etdiyimiz həmin şirkət işinin öhdəsindən 99,9 faiz gəldi. Çox cüzi sayda bilet sahibinə çatmayıb ki, bu da sifarişçilərin adlarını, yaxud telefon nömrələrini düzgün qeyd etməmələrindən irəli gəlir.

“İticket” şirkəti olaraq Azərbaycanda 18 kassamız vauçer satışı təşkil edirdi. Qısa müddət ərzində 60 min insana xidmət etmişik. Satış zamanı istər-istəməz növbə olmalıdır. Bu, dünya praktikasında da belədir. Çempionlar Liqası, UEFA Avropa Liqası kimi mötəbər turnirlərin vacib oyunlarına bilet satışları zamanı minlərlə insan saatlarla növbədə dayanır. Bu, qaçılmazdır. 60 min biletin satışını qısa müddət ərzində növbəsiz təşkil etmək qeyri-mümkündür. Digər tərəfdən də zaman çox az idi. Bütün bu işi 28 günə yerinə yetirdik. Halbuki, İslam Oyunları zamanı biletlə bağlı bütün prosesə 1 il vaxt sərf edilib.

Şirkətimizin Call Center-i bilet satıışı zaman fasiləsiz zənglər qəbul edirdi. Həmin mərkəzdə cəmi 3 operator fəaliyyət göstərirdi. 1 oyun üçün 50 nəfərlik “Call Center” saxlamağımız qeyri-mümkün idi. 1 saatda 1 operator 30 müştərinin maksimum sualını cavablandıra bilər. Bu isə 30 gün ərzində 10 min insanın zənginə cavab vermək deməkdir. İstər-istəməz 50 min insanın zəngi cavabsız qalır. Bütün azarkeşlərin suallarını cavablandırmaq fiziki olaraq qeyri-mümkün idi. Azarkeşlərin narahatçılığını aradan qaldırmaq üçün sosial şəbəkələr vasitəsi ilə mütəmadi olaraq hər kəsə biletinin çatdırılacağı barədə anonslar verirdik.

Biletlərin İtaliyada sifariş verilməsi ondan irəli gəlir ki, həmin kağızdan Azərbaycanda yoxdur. Biletlər mütləq dünya standartlarına uyğun olan həmin kağızlarda çap olunmalı idi. Hər yerdə mümkün olduğu qədər kassalarımızın sayını artırmışdıq. Azarkeşlərin rahatçılığı üçün şirkətimiz maksimum əlindən gələni edirdi. Bəzən əməkdaşlarımız işin sürətlənməsi üçün səhər saat 5-ə qədər çalışırdılar.

Azarkeşlərdən xahiş olunmuşdu ki, oyuna 3 saat öncədən gəlsinlər. Təəssüf ki, həmin vaxtda stadionun qarşısında maksimum 200 nəfər var idi. Onlar da çox rahat şəkildə stadiona daxil oldular. 1 saat ərzində bu proses normal şəkildə davam etdi. Bütün biletlər yoxlanılır, sonra azarkeşlər stadiona buraxılırdılar. Təəssüf ki, əsas kütlə, azarkeşlərin təxminən 70 faizi yalnız oyuna 40 dəqiqə qalmış stadiona təşrif buyurdular. Bu halda insan axınının qarşısını almaq mümkün olmadığı üçün müəyyən problemlər ortaya çıxdı. Stadionda 3 sektorun boş qalması isə həmin hissənin “Roma” fanatlarına ayrılmasından irəli gəlir. UEFA-nın qaydalarına əsasən, arenanın azarkeş tutumunun 5 faizi qədər yer qonaq komandaya ayrılmalıdır. İtaliyadan həmin sayda azarkeş ölkəmizə gəlməmişdi. Həmin sektorların biletlərinin yerli azarkeşlərə satılması isə qadağandır.

1 biletin 2 dəfə satılması da qeyri-mümkündür. Bununla bağlı yaranan narazılıq korporativ biletlərə aiddir. Belə ki, müəyyən şirkətlər vauçeri aldıqdan sonra onu hədiyyə ediblər. Bileti hədiyyə olaraq əldə edən şəxs də 2 dəfə vauçeri biletə dəyişməyə cəhd edib. Bu halda birinci şəxsin adı sistemdən çıxarılıb.

Biletlərdə alıcının ad və soyadının, şəxsiyyət vəsiqəsinin nömrəsinin qeyd edilməsi haqda qərarı İticket şirkəti olaraq Qarabağ Futbol Klubu ilə birgə qəbul etmişik. Bu addım “qara bazar”ın qarşısının alınması üçün atılıb. 100 faiz mümkün olmasa da, əminliklə söyləyə bilərik ki, “qara bazar”ın qarşısını ən az yarısından çoxunu ala bildik. Bir daha azarkeşlərin diqqətinə çatdırırıq ki, “qara bazar”dan bilet almasınlar. 2 manatlıq bileti 20-30 manata almağın nə mənası var?

Bildiyiniz kimi, artıq həm Atletiko, həm Çelsi ilə oyunlara vauçerlərin satışı başlanıb. Artıq Atletiko ilə oyun üçün satılan vauçerlərdən 5 mindən artığı biletə dəyişdirilib. Çelsi ilə görüş üçün isə 4 mindən çox vauçer satılıb. İnsanları indidən bilet almağa dəvət edirik. Bu halda onlar həm bizim həm də öz işlərini asanlaşdırmış olacaqlar".

 

Xeberler.az

 

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.