Xarici media həmyerlimizin startapından yazdı-Müsahibə

04-10-2017 / 12:40

Həmyerlimizin həmtəsisçisi olduğu qlobal  JoinB2B.com startapı xaricdə maraqla qarşılanır.

Qalib Məmmədov Macarıstan mediasına verdiyi müsahibədə startap barədə ətraflı danışıb.

Xeberler.az həmin müsahibəni Azərbaycan dilində təqdim edir:

DailyNewsHungary: Macarıstan haqqında haradan məlumat əldə etmisiniz?

Qalib Məmmədov: Mən Macarıstan haqqında məktəb vaxtlarımdan etibarən müəyyən məlumatlara sahibəm. Çox qədim tarixə və mədəniyyətə malik bir ölkədir. Paytaxtı Budapeşt Avropanın ən gözəl şəhərlərindən biridir. Qısaca desək, burda startapla məşğul olmaq xoşdur.

DailyNewsHungary: Macarıstanda olan biznes mühiti sizi necə cəlb etdi?

Qalib Məmmədov: Doğrusu, həmtəsisçilərimizdən biri Budapeştdə yaşayır və işləyir. O məni Macarıstan haqqında araşdırma aparmağa inandırdı və bildirdi ki, bura startaplar üçün çox əlverişli məkandır. Araşdırma etdikcə Budapeştin Mərkəzi və Şərqi Avropada sahibkarlıq mərkəzi olduğunu aşkar etdim.  Forbes jurnalının Budapeşti Avropadakı 5 ən önəmli sahibkarlıq mərkəzlərindən biri olaraq qeyd etməsi məni təsirləndirdi. Biz qərara aldıq ki, hadisələrin mərkəzində olmaq, başqa startaplarla, investorlarla və s. daim əlaqədə olmaq istəyirik. Budapeşt bu məqsədləri reallaşdırmaq üçün bizə əvəzedilməz imkanlar yaradır.

DailyNewsHungary: Səhv etmiriksə Siz www.JoinB2B.com startapının həmtəsisçilərindən birisiniz. Bu fikir haradan ağlınıza gəldi?

Qalib Məmmədov: Bəli, bu doğrudur, biz JoinB2B adlanan startapını yaratdıq. Bu saytın konsepsiyası təqribən 2 il öncə iş yoldaşım Çingiz Mehbalıyev tərəfindən irəli sürülüb. O, B2B münasibətlərdə şirkətləri bir-birinə uyğunluğunu müəyyən edib və onları bir-birinə təqdim edən əlaqələndirici onlayn vasitə yaratmaq fikrini bildirdi. O zaman üçün bu sadəcə bir ideya idi və Çingiz bəy ideyasını reallaşdırmaq üçün çox yaxşı komandaya ehtiyac duyurdu. Doğrusu mən şəxsən Çingizə və onun sahibkarlıq bacarıqlarına güvənirdim, buna görə də ideya üzərində çox düşünmədim və ideyanın ağlabatan olmasını mübahisə mövzusuna çevirmədim. Çünki mən insanlara ideyalardan daha çox güvənirəm. Layihənin icrası zamanı mən konsepsiyanı getdikcə daha çox sevməyə başladım.

Daily News Hungary: JoinB2B-nin missiyaları nələrdən ibarətdir? Bu barədə bizə danışa bilərsiz?

Qalib Məmmədov: JoinB2B-nin missiyası şirkətləri onların hədəf ölkələrindən, məqsəd və məhsullarından (həmçinin tenderlərindən) asılı olaraq bir-birinə uyğunlaşdırıb təqdim etməkdən ibarətdir. JoinB2B yalnız kommersial şirkətlər üçündür və bu səbəbdən fiziki şəxslərə öz profillərini yaratmağa icazə verilmir. Bizim sayt şirkətlərə öz yerli və xarici partnyorlarını tapmağa və onlarla birbaşa əlaqə qurmağa imkan yaradır. Genişləndirilmiş axtarış sistemi yalnız şirkətləri deyil, həm də lazımi xidmət, məhsul və tenderləri tapmağa kömək edir. Saytın funksiyaları biznes sahiblərinə öz partnyorlarını və rəqiblərini daim göz önündə tutmağa və həmçinin yeni şirkətlərlə əlaqədə qalmağa kömək edir. Mən həm də vurğulmaq istərdim ki, JoinB2B-nin bütün funksiyaları pulsuzdur.

Daily News Hungary: Bu şirkətlər üçün sosial şəbəkədir? Nəyə görə biznes sahibləri JoinB2B-ni Facebook və LinkedIn kimi sosial şəbəkələrdən üstün tutmalıdır?

Qalib Məmmədov: Bu, çox yaxşı sualdır. JoinB2B kampaniyalar üçün nəzərdə tutulmuş şəbəkədir. Biz bunu sosial şəbəkə kimi adlandırmırıq, çünkü düşünürük ki,  sosial şəbəkə anlayışı JoinB2B üçün düzgün ifadə deyil.

Çoxları razı olar ki, günümüzün en effektiv B2B vasitəsi LinkedIn-dir. LinkedIn öz biznes oriyentasiyası ilə sosial şəbəkə xidməti təklif edir, amma birmənalı və tam funksiyalı biznes şəbəkə xidmətləri təklif etmir. Siz biznes sahibi kimi öz şəxsi profilinizlə LinkedIn-ə daxil olursunuz, bu zaman siz bütün növ peşə sahibləri ilə, o cümlədən iş axtaranlar, təcrübəçilər, tələbələrlə qarşılaşırsınız. Əlavə olaraq, poçt qutunuz iş axtaranların məktubları ilə doldurulması ilə üzləşirsiniz; işlə əlaqəli olmayan ismarıcları görürsünüz. Uzun sözün qısası, sizi cəlb edən B2B ehtiyaclarınızı ödəmək üçün şans əldə etməzdən əvvəl bir çox manelərlə qarşılaşırsınız. Halbuki, biznes platformanız yalnız potensial tərəfdaşlarla görüşmək istədiyiniz konfrans otağınız kimi olmalıdır. B2B məqsədlərinizə çatmaq üçün konfrans otağınızda HR köməkçiləri, çarəsiz iş axtaranları və təcrübəçiləri görmək istəməyəcəksiniz. Şirkətlər yalnız digər şirkətlərlə əlaqə saxlaya biləcəkləri ixtisaslaşmış biznes platformasının üzvü olmağa layiqdirlər. Digər sosial şəbəkələrdən fərqli olaraq, JoinB2B yalnız şirkətləri bir-biri ilə əlaqələndirir və heç bir B2H, H2H və ya B2C əlaqəsi baş vermir ki, bu da platformanı tamamilə ixtisaslaşmış B2B şəbəkəsi edir.

Daily News Hungary: Artıq qeydiyyatdan keçmiş istifadəçilər varmı? Hər hansı Macar şirkətləri JoinB2B istifadə edirmi?

Qalib Məmmədov: Fəaliyyət göstərdiyimiz  bir ildə heç bir əhəmiyyətli marketinq xərcləri olmadan dünyanın 53 ölkəsindən və 100 şəhərindən yüzlərlə şirkətləri  JoinB2B-də qeydiyyatdan keçməyə cəlb edə bildik. (Bu məlumat daim yenilənir. Belə ki, hazırda saytda 58 ölkədən 142 şəhərdən şirkətlər qeydiyyatdan keçiblər.) Bəli, Macarıstandan JoinB2B-də qeydiyyatdan keçmiş onlarla şirkət var. Beləliklə, qlobal startaplar ekosisteminin reytinqini müəyyən edən www.startupblink.com saytında JoinB2B Budapeştdə 131 ən yaxşı startap arasında 35-ci yerdə qərarlaşıb.

Daily News Hungary: Niyə şirkətlər öz biznes tərəfdaşlarını JoinB2B də axtarmalıdırlar?

Qalib Məmmədov: Biz, həqiqətən də düşünürük ki, istədiyiniz partnyor şirkətini  JoinB2B-də tapmaq Google-da tapmaqdan daha asandır. Təsəvvür edin ki, Google-da “Filial açmaq məqsədi ilə Macarıstan bazarını hədələyən Berlində yerləşən avtomobil istehsalçısı” yazırsınız. Mən fikirləşirəm ki, Google sizin tam olaraq nə istədiyinizi vaxt itkisi olmadan başa düşməyəcək. Lakin JoinB2B-də asanlıqla ölkənizi, şəhərinizi, şirkətin ölçüsünü, fəaliyyət sahəsini, B2B məqsədini, hədəf ölkənizi və hədəf şəhərinizi seçərək istədiyiniz şirkətləri asanlıqla tapa bilərsiniz. Biznes tərəfdaşları tapmaq baxımından JoinB2B.com saytı Google-dan daha effektivdir.

Daily News Hungary: Gələcəyin gözlənilməz olduğunu bilirik, amma soruşmaq istərdik ki, gələcəyə yönəlmiş planlarınız nələrdir?

Qalib Məmmədov: Bizim planlarımız səsimizi mümkün qədər daha çox eşitdirmək və bacardığımız qədər çox şirkətə xidmət etməkdir. Bizə daha da sürətlə inkişaf etməyə kömək edəcək ilk toxum (seed) investisiyasını almağı planlayırıq.

Daily News Hungary: Macarıstan haqqında bildiyiniz hansı fakt sizə ən çox təsir edir?

Qalib Məmmədov: Macarıstan rəqəmsal kompüterin ilk konsepsiyasını yaradan böyük riyaziyyatçı Jon Von Neumannın vətənidir. Əlavə olaraq, bu ölkədə işimizi qurmağa təşviq edən səbəb Aİ-nın ən aşağı korporativ vergiyə malik olmasıdır. Belə faktlar komandamız və mənim üçün ilham mənbəyidir. Eyni zamanda Budapeşt, Macarıstan, 2020-ci ilə qədər Avropanın yeni startap paytaxtı olmağı hədəfləyir

 Daily News Hungary: Maraqlı müsahibə üçün təşəkkür edirik.

Qalib Məmmədob: Suallarınız və bu müsahibəyə dəvətiniz üçün təşəkkür edirəm. Macarıstanda əsası qoyulan startuplar haqqında məlumatlılığın artırılması üçün çalışdığınızı yüksək dəyərləndiririk.

 Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə