Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 6-cı qrant müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Xeberler.az məlumat verir ki, nazir Ramin Quluzadə qrantları sahiblərinə təqdim edib.
Qeyd edək ki, Fondun Müşahidə Şurasının qərarı ilə Çingiz Rəhimovun Virtual cərrahiyyə (29 min AZN), Röyal Əmrahovun Məktəbə hazıram (16 min AZN), Samir Həbiblinin Sletti (15min AZN), Çingiz Mehbalıyevin www.joinb2b.com (14 min AZN), Namiq Qədirovun Ağıllı oyuncaqlar (11 min AZN) layihələri qrant müsabiqəsinin qalibi elan edilib.
Nazir bildirib ki, Azərbaycanda innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara daim diqqət və dəstək göstərilir. Bunun nəticəsi olaraq son illərdə Azərbaycanın startap ekosistemi daha da inkişaf edib və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşıb.
Onun sözlərinə görə, Fondun keçirdiyi qrant müsabiqələrində 100-dən artıq layihə dövlət tərəfindən maliyyələşdirilib: “Fondun bu günə qədər keçirdiyi 6 qrant müsabiqəsinə təqdim olunmuş 903 innovativ və tətbiqi elmi-texniki layihədən 117-nə qrant ayrılıb. İcrası yekunlaşdırılmış layihələrdən 20-si kommersiyalaşdırılıb və fəaliyyətini davam etdirərək bazarda öz yerini tutub. Hesab edirəm ki, Fond tәrәfindәn verilәn qrantlar startapçıların şəxsi bizneslәrinin qurulmasında əvәzsiz rola malikdir”.
R.Quluzadə eyni zamanda Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində rezident olan startapçılar üçün xüsusi sərfəli şərtlərlə münbit şərait yaradıldığını vurğulayıb: “Startap ekosisteminin formalaşdırılmasının ən vacib elementlərindən biri investisiya qoyuluşudur. Bu günədək ölkəmizdə startaplar, əsasən, dövlət tərəfindən maliyyələşdirilib. Hesab edirəm ki, bu sahədə özəl sektorun rolunun artırılmasının vaxtı gəlib çatıb. Yaxın vaxtlarda startapların maliyyələşdirilməsi üçün potensial investorları bir araya toplayacağıq. Yəqin ki, bu, İnvestorlar Klubu formatında bir təşkilat olacaq. Ümumiyyətlə, biz çalışırıq ki, startapçılarımız alternativ maliyyə mənbələrinin axtarışında olsunlar”.
Nazir həmçinin qeyd edib ki, bu cür tədbirlərin həyata keçirilməsində əsas məqsəd innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, eləcə də bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.
Tədbirdə çıxış edən Nazirliyin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqələri təşkil edir. O qeyd edib ki, Fondun növbəti, sayca 6-ci qrant müsabiqəsinə 149 layihə təqdim edilsə də, həmin layihələrdən 138-i ilkin ekspertiza mərhələsini keçib. Kompleks ekspertiza mərhələsini isə 39 layihə uğurla keçərək Müşahidə Şurasına təqdim olunub. Müşahidə Şurasının qərarı ilə isə, qrant müsabiqəsinin bütün meyarlarına cavab verən 5 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib.
Müsabiqənin keçirilmə qaydalarından danışan R.Əzizov bildirib ki, qrant müsabiqələri çərçivəsində layihələr 2 mərhələdə qiymətləndirilir. “Birinci mərhələdə 15 iş günü müddətində müsabiqəyə təqdim olunan layihələrin ilkin ekspertizası aparılır. İkinci mərhələdə isə ilkin ekspertiza mərhələsindən keçmiş layihələr 20 iş günü müddətində müstəqil ekspertlər tərəfindən kompleks ekspertizadan keçirilir. Kompleks ekspertizanın nəticəsində müsbət rəy almış layihələr yekun qərarın qəbul edilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edilir. Yekun qərar ölkənin İKT sahəsində təcrübəli ekspertlərindən formalaşdırılmış Fondun Müşahidə Şurası tərəfindən qəbul edilir”, - deyə R.Əzizov vurğulayıb.
Qrant müsabiqəsinin qalibi olmuş layihələrə gəldikdə isə, qalib layihələrdən olan Virtual cərrahiyyə müasir texnologiyaların tətbiqi ilə daha dəqiq və effektiv cərrahi əməliyyat modelinin hazırlanmasına xidmət edir.
Belə ki, KT (kompüter tomoqrafiyası) və ya MRT (maqnit rezonans tomoqrafiyası) müayinələrinin 3D formatı və cərrahi əməliyyatın virtual planlaşdırma sxemi xüsusi holoqrafik cihaza ötürülür. Bundan sonra cərrah artırılmış reallıq eynəyi taxaraq onun kompüterində olan məlumatı xüsusi proqram təminatı ilə əməliyyat sahəsinə yerləşdirir. Beləliklə, cərrah əməliyyat sahəsinin real görüntüləri ilə yanaşı, gözə görünməyən anatomik strukturların 3D formatda radioloji görüntüsünü əldə edir.
Məktəbə hazıram layihəsi məktəbə hazırlıq, yəni 3-6 yaş qrupuna aid olan uşaqların zehni inkişafını sürətləndirmək, onların əylənərək öyrənməsini, məktəbə tam hazır şəkildə yetişməsini və texnoloji avadanlıqlardan daha səmərəli istifadəsini təmin etmək məqsədi daşıyır.
Müsabiqə qaliblərindən olan Sletti mobil tətbiqi tərcüməçi ilə dinləyici arasında rəqəmli əlaqə yaradır, bütün tərcümə prosesini rəqəmli şəkildə sinxron olaraq təmin edir. Layihə 2 istiqamətdə - Tədbirlər üçün tərcümə və Fərdi tərcümə funksionallığını özündə birləşdirir.
Kommersiya şirkətlərinin biznes şəbəkəsi olan www.joinb2b.com biznes tərəfdaşları tapmaq baxımından faydalı hesab olunur. www.joinb2b.com şəbəkəsi ona qoşulmuş şirkətləri onların tələblərinə uyğun gələn şirkətlərlə birbaşa və vasitəçisiz əlaqələndirmək funksiyasını yerinə yetirəcək.
Ağıllı oyuncaqlar layihəsinin əsas məqsədi isə uşaqların əylənərək öyrənməsinə və ana dilinin təkmilləşdirilməsinə şərait yaratmaqdan ibarətdir.
Sonda çıxış edən qaliblər ölkəmizdə innovativ layihələrin reallaşdırılması üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ayrılan maliyyə vəsaitinin ideyalarının biznesə çevrilməsi üçün böyük rol oynadığını bildiriblər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri