Startap Günləri haqqında iştirakçıların təəssüratları

11-11-2015 / 15:40

Startap Günləri ərzində xaricdə startap tədbirlərində iştirak etmiş ekspertlərimizin  bölüşdüyü fikirlər, ideyalar, təcrübə, çox dəyərli idi”

Məlumat verdiyimiz kimi, Startap Azərbaycan tərəfindən Bakıda Yüksək Texnologiyalar Parkında Startap Günləri keçirilib. Tədbir 3 gün davam edib. Bu günlər ərzində iştirakçılara biznes haqqında təlim keçirilib, startap aləmindən yaxından tanıdığımız məşhur startapçılar onlara biznesin həlli yolları mövzusunda, komanda formalaşdırmaq və ideyanı inkişaf etdirmək haqqında öz fikirlərini bölüşüblər.

Startap 2015-in iştirakçıları  tədbir haqqında ümumi təəssüratlarını  Xeberler.az-la bölüşüb.

Soltanhəmid Məlikov bildirib ki, bu 3 gün ərzində startap aləmində təcrübəsi olan ekspertlərdən fikir almaq, onlarla ünsiyyətdə olmaq hər bir iştirakçı üçün maraqlı olub:

“Hətta deyə bilərəm ki, mənə deyəndə 3 gündür tədbir keçirilir, heç cür yadıma sala bilmədim birinci günü. Elə bildim ki, dünən gəldik, bu gün də bitirdik. Yəni, iştirakçılarla ünsiyyət  o qədər maraqlı oldu ki, artıq vaxtın necə keçdiyini şəxsən mən hiss etmədim. Çünki çox maraqlı insanlar, düşündürücü ideyalar var idi. Müsabiqəni təşkil edənlər, aparıcılar, nəticəni qiymətləndirənlər, praktik təcrübəsi olan insanlar idi. Biz də bu 3 gün ərzində sürətlə  işləyə bildik, o cümlədən maraqlı layihələrlə tanış olduq”.

“Uğurlu biznesə doğru addımlamaq istəyən hər bir gəncin yolu startap günlərindən keçməlidir”

Xeberler.az-a təəsssüratlarını bölüşən iştirakçılardan biri də müsabiqənin qalib komandasının (MusicBeez) üzvlərindən biri Elin Məlikzadədir.

Onun sözlərinə görə, Startap Günləri ərzində xaricdə Azərbaycanı təmsil etmiş insanların bölüşdüyü fikirlər, ideyalar, təcrübə, çox dəyərli idi.

“Sözün düzü, ilk gün heç bilmirdim ki, burada startap kimi iştirak etmək də mümkündür. O cümlədən,  qalib olmağı ağlıma belə gətirməzdim. Sonra komandada iştirak təklifi alandan sonra qısa bir zamanda maraq göstərən insanlarla qruplaşdıq və 3 gün ərzində effektiv iş gördük, çox şadam ki, birinci olduq. Startap günləri 2015-də iştirakımdan çox məmnunam. Müsabiqə mənə yeni maraqlı insanlarla tanış olmaq imkanı verdi, düşünürəm ki, bundan yaxşı heç nə ola bilməzdi. Tədbirdə iştirak etməklə Azərbaycanda ola-ola xarici biznes haqqında məlumat almaq imkanımızoldu”.

Əli Vəliyev
 hesab edir ki, Startap Günlərində təcrübəli ekspertlərlə ünsiyyətdə olmaq ona çox şey qazandırıb:

“3 gün ərzində keçirilən Günlərdə çoxlu məlumat qazandım. Konfransın birinci günündə ekspertlər arasında müzakirə olunan mövzulardan biri də informatika fənninin tədrisi ilə bağlı yaranan problemlər idi.
Mənim layihəm də sırf təhsillə əlaqəli olduğu üçün həvəslə təqdim etdim. Startap günləri maraqlı idi, hesab edirəm ki, uğurlu biznesə doğru addımlamaq istəyən hər bir gəncin yolu startap günlərindən keçməlidir”.

Səbinə İsayeva Xeberler.az-a bildirir ki, tədbir çərçivəsində iştirakçılar üçün yaradılan imkanlar (dəvət olunmuş təlimçilər, ekspertlər, məşhur startapçılar və s.) yüksək səviyyədə təşkil olunub:

“Startap Günləri ərzində çoxlu maraqlı, vacib informasiyalar əldə etdim. Birincisi, biznesi necə yaratmaq olar, onun yollarını öyrəndim. Düşünürəm ki, bu istiqamətdə xarici biznes haqqında məlumatlandırılmaq, ondan bəhrələnmək, uğurlu biznes yaratmağın asan yollarını müzakirə etmək vacib idi. Buna görə də təşkilatçılar tərəfindən dəvət olunan beynəlxalq ekspert Justin Crevierin "Marketing Yourself and your Business " ( Sizin marketinq və biznesiniz) mövzusunda  keçdiyi təliminə həvəslə qulaq asdım. O cümlədən komandada işləmək, layihəni təqdim etmək, müsahibədə düzgün davranış qaydalarına dair önəmli belə biliklər əldə etdim”.

Vaqif Kazımov Xeberler.az-a bildirib ki, startap atmosferi ilə tanış olmaq, maraqlı insanlarla ünsiyyət saxlamaq xoş idi.

“ Startap layihələri haqqında eşitmişdim, amma iştirak etməmişdim. Yaxşı ki gəldim və iştiakçı oldum. Bu 3 gün ərzində startap mühiti ilə tanış olmaq çox maraqlı idi.
Burada startapçı üçün layihəni düzgün təqdim etmək, diqqət yetirilməsi vacib olan məqamları bilmək və s. haqqında maraqlı məlumatlar əldə etdim. 
Hesab edirəm ki, öyrəndiklərimiz gələcək işlərimizdə bizə çox böyük dəstək olacaq”. 

İlham Səmədov hesab edir ki, startap günlərində iştirak edən hər kəs qalibdir:

“Bura gələndə qalib olmaq üçün gəlmişdim, amma iştirak etdkdən sonra anladım ki, hələ öyrənəcəyimiz çox şey var.
Biz komanda şəklində  formalaşdıq, birlikdə çoxlu müzakirələr etdik, məşhur startapçılarla görüşdük. Nəyi  və nə dərəcədə harada etmək lazımdır onu öyrəndik.
3 gün ərzində keçirilən Startap Günlərində əldə etdiyimiz məlumatların gələcəkdə quracağımız uğurlu biznes üçün çox xeyri olacağına əminəm”. 

Xalid Səmədov bildirir ki, startap layihələri gənclər üçün böyük ideyadır:

“Startap günləri haqqında təəssüratlarım çox xoşdur,burada xeyli məlumatlar əldə etdik. Ümumiyyətlə, hesab edirəm ki, Startap Günlərinin keçirilməsi gənclərin önə çıxması, layihələrini gerçəkləşdirmək üçün bir şansdır. Mən də bir iştirakçı kimi qonaqlarla, ekspertlərlə ünsiyyətdə oldum, investorlarla görüşdüm, onların dəstəklədiyi layihələri tanıdım. Layihəni təşkil edənlərə minnətdarlığımı bildirirəm. İdeya gözəl idi, layihə gözəl idi”. 




Ruhəngiz Muradova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə