Ali Ağan: «Azercell»in gələcək planlarından danışdı

22-04-2009 / 13:17

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkətinin prezidenti Ali Ağanın «APA-ECONOMICS»ə müsahibəsi:

-«Azercell»in 2008-ci ildəki fəaliyyətinin nəticələrini necə dəyərləndirirsiniz? Ötən ilin yekunlarına görə, şirkətin gəlirləri, investisiya qoyuluşları, vergi ödənişlərinin həcmi nə qədər olub?

- «Azercell» həmişə olduğu kimi, 2008-ci ili də uğurla başa vurub. Şirkət il ərzində həm öz qarşısında qoyduğu məqsədlərə, həm də «TeliaSonera» qrupu olaraq bütün hədəflərinə nail olub. Bu ili də bir şirkət olaraq eyni uğurla bitirəcəyimizə inanırıq və bu istiqamətdə fəal iş aparırıq.
«TeliaSonera» qrupuna daxil olan bir şirkət kimi «Azercell» 2008-ci ildə göstərdiyi fəaliyyətin yekunlarını, ana şirkət öz fəaliyyəti haqda məlumatları açmadıqdan öncə açıqlaya bilmərik. Yalnız onu deyə bilərik ki, Azərbaycan son illər ərzində sürətlə inkişaf edən bir ölkə olduğu kimi, «Azercell» şirkəti də paralel olaraq eyni templərlə inkişaf edir və bunun nəticəsi olaraq, 2008-ci ilin yekunları bütün fəaliyyət istiqamətləri üzrə pozitiv olacaq.

- Bu ilin sonuna kimi «Azercell» şirkətinin 3G texnologiyası üzərindən yeni xidmətlərin göstərməsinə başlamağı planlaşdırırmı?

- Azərbaycanda 3G texnologiyasını dəstəkləyən telefonlar mövcuddur, lakin texnologiya hələ ki, yoxdur. Bu ilin sonuna kimi biz şəbəkə operatoru olaraq, əhalinin son zamanlar gözlədiyi 3G texnologiyasını təqdim edəcəyik. «Azercell» şirkəti iki ildir ki, bu texnologiyanın tətbiqinə hazırdır və yaxın vaxtlarda tənzimləmə işləri bitdikdən sonra, əhaliyə 3G texnologiyası üzərindən xidmətlərin göstərilməsinə başlayacağıq. 3G texnologiyasının tətbiqi daha geniş çeşidli, daha böyük sürətlə keyfiyyətli xidmətlərin göstərilməsinə imkan yaradacaq. «Azercell» texniki nöqteyi nəzərdən ən yaxşı təchiz edilmiş şirkətdir. Bu texnologiyanın tətbiqi data xidmətlərini daha yüksək sürətlə göstərməyə, yeraltı kabellərin çəkilməsi mümkün olmayan uzaq kəndlərdə 3G texnologiyası vasitəsi ilə data xidmətlərini təqdim etməyə və orada yaşayan gəncləri və yaşlı nəslin nümayəndələrini İnternetlə tanış etməyə imkan yaradacaq. Artıq onlar kompüterdə görülən işləri mobil telefonlarında həyata keçirə biləcək.

- Beynəlxalq ekspertlərin rəylərinə görə, artıq 4G texnologiyasının tətbiqi daha məqsədəuyğundur. Sizin bununla bağlı fikrinizi öyrənmək istərdik. 

- Hansı daha düzgündür: bir başa 4G texnologiyasına keçid və ya mərhələlərlə, birinci 3G-nı, sonra isə 4G-nı tətbiq etmək – bu, dünyada ən çox müzakirə olunan məsələdir. Lakin bir mütəxəssis olaraq qeyd edə bilərəm ki, 4G texnologiyası, stabil kontenti hələ tam işlənmədiyinə görə, mövcud deyil. Bundan başqa, yeni texnologiyaların tətbiqində mərhələli keçid daha məqsədəuyğundur. Azərbaycanın mövcud telekommunikasiya və rabitə bazarına nəzər yetirdikdə aydın olur ki, ölkə üçün hazırda ən uyğun standart 3G-dir, çünki 4G texnologiyası növbəti 5 ildə hələ inkişaf edəcək. Buna görə də, biz Azərbaycan üçün daha faydalı və uyğun bir texnologiya kimi, özünü təsdiq etmiş 3G texnologiyasını seçmişik.

- Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin endirimə yönəldilmiş tarif siyasətinə uyğun olaraq, «Azercell» şirkətinin tarif endirimləri istiqamətində hansı tədbirlər görəcəyi gözlənilir?

- Ötən illə müqayisədə bizim tariflər çox endirilib və bu istiqamətdə işləri davam etdiririk. Bu endirimlərin mərhələlərlə tətbiqi onunla bağlıdır ki, biz paralel olaraq qiymətləri endirməklə yanaşı şəbəkəmizi sürətlə genişləndiririk. «Azercell» Azərbaycanda ən geniş əhatə dairəsinə malik olan operatordur, biz ölkə əhalisinin 99,6%-ni əhatə edirik. Qoyduğumuz yatırımlar nəticəsində 1 500-dən artıq radio-baza stansiyası quraşdırmışıq. Təkcə 3-4 kəndi və 500-600 nəfəri əhatə edən stansiyanın quraşdırılması üçün yüz minlərlə dollar vəsait xərcləyirik. Bu yatırımlar həmin regionda bizim xidmətlərdən istifadə edən abunəçilərdən gələn gəlirlərlə ödənilmir, bunun üçün 30-40 il gözləmək lazım olardı. Lakin bizim həyata keçirdiyimiz layihələr sosial öhdəlikdir və bütün ölkənin mobil rabitə ilə təmin edilməsi istiqamətində görülən bir işdir.


Müştəri bazası ildən ilə böyüyən «Azercell» bu günə kimi 1 mlrd. dollara yaxın investisiya yatırıb, bununla yanaşı tariflərdə endirimlər həyata keçirib və bu prosesi 2009-cu ildə də davam etdirməyi planlaşdırırıq. Digər operatorlarla bizim aramızda olan tarif fərqinə gəldikdə, bu onunla bağlıdır ki, onlar bizim sərf etdiyimiz vəsaitlərin bir hissəsini xərcləyərək, sadəcə Bakını, regional mərkəzləri və onlara yaxın kəndləri rabitə ilə təmin edir və bu regionlarda yaşayan gəlir səviyyəsi yüksək olan insanları telefonla danışmaq imkanı ilə təmin edirlər. Digər təbəqəyə aid olan insanlar, hansılar ki uzaq kəndlərdə yaşayırlar, bu imkandan məhrum olur. Beləliklə, onlar tərəfindən yatırılan sərmayələrin mahiyyəti azalır. Biz isə bütün ölkəni əhatə etməyə çalışırıq və bu halda bizim tariflərimizdə fərqin olması normaldır.

- Bu ilin sonuna kimi şirkət abunəçi bazasının genişlənməsi ilə bağlı hansı proqnozlar verə bilər?

- Bizim hazırda 3,5 milyon abunəçimiz var və onların sayı hər gün artır. Azərbaycan əhalisinin 8 milyon olmasına baxmayaraq, onların 1 milyonu ölkə xaricində - Rusiyada, Ukraynada, Türkiyədə işləyir və yaşayır. Buna baxmayaraq, bizim bazar payımız çox ciddidir, texniki nöqteyi nəzərdən də «Azercell»in digər operatorlarla müsbət fərqi var. Biz mütəmadi olaraq şəbəkəmizi genişləndirməklə yanaşı yayımı da artırmaqla daha böyük nailiyyətlər əldə etməyə çalışırıq və hazırda ilk məqsədimiz bu ilin sonuna kimi 4 milyon abunəçi bazasına malik olmaqdır.

- 2009-cu ilin sonuna kimi «Azercell»in əhatə dairəsi respublikanın ərazisinin və əhalisinin neçə faizini təşkil edəcək?

- Hazırda «Azercell» işğal altında olan ərazilər istisna olmaqla, Azərbaycan əhalisinin 99,6%-ni əhatə edir və əsas hədəflərimizdən biri əhatə dairəsini 100%-dək artırmaqdır. Əraziyə gəldikdə isə, biz Azərbaycan ərazisinin 80%-ni əhatə edirik və bura işğal altında olan ərazilər daxil deyil. Arzumuz odur ki, işğal altında olan ərazilərimiz azad olunsun və biz orada abonentlərimizə mobil rabitə xidməti göstərək.

- Dünya maliyyə böhranının «Azercell»in fəaliyyətinə təsiri olubmu, şirkətdə hər hansı bir ixtisar baş veribmi?

- Məlum olduğu kimi, hazırda dünyada qlobal iqtisadi böhran müşahidə olunur və elə bir ölkə yoxdur ki, bu böhran ona təsir göstərməsin. Lakin Azərbaycanda fəaliyyət göstərən bir şirkət olaraq, bizim bu baxımdan bəxtimiz gətirib. Ölkə Prezidentinin apardığı düzgün iqtisadi siyasət nəticəsində Azərbaycanda çalışan şirkətlər, digər ölkələrdən fərqli olaraq, daha rahat şəkildə böhranın öhdəsindən gəlir. Dünya Bankının hesabatları və ölkənin inkişaf tempini əks etdirən digər göstəricilər bunu bir daha təsdiqləyir. Onu da qeyd edim ki, bu təkcə neft sektorunun inkişafı ilə əlaqədar deyil, çünki bir sıra neft dövləti hazırda çox ciddi şəkildə böhranın yaratdığı problemlərlə mübarizə aparır. Azərbaycanda son beş ildə qeyri-neft sektorunun inkişaf templəri neft sektorunun inkişaf tempini üstələyir. «Azercell»ə gəldikdə isə, dediyim kimi, biz 2008-ci ili uğurla başa vurduq və 2009-cu ildə də lazımi yatırımlara, xalqa yeni xidmətlər və texnologiyalar təqdim etməkdə davam edəcəyik. İnsan qaynaqlarına gəldikdə isə, «Azercell»in ən böyük zənginliyi şirkətdə çalışan insanlardır, hansıların ki 99,9%-i azərbaycanlılardır. «Azərcell»in kadrlarının ixtisaslaşması istiqamətində qoyulan sərmayələrin həcmi ötən il 2 mln. dollar olub və bu il yatırımların davam etdirilməsi planlaşdırılır. Belə ki, dünyanın bir çox şirkətində olduğu kimi, işçiləri ixtisar etmək əvəzinə, biz əksinə, işə yeni işçilər cəlb edəcəyik. www.apa.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.