“Asan İmza” Kann şəhərində təqdim olunub

01-12-2016 / 10:56

“Made in Azərbaycan” brendi altında müxtəlif dövlətlərdə sərgi və konfranslarda davamlı olaraq təqdim olunan“Asan İmza” mobil gücləndirilmiş elektron imza xidməti bu dəfə  29 noyabr-1 dekabr tarixlərində Fransanın Kann şəhərində keçirilmiş “TRUSTECH 2016” konfransında  təqdim olunub.

“Palais des Festivals de Cannes” kompleksində reallaşan və özündə dünyanın 130-dən çox ölkəsindən olan 250-dən çox natiq və ümumilikdə 18 min iştirakçını cəmləşdirən konfransda ekspertlər tərəfindən iri həcmli məlumatların idarə olunması, etimad xidmətləri, blokçeyn texnologiyaları, elektron ödənişlərin gələcəyi, maliyyə texnologiyaları sahəsi, eləcə də elektron identitet və elektron hökumət kimi sahələrdə son yeniliklər və yanaşmalar müzakirə olunub.

Qeyd edək ki, konfransın keçirilməsinin başlıca məqsədi tədbir iştirakçılarını yüksək etimad yaradan texnoloji yeniliklərlə yaxından tanış etmək, innovativ texnologiyaları təqdim etmək, İKT sahəsində son nailiyyətlər haqqında qarşılıqlı müzakirələr və təcrübə mübadiləsi aparmaqdır.

Konfransın işində “Asan İmza” mobil gücləndirilmiş elektron imza xidmətinin operatoru olan B.EST Solutions şirkətinin təsisçisi Yana Krimpe iştirak edərək “Asan İmza” texnologiyasını geniş auditoriyaya təqdim edib. Azərbaycanda elektron hökumət quruculuğunda mobil imza və rəqəmsal identitetin rolundan danışan Yana Krimpe “Asan İmza” texnologiyasının innovativ, istifadədə asan və tam təhlükəsiz olduğunu qeyd edib. O bildirib ki, hazırda “Asan İmza” Azərbaycanda 500-dən çox elektron xidmətdə istifadə olunur və mobil identitet sisteminin tətbiq edildiyi bu növ xidmətlərin sayı günü-gündən artır. “Asan İmza” istifadəçilərin şəxsi məlumatlarına hər hansı icazəsiz müdaxilənin qarşısını tamamilə alır, belə ki xidmətdən istifadə üçün tələb olunan məlumat yalnız istifadəçinin özünə bəlli olur. Diqqətə çatdırılıb ki, “Asan İmza” dünyanın bir sıra dövlətlərində keçirilən nüfuzlu sərgi və konfranslarda “Made in Azerbaijan”  brendi altında fəal şəkildə təqdim olunur.

Hazırda bu texnologiyanın ixracı istiqamətində müvafiq fəaliyyət aparılır və artıq Ukraynada Azərbaycanın “Asan İmza” texnologiyasının bazasında mobil elektron imza xidmətinin tətbiqi ilə bağlı layihə uğurla başa çatdırılıb. Həmçinin B.EST Solutions şirkəti və İSESCO arasında Azərbaycanın mobil identitet texnologiyasının əsasında bu beynəlxalq təşkilat üçün dünyada ilk transmilli elektron imza və sənəd dövriyyəsi platformasının işlənməsi və tətbiqi sahəsində uğurlu əməkdaşlıq qeyd olunub.

Konfrans iştirakçıları “Asan İmza”nın bir çox sahələr - vergi, gömrük, maliyyə, təhsil sahələrində yaratdığı geniş imkanlar haqda ətraflı şəkildə məlumatlandırılıblar. Bildirilib ki, elektron vergi bəyannamələrinin təqdimi, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, ali təhsil müəssisələrinə qəbulun onlayn qeydiyyatı, internet və mobil bankçılıq kimi vacib elektron xidmətlər “Asan İmza” vasitəsilə icra edilir, mobil imza artıq dövlət və özəl strukturların telefon-çağrı mərkəzlərinə inteqrasiya edilib.

“TRUSTECH 2016” tədbiri çərçivəsində həmçinin, “Secure Identity Alliance” təşkilatı tərəfindən bütün dünya üzrə dövlət sektoru təsisatlarının nümayəndələri üçün işçi görüş təşkil olunub. Görüşün Avropa təcrübələri sessiyasında “Asan İmza” mobil elektron imza xidməti təqdim olunub. “Secure Identity Alliance” – dünyada davamlı iqtisadi inkişafın etimad texnologiyaları və təhlükəsiz elektron xidmətlərin geniş şəkildə yayılması vasitəsilə reallaşmasını dəstəkləyən təşkilatdır. Təşkilatı təsis edən və ona üzv olan qurumlar arasında dünya miqyasında elektron identitet alətləri və texnologiyaları təqdim edən “Gemalto”, “Morpho” (Safran Group), “Oberthur  Technologies”, “Emirates Identity Authority”, Almaniya Federal Daxili İşlər Nazirliyi (BMI), “Connecting Technology for Citizens” Beynəlxalq Assosiasiyası (Interact4c), Niderland Daxili İşlər Nazirliyi yanında İdentifikasiya məlumatları üzrə Milli İdarə və s.yer alır.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə