Azərbaycanın İKT şirkətləri olan B.EST Solutions və Cybernet İngiltərə və Latın Amerikasını təmsil edən digər iki şirkətin də daxil olduğu beynəlxalq konsorsium çərçivəsində Sinqapurda mobil identitet və elektron imza texnologiyasının yaradılması və tətbiqi üzrə tenderdə iştirak edir.
Xeberler.az-ın məlumatına görə, Sinqapurun İKT-nin İnkişafı üzrə Agentliyinin elan etdiyi tenderin tələblərinə əsasən, iştirakçılar açıq açar infrastrukturuna (PKI) əsaslanan rəqəmsal identitet və autentifikasiya sisteminin yaradılmasına dair təkliflərlə müsabiqəyə qatıla bilər.
Hazırda Sinqapurda elektron mühitdə şəxsiyyətin müəyyənləşdirilməsi aləti kimi ənənəvi istifadəçi adları və şifrələrdən, eləcə də SMS vasitəsilə göndərilən və ya elektron bankçılıq yaxud digər e-xidmət təminatçılarının sistemlərində istifadə edilən müxtəlif təhlükəsizlik tokenləri vasitəsilə generasiya olunan birdəfəlik şifrələrdən (OTP) istifadə edilir.
Mobil autentifikasiya və imzalama texnologiyasının tətbiqi vətəndaşlara bütün dövlət və özəl xidmət təminatçılarının onlayn sistemlərində bu texnologiyadan istifadəyə imkan verəcək. Sinqapur hökuməti əhali arasında mobil identifikasiya alətinin geniş vüsət alacağına ümid edir, belə ki bu ölkə mobil rabitənin cəmiyyətdə nüfuzu göstəricisinə görə (150%) dünya üzrə qabaqcıl yerlərdən birini tutur.
Azərbaycan tərəfi sözügedən tenderdə özünün “Asan İmza” mobil elektron imza texnologiyasına əsaslanan təklifi ilə çıxış edir. “Asan İmza” texnologiyası mobil autentifikasiya və imzalama sahəsində hazırda dünyada mövcud olan ən qabaqcıl və təhlükəsiz həldir.
“Asan İmza” xidmətinin mövcud olduğu iki il ərzində ölkədə 200 mindən artıq mobil identifikasiya sertifikatı verilib və mobil imza vasitəsilə onlayn mühitdə 15 mln-dək əməliyyat icra edilib. “Asan İmza” istifadəçiləri ölkədə mövcud olan 500-dən artıq dövlət və özəl elektron xidmətlərdən yararlana bilər.
“Asan İmza” xidmətinin operatoru olan B.EST Solutions şirkəti digər elektron xidmət təminatçıları ilə birgə Azərbaycanı dünyada mobil imzanın istifadəsinin ən yüksək olduğu ölkəyə çevirməyi hədəfləyir.
Cybernet şirkəti Azərbaycanda İKT xidmətləri və həlləri təqdim edən aparıcı şirkətlərdən biridir. Dövlət, bank, telekommunikasiya, iri və orta biznes sektorlarına istiqamətlənən şirkət korporativ idarəetmə, maliyyə və biznesin avtomatlaşdırılması üzrə qabaqcıl proqram və aparat həllərinin tətbiqi, təkmilləşdirilməsi, texniki dəstək və inteqrasiyası üzrə xidmətlər təklif edir.
Şirkətin həyata keçirdiyi layihələr sırasında Azərbaycan Respublikası Vergilər Nazirliyi üçün yaradılmış Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və 20-dən artıq alt sistem, “Bir pəncərə” prinsipi hüquqi şəxslərin qeydiyyatı sistemi, dövlət orqanları arasında məlumat mübadiləsi sistemi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi üçün yaradılmış avtomatlaşdırılmış sənəd dövriyyəsi informasiya sistemi və daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsi sistemi, mobil elektron imza layihəsində iştirak və s. qeyd etmək mümkündür.
B.EST Solutions şirkəti elektron hökumət və rəqəmsal identitet sahəsində xidmət göstərən sürətlə inkişaf edən İKT şirkətidir. Azərbaycanda “Asan İmza” mobil elektron imza xidmətinin yaradıcısı və operatoru olan şirkət elektron hökumət dövlət informasiya sisteminin (Elektron Hökumət portalı) yaradılması, Vergilər Nazirliyi nəzdində Asan Sertifikat Xidmətləri Mərkəzinin yaradılması, “AsanPay” portalının hazırlanması, smart-kart əsaslı “Asan ID” elektron imza alətinin tətbiqi və digər önəmli layihələrin həyata keçirilməsində iştirak edib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri