Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəisi Murad Balayev ABŞ-nin Kolorado ştatının Denver şəhərində keçirilən Milli CERT-lərin qapalı texniki iclasında (NatCSIRT Meeting) və 38-ci beynəlxalq FIRST konfransında (FIRSTCON26) iştirak edib.
Xeberler.az məlumat verir ki, NatCSIRT iclası ABŞ-nin Carnegie Mellon Universitetinin CERT Koordinasiya Mərkəzi (CERT/CC) tərəfindən təşkil olunub. Tədbir milli səviyyədə kibertəhlükəsizlik insidentlərinin qarşısının alınması və onlara cavab verilməsi funksiyalarını həyata keçirən CERT/CSIRT mərkəzlərinin nümayəndələri üçün nəzərdə tutulmuş qapalı beynəlxalq platformadır.
İclasın əsas məqsədi aparıcı CERT-lər arasında etimad və əməkdaşlığın gücləndirilməsi, kibertəhlükəsizlik sahəsində aktual çağırışların müzakirəsi, qabaqcıl təcrübələrin paylaşılması və transsərhəd kibertəhdidlərə qarşı koordinasiyalı fəaliyyət imkanlarının genişləndirilməsi olub.
Tədbir çərçivəsində müxtəlif ölkələrin milli CERT-ləri tərəfindən insidentlərə cavabvermə imkanlarının inkişafı, dövlət informasiya resurslarının və kritik informasiya infrastrukturunun mühafizəsi, təhdid kəşfiyyatı, beynəlxalq məlumat mübadiləsi mexanizmləri, rəqəmsal dayanıqlılıq və böhran idarəetməsi sahələrində əldə olunmuş təcrübələr təqdim edilib.
Dünyanın kibertəhlükəsizlik insidentlərinə cavabvermə sahəsində ən nüfuzlu beynəlxalq tədbirlərindən biri hesab olunan 38-ci beynəlxalq FIRST konfransı (FIRSTCON26) isə bu il "Müasir təhdidlərə qarşı adaptiv müdafiə sistemlərinin qurulması" ("Peak Defense: Building Adaptive Systems for Modern Threats") mövzusuna həsr olunub.
Konfrans çərçivəsində süni intellekt texnologiyalarının kibertəhlükəsizlik əməliyyatlarında tətbiqi, insidentlərə cavabvermə proseslərinin avtomatlaşdırılması, kibertəhdid kəşfiyyatı, kritik informasiya infrastrukturlarının qorunması, rəqəmsal dayanıqlılıq, təchizat zəncirinə yönəlmiş hücumlar, fidyə proqramları ilə mübarizə, beynəlxalq əməkdaşlıq və müasir təhdidlərə uyğun müdafiə yanaşmaları ilə bağlı çoxsaylı təqdimatlar, panel müzakirələri və texniki sessiyalar təşkil olunub.
Tədbir çərçivəsində müxtəlif ölkələrin CERT/CSIRT mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirilib, kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və gələcək qarşılıqlı fəaliyyət imkanları müzakirə edilib.
Bununla yanaşı, FIRSTCON26 çərçivəsində təşkil olunan beynəlxalq "Capture The Flag" (CTF) yarışında Azərbaycanı təmsil edən XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin "AzCyberForce" komandası 69 komanda və 179 iştirakçı arasında 5-ci yeri tutaraq ölkəmizin kibertəhlükəsizlik sahəsində peşəkar potensialını beynəlxalq səviyyədə nümayiş etdirib.
Qeyd edək ki, NatCSIRT 2026 və FIRSTCON26 tədbirlərində iştirak XRİTDX üçün beynəlxalq kibertəhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması və Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlərin beynəlxalq platformalarda təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.


























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları