Özbəkistanda süni intellektlə bağlı yeni qanun layihəsi təsdiqlənib

03-11-2025 / 10:00

Özbəkistan süni intellektdən (Sİ) istifadəyə dair yeni hüquqi çərçivə yaradır. Ölkədə Sİ-dən qanunsuz istifadə edənlər üçün inzibati cərimə və həbs cəzası nəzərdə tutulur.

Xeberler.az bildirir ki, bununla bağlı Özbəkistan Ali Məclisinin Senatı süni intellektin tətbiqinə dair yeni qanun layihəsini təsdiqləyib. Sənəd ilk dəfə olaraq süni intellektdən sui-istifadəyə görə məsuliyyəti müəyyənləşdirir.

Qaydalara əsasən, süni intellektin tətbiq qaydalarını pozan vətəndaşlar və şirkətlər 15 sutkayadək inzibati həbs və 50–100 baza hesab vahidi (bir neçə yüz dollar ekvivalentində) məbləğində cərimə ilə üzləşə biləcəklər. Həmçinin pozuntu zamanı istifadə olunan avadanlıq müsadirə ediləcək.

Qanun “İnformasiya texnologiyaları haqqında” sənədə dəyişikliklər şəklində qəbul olunub və ilk dəfə olaraq “süni intellekt” anlayışının rəsmi tərifini, onun tətbiq sahələrini və şəxsi məlumatların qorunması mexanizmlərini müəyyən edir.

Yeni qanuna əsasən, insan hüquqlarına təsir edən qərarlar yalnız süni intellektin deyil, insan iştirakı ilə qəbul edilməlidir. Dövlət qurumları, banklar və şirkətlər qərarların məsuliyyətini süni intellektə yönəldə bilməzlər.

Həmçinin qeyd edilib ki, neyron şəbəkələr vasitəsilə yaradılan bütün şəkillər, videolar, mətnlər və musiqilər “AI ilə yaradılıb” kimi işarələnməlidir. Məqsəd saxta xəbərlər və “deepfake” materialların qarşısını almaqdır.

Qanun layihəsində vurğulanır: “Texnologiyalar insanın hüquqlarını, həyatını, sağlamlığını və ləyaqətini pozmamalıdır.”

Sənəd prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə