3 oktyabr, 2024-cü il tarixində Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Qrant Layihəsinin qaliblərindən olan “Süni İntellekt və Yüksək Texnologiyalar” adlı tədbir baş tutub.
Xeberler.az məlumat verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində baş tutan tədbirin açılış mərasimində layihə rəhbəri Ülvi Quluzadə və universitetin Tələbə Gənclər Təşkilatı sədri Tacir İsmayılzadə çıxış ediblər.
Tədbir ərzində 150-dən çox gənc 2 fərqli mövzudan bəhs edən panel görüşlərdə iştirak ediblər. “Süni intellektin əmək bazarına təsirləri” və “Süni intellektin insan həyatında rolu və yeni addımlar” adlı panel görüşlərdə müxtəlif müzakirələr baş tutub.
Panel diskussiyalarda Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiyasiyasının sədr müavini Rauf Cabbarov, “Code Academy” şirkətinin direktoru Ülvi Aslanov, AzTU-nun İnformasiya və Telekommunikasiya fakültəsinin Mühəndis Riyaziyyatı və Süni İntellekt kafedrasının müəllimi Cavid Abbaslı və “Davamly” agentliyinin həmtəsisçisi, sosial media marketinq mütəxəssisi Həsən Hüseynsoy iştirak ediblər.
Qeyd edək ki, tədbirdə layihənin əsas məqsədi süni intellektin günümüzdə insan həyatı və əmək fəaliyyəti üzərindəki rolunu tələbələrə aşılamaq, süni intellektin əmək bazarına müsbət və mənfi təsirlərini tələbələrə ötürmək və onları məlumatlandırmaqdır.