AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

19-09-2025 / 12:46

Niderland Krallığında fəaliyyət göstərən “Rebels.ai” süni intellekt həlləri şirkətinin təsisçisi, İspaniyanın Harbour Space Universitetinin müəllimi Maksim Musinlə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) görüş olub.

Xeberler.az məlumat verir ki, görüşdə universitet rəhbərliyi, Mexanika və informasiya texnologiyaları fakültəsinin, eləcə də İKT Mərkəzinin nümayəndələri də iştirak ediblər.

Görüş Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” ilə səsləşir. Strategiyada ali təhsil müəssisələrinin üzərinə süni intellekt üzrə elmi-tədqiqatların genişləndirilməsi, mütəxəssis hazırlığının gücləndirilməsi və biliklərin əmək bazarına inteqrasiyası kimi vəzifələr qoyulub. AzMİU-da həyata keçirilən rəqəmsallaşma, elektron universitet sisteminin inkişafı və idarəetmədə innovativ texnologiyaların tətbiqi istiqamətindəki fəaliyyət də bu hədəflərlə üst-üstə düşür.

Görüşdə Maksim Musin təqdimatla çıxış edərək süni intellektin tətbiq imkanları, üstünlükləri, yarana biləcək çağırışlar, həmçinin aparıcı dünya universitetlərinin təcrübəsi barədə məlumat verib. Daha sonra müzakirələr aparılıb, qonaq rektorun və universitet nümayəndələrinin suallarını cavablandırıb.

Müzakirələr nəticəsində AzMİU-da süni intellektin elektron universitet platformasına inteqrasiyası istiqamətində “Rebels.ai” şirkətinin dəstəyi ilə müqayisəli təhlillərin aparılması və yol xəritəsinin hazırlanması barədə razılıq əldə olunub.

Maksim Musin AzMİU-da elektron universitet quruculuğu istiqamətində görülən işləri və mövcud maddi-texniki bazanı yüksək qiymətləndirib, universitetdə süni intellektin tətbiqi üçün əlverişli şəraitin olduğunu qeyd edib.

Rektor Gülçöhrə Məmmədova bildirib ki, universitet süni intellekt strategiyasının reallaşdırılmasına öz töhfəsini verməkdə qərarlıdır: “Hesab edirəm ki, süni intellektin tətbiqi yalnız tədrisin keyfiyyətinə deyil, həm də idarəetmənin şəffaflığına və effektivliyinə ciddi təsir göstərəcək. AzMİU bu istiqamətdə ölkə üzrə nümunəvi ali məktəblərdən biri olmağı qarşısına məqsəd qoyub”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə