“Ümid edirik ki, informatikanın ləğvi məsələsinə yenidən baxılacaq”

23-06-2015 / 11:34

Müsahibimiz orta məktəb informatika dərsliklərinin həmmüəllifi, informatik.az saytının rəhbəri, respublikanın əməkdar müəllimi Naidə İsayevadır.

-Naidə xanım,  bildiyiniz kimi bir neçə gün öncə Təhsil naziri təmayülləşmə ilə bağlı əmr imzalayıb. Bu əmr ölkənin təhsil ictimaiyyəti, eləcədə İT  mütəxəssislər, ekspertlər  tərəfindən birmənalı qarşılanmayıb. 

Uzun illərin təcrübəli müəllimi kimi təhsilin təmayüllər üzrə təşkilinə münasibətinizi bilmək istərdik.

-Əslində, təhsilin tam orta səviyyəsinin təmayüllər üzrə təşkili yeni deyil. Biz orta məktəbdə oxuyan dövrlərdə də təmayüllü siniflər var idi. Belə yanaşmanın üstünlükləri şübhəsizdir. Son dövrlərdə respublikamızda ümumi orta təhsilin ali məktəblərə qəbula köklənməsi, nəhayət, repetitorluq  institutunun orta məktəbdə rəsmiləşdirilməsini tələb edirdi. Bu, təhsil haqqında qanunun 19.19. bəndində də öz əksini tapıb.

Əsası bir neçə il öncə Bakının 8 orta ümumtəhsil məktəbində qoyulan pilot layihənin özünü doğrulması da təbiidir. Çünki, heç kimə sirr deyil ki, X və XI sinif şagirdlərinin təhsili, demək olar ki, seçdiyi ixtisas qrupu üzrə repetitor məşğələlərindən ibarətdir. Bunun pis, yaxud yaxşı olması uzun bir müzakirənin mövzusudur.

-Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin X və XI siniflərdə İnformatika fənninin ləğv olunmasını necə qarşıladınız?

-Doğrusu, bu bizim üçün gözlənilməz oldu. Biz, ölkənin  informatika müəllimləri texniki və riyaziyyat-iqtisadiyyat təmayüllü siniflərin tədris planına İnformatika fənninin daxil ediləcəyini gözləyirdik. Çünki ötən illərdə tətbiq olunan pilot layihəsinin Azərbaycan Respublikası təhsil nazirinin 5 avqust 2014-cü il tarixli, 847 nömrəli əmri ilə təsdiq edilmiş nümunəvi tədris planlarında informatika fənninə geniş yer verilirdi.

 -Çox vaxt İnformatika fənnində tədris olunan materiallar kompüter bacarıqları ilə məhdudlaşdırılır. Bəlkə, müvafiq qərarın qəbul olunmasına səbəb elə budur?

-Yalnız bu sahədən xəbərsiz insanlar İnformatikanın məktəbdə tədrisinə, təkcə kompüterdə işləmək bacarıqlarının formalaşdırılması kimi baxa bilər. Əgər məktəb informatika kursunun vəzifələri  yalnız Word, Excel, Powerpoint və digər ofis proqramalarında işləməkdən ibarət olsaydı, bunu 5-6 aylıq kurslarla da həll etmək olardı. Söhbət bəşəriyyətin informasiya cəmiyyətinə keçdiyi bir dövrdə müasir məktəblilərin informasiya mədəniyyətinə yiyələnməsindən, alqoritmləşdirmə və proqramlaşdırma kimi mühüm istiqamətlərin əsaslarından xəbərdar olmaqdan, İKT-dən lazımi səviyyədə istifadə etməyi bacarmaq və bu bacarıqları gündəlik həyati dəyərlərə çevirməkdən gedir. Məgər biz, bu gün istənilən bir sahədə ən qabaqcıl mütəxəssisin İKT bacarıqlarının olmadan onun fəaliyyətini təsəvvür edə bilərikmi? Düzü, mənim üçün İKT bacarıqları insanın intellekt pasportudur. 

-İnformatika fənninin ləğv olunması sizcə, repetitor hazırlığına gedən şagirdlərin yükünü azaltmağa xidmət etmirmi?

 – Humanitar və təbiət fənlərinə uyğun ixtisas qruplarını seçən şagirdlər üçün bəlkə də siz haqlısınız. Amma gəlin razılaşaq ki, bu gün dünyada gedən qloballaşma ilk növbədə İKT-dən istifadə bacarıqlarının formalaşdırılmasını tələb edir. YUNESCO-nun sənədlərində də əksini tapmış və müasir cəmiyyətin orta məktəb məzunlarından tələb etdiyi təməl kompetensiyalarından əsası (bəlkə də, birincisi) informasiya kompetensiyalarıdır. Başqa sözlə, bu gün orta məktəbin qarşısında duran vəzifə yalnız ali məktəbə hazırlıq deyil, müasir cəmiyyətin tələb etdiyi kompetensiyalara malik insan yetişdirməkdir.

-Siz uzun illərdir ki, orta məktəb informatika dərsliklərinin müəllifisiniz. Məktəblərdə 2008-ci ildən tətbiq olunan kurikulum I-XI sinif şagirdlərinin bilik və bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur. Fikrinizcə, İnformatika fənn kurikulumunda X və X siniflərdə reallaşdırılması nəzərdə tutulan standartların reallaşdırılmamaması hansı problemlər yarada bilər?

-Əvvəla, mən ümid edirəm ki, hazırda 50 məktəbi əhatə edən bu pilot layihəsi hörmətli təhsil nazirimiz tərəfindən bir daha baxılacaq və müvafiq düzəlişlər ediləcək. Əlbəttə ki, vəziyyət dəyişməzsə, bu 50 məktəbdə tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagirdlərin fənn kurikulumunda nəzərdə tutulmuş təlim nəticələrinə nail olmaq mümkün olmayacaq. Deməli, bizim düşündüyümüz strategiya IX sinfindən sonra yarımçıq qalmış olur.

-Onda belə deyə bilərikmi ki, bu məktəblərdə 8 il əvvəl tətbiq olunmuş kurikulum iflasa uğramış olur?

-Elə deməzdim. Nəzərdə tutulmuş bacarıqları qiymətləndirmək üçün təhsili başa vurmaq lazımdır. Ümid edirəm ki, Azərbaycanın digər məktəblərində şagirdlər kurikulum üzrə təhsillərini başa vuracaq və onlar tam orta təhsilin qarşısında duran təlim nəticələrinə nail ola biləcəklər.

-X və XI siniflərdə İnformatika fənninin ləğv edilməsi fənn olimpiadalarında məktəblilərin iştirakına necə təsir göstərəcək?

-Hazırda şagirdlər arasında beynəlxalq fənn olimpiadaları 5 fənn üzrə keçirilir: riyaziyyat, informatika, fizika, kimya və biologiya fənləri üzrə. Təbiidir ki, şagirdlər arasında beynəlxalq miqyasda keçirilən bu olimpiadalarda fənlərin seçimi bu fənlərin müasir cəmiyyət üçün əhəmiyyətindən irəli gəlir. Əgər X və XI siniflərdə informatika fənni tədris edilməyəcəksə, təbiidir ki, bu siniflərdə fənn olimpiadalarının respublika turları da keçirilməyəcək. Deməli, istedadlı şagirdlərimizin beynəlxalq fənn olimpiadasında iştirakı sual altındadır. Güman edirik ki, bu barədə Təhsil Nazirliyinin müvafiq mütəxəssisləri bir tədbir görərlər.

-Neçə illərdir ki, informatika müəllimləri nəhayət informatikadan sualların ali məktəblərin qəbul imtahanlarına daxil ediləcək günün çox uzaqda olmadığını söyləyirdilər.

-Doğrusu, bu barədə elə bu gün də söhbətlər gedir. Hətta, bu yaxınlarda AMEA İnformasiya texnologiyaları institutunda akademiyanın prezidentinin də iştirak etdiyi nüfuzlu bir tədbirdə bunun vacibliyi barədə müzakirələr də keçirilmişdir. Biz hesab edirik ki, nə vaxtsa bu reallaşacaqdır. Çünki son zamanlar TQDK-nın ixtisasları arasında bizim sahənin çəkisi böyük sürətlə artır.

-Sonda Təhsil Nazirliyinin rəhbərliyinə və pedaqoji ictimaiyyətə nə deyərdiniz?

 -Respublikamızda gedən yüksək inkişaf təhsilimizin də ona adekvat olmasını tələb edir. Təsadüfi deyil ki, ölkə prezidenti İKT-ni prioritet sahə elan edib və hər an yüksək texnologiyaların tətbiqinə böyük əhəmiyyət verir. Biz çox ümid edirik ki, bu vəziyyətə bir daha baxılacaq və pilot layihənin tətbiqi prosesində lazımi korrektələr ediləcək. Dərsdənkənar məşğələlər hesabına bu fənni inkişaf etdirmək mümkün deyil. Müasir dünyanın inkişafına uyğunlaşmaq lazımdır. Ümid edirik ki, yaxın vaxtlarda bu məsələyə bir daha qayıdılacaq və bu sahənin mütəxəssislərinin də iştirak edəcəkləri ümumi müzakirələrdə daha düzgün qərar qəbul ediləcək. Müəllimlərə də ruhdan düşməməyi məsləhət görürəm. Yaxşı müəllimə öz fənnini şagirdlərinə sevdirməyə heç nə mane ola bilməz. 

 

Mirvari Nəcəf

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə