Xidmət səviyyəsinə görə sıfır bal toplayan dövlət qurumları var-ŞƏRH

10-02-2023 / 16:27

Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  "ASAN xidmət indeksi" üzrə qiymətləndirilməsi ilə bağlı növbəti Hesabatı açıqlayıb.Xidmət səviyyəsi ən yaxşı və ən pis olan dövlət qurumlarının adları müəyyən olunub.

""ASAN" bu il ilk dəfə olaraq qiymətləndirməni elektron xidmətlər nəzərə alınmadan həyata keçirib. Məlum olduğu kimi bu səlahiyyət artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindədir (RİNN). "ASAN xidmət indeksi” əsasında qiymətləndirmə 5 ulduz sistemi üzrə toplam 155 altmeyar olmaqla xidmətin cari vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Meyarlar internet, telefon və KİV vasitəsi ilə xidmət haqqında məlumat alma imkanı, şikayət etmə vasitələri barədə məlumatlandırma, xidmət haqqının ödənilməsi, elektronlaşma, xidmətin əldə edilmə müddəti və nəticəsi, inteqrasiya, dayanıqlılıq və təhlükəsizlik və istiqamətləri əhatə edir".

Bunu Xeberler.az-a məsələni şərh edərkən Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.

O qeyd edib ki, hesabata görə xidmətləri qiymətləndirilən 24 mərkəzi icra hakimiyyəti orqanından yalnız 3-ü 5 ulduz qazana bilib:

"Reytinqdə 5 ulduzla 1-ci, 2-ci və 3-cü yerləri müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Statistika Komitəsi qazanıb. Maraqlıdır ki, ƏƏSMN və ETSN məhz son illər xeyli irəliləyib. ETSN hətta əvvəlki illərlə müqayisədə görünür ki xidmət səviyyəsini xeyli yüksəldib, 2 ulduzla 10-cu yerdən 5 ulduzla 2-yerə yüksəlib. Hesabatda diqqət çəkən məqamlar var. Nəhəng resurslara sahib olan elə dövlət qurumları var ki, xidmət səviyyəsi olduqca aşağı olduğu görsənir. Bu tip geniş resurslara malik nazirliklərin yalnız 1-2 ulduz əldə edə bilməsi çox düşündürücüdür. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, xeyli rəqəmsallaşan Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi cəmi iki ulduz qazana bilib".

Ekspert bildirib ki,  böyük resurslara, həm də rəqəmsal resurslara və imkanlara malik olan, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi , Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi isə cəmi bir ulduz qazana biliblər:

"Ən biabırçı hal isə ondan ibarətdir ki, ASAN-nın qiymətləndirilməsində Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi "0" bal alıb. Yəni, bu qurumlarda , belə demək mümkünsə, xidmət fəviyyəsi "daş dövründəki" səviyyədədir. Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək, 3 ulduzlu nəticəni Binəqədi və Suraxanı Rayon İcra Hakimiyyətləri əldə edib. Maraqlıdır ki, kommunal xidmətlər sırasında qiymətləndirmədə hər üç qurum "Azərsu", "Azərişıq", "Azəriqaz" ən yüksək nəticə, 5 ulduz qazanıblar. Görünür ki, "ASAN indeks" metedologiyasından e-xidmətlərin çıxarılması bu nəticələrə təsir edib".

Onun sözlərinə görə, ötən illər üzrə qiymətləndirmə nəticələrinin cari qiymətləndirmə ilə müqayisəsi onu deməyə əsas verir ki, dinamika olduqca zəifdir:

"ASAN indeks" əsasında qiymətləndirmə məsuliyyətin gücləndirilməsi, keyfiyyətin artırılması, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması, idarəetmədə çevikliyin təmin edilməsi, təhlil və proqnozlaşdırma imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir".

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə