Sərfəli mobil operator Nar “İmkanlar hər kəs üçün” layihəsi çərçivəsində həyata keçirilən inklüziv təcrübə proqramını uğurla başa vuran iştirakçılar üçün sertifikat təqdimetmə mərasimi təşkil edib.
Proqramda iştirak edən 25 təcrübəçiyə sertifikatlar təqdim olunub. Sertifikatları “Nar”ın baş icraçı direktoru Özgür Genc, İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari və UN-Habitatın Təbliğat və Layihələr üzrə nümayəndəsi Məleykə Tağızadə təqdim ediblər.
Tədbirdə çıxış edən Özgür Genc inklüzivliyin cəmiyyət və iş mühiti üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, fərqli bacarıqlara və həyat təcrübələrinə malik insanların peşəkar inkişafına dəstək olmaq şirkət üçün mühüm prioritetlərdəndir. Onun sözlərinə görə, inklüziv iş mühiti həm insanlar, həm də şirkətlər üçün daha güclü və dayanıqlı gələcəyin formalaşmasına töhfə verir.
Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən proqram iştirakçıların real iş mühitinə inteqrasiyasını dəstəkləyərək onların peşəkar və praktiki bacarıqlarının inkişafına töhfə verib.
Layihə World Urban Forum 13ə hazırlıq məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və UN-Habitatın birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində həyata keçirilir.
“Nar” sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqinə xüsusi önəm verdiyini və bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərlə cəmiyyətdə bərabər imkanların genişlənməsinə dəstəyini davam etdirdiyini bildirib.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “ Nar ” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

