Bakcell Dağlıq Qarabağda qanunsuz fəaliyyətə etiraz edib

06-07-2018 / 16:18

Bakcell şirkəti Birləşmiş Ərəb Əmirliklərinin mobil operatoru Etisalat ilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən Karabakh Telecom arasında rouminq razılaşmasının ləğvindən məmnunluğunu ifadə edir.

Xeberler.az məlumat verir ki, özünün uzunmüddətli rouminq partnyoru olan Etisalat şirkətinin Karabakh Telecom-la əməkdaşlığa başlaması ilk günlərdən Bakcell şirkətini narahat edib. Bununla bağlı Şirkət rəhbərliyi tərəfindən dəfələrlə Etisalat-a rəsmi məktubla müraciət edilib. Məktublarda qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bu fakt beynəlxalq səviyyədə tanınır.

Belə ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən Karabakh Telecom şirkəti ilə əməkdaşlıq Etisalat şirkətinin beynəlxalq nüfuzuna böyük zərbədir və bu əməkdaşlıqdan əldə olunan gəlirlər qeyri-qanuni rejimin fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur.

Etisalat mobil operatoru isə öz növbəsində Karabakh Telecom-la əməkdaşlığını məhz Karabakh Telecom-un Ermənistanda rəsmi qeydiyyatının olması ilə əsaslandırırdı. Lakin Bakcell qəti mövqe ortaya qoyaraq bildirib ki, Etisalat və Karabakh Telecom-un əməkdaşlığının davam etməsi Bakcell ilə Etisalat arasındakı biznes münasibətlərinin birtərəfli şəkildə dayandırlması ilə nəticələnəcək.

Qeyd edək ki, Bakcell şirkəti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu istiqamətdə atdığı addımları yüksək dəyərləndirir və problemin həllində göstərdiyi səylərə görə dərin təşəkkürünü bildirir.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.