Gələn ildən bütün universitetdə “Elektron Universitet” modeli tətbiq olunacaq

14-10-2015 / 16:20

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vahid elektron idarəetmə platforması olan “Elektron Universitet” modelinin tətbiqi ilə bağlı universitetin rəhbər heyəti ilə görüş keçirilib.

UNEC-in Marketinq və Kommunikasiya Departamentindən Xeberler.az-a verilən məlumata görə, UNEC-in rektoru, professor Ədalət Muradov yeni model və onun tətbiqi barədə məlumat verib.

Bildirib ki, ilkin mərhələdə universitetin əsas tədris binasında bütün tədris prosesi tam elektronlaşdırılıb. Yeniliklə bağlı müəllimlərə təlimlər keçirilib. Bundan sonra da əlavə informasiyaya ehtiyacı olanlara mütəxəssislər tərəfindən yardım ediləcək. Noyabrın 1-dən etibarən isə əsas binada tədris prosesi yalnız yeni qaydalarla aparılacaq.

Daha sonra struktur rəhbərlərinə yeni modelin xüsusiyyətləri ilə bağlı təqdimat keçirilib. Bildirilib ki, sadə iş prinsipindən ibarət olan sistemin bazasına tələbələr, müəllimlər, məzun bazası haqqında məlumat yerləşdirilərək, dərs cədvəlləri, fənn üzrə qruplar, fənlərin təqvim-tematik planları, tələbələrin fərdi tədris proqramları daxil edilib. Sistem daxilində eyni zamanda müəllim və tələbələrin şəxsi kabineti, imtahan sistemi bölmələri də yaradılıb. Auditoriyalarda sistemə çıxışı olan elektron tribunalar quraşdırılıb.

Bununla da kağız üzərində jurnal elektron jurnalla əvəz edilmiş olur. Müəllim elektron jurnal bölməsinə daxil olaraq ilk 15 dəqiqə ərzində tələbələrin dərsə davamiyyətini yoxlaya biləcək. Bu isə semestrin sonunda tələbənin dərsə davamiyyətini və seminar ballarını avtomatik hesablamağa şərait yaradacaq. Gələcəkdə tələbələr mobil telefon vasitəsilə də sistemə daxil ola biləcəklər.

Yalnız UNEC-in tədris prosesinə uyğun hazırlanan yeni proqram təminatı müəllimin bütün mühazirələrinin onun kabinetində yerləşdirilməsi ilə bağlıdır. Həmin mühazirələr və dərs vəsaitləri tədris metodiki planlara uyğun olaraq həyata keçiriləcək.Tədris metodiki planlar isə sillabuslara uyğunlaşdırılacaq. Bu yenilik tələbəyə öz işçi kabineti vasitəsi ilə müəllimin kabinetinə girərək mühazirədən yararlanmağa imkan verəcək.

Rektor Ə.Muradov “Elektron Universitet” modelinin tədris prosesinə verəcəyi  faydalardan danışıb.

Qeyd edib ki, yeni sistem müəllimin şəxsi kabinetində yerləşdirdiyi dərs materialının ictimai müzakirəyə çıxmasına imkan yaradacaq.

“Elektron universitet” vasitəsi ilə müəllimlərin reytinqini müəyyənləşdirmək mümkün olacaq. Reytinq elmi-pedoqoji və şəxsi inkişaf fəaliyyətinə dair müəllimlərin  kabinetlərində yerləşdirdikləri məlumatlara uyğun olaraq müəyyənləşdiriləcək. Ə.Muradov əlavə edib ki, “Elektron Universitet” modeli gələn ildən etibarən bütün universitetdə tətbiq olunacaq. “Keyfiyyət ili” çərçivəsində reallaşdırılan model ölkəmizdə ilk dəfə UNEC-də tətbiq olunub.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.