Kaspersky Lab hər startap layihəsinə 4 min dollar ayırır

13-10-2016 / 14:25

Kaspersky Lab şirkəti informasiya təhlükəsizliyi sahəsində öz startaplarını yaratmaq istəyən gənc istedadlara mütəxəssis və maliyyə dəstəyi göstərmək məqsədilə “Kaspersky Start” proqramına start verir.

Xeberler.az-ın məlumatına görə, proqram noyabr ayında start götürəcək və gələn ilin mart ayınadək davam edəcək. Startap komandalar layihə üzərində işləmək üçün 250 min rubl (təxminən 4 min ABŞ dolları) məbləğində qrant da daxil olmaqla bütün lazımi resurslarla təmin olunacaqlar.

Proqramın nəticələrinə əsasən, ən uğurlu layihənin müəllifləri 1 mln. rubl (təxminən 16 min dollar) və öz startapalarını Kaspersky Lab şirkətilə birgə bazara çıxarmaq imkanı əldə edəcəklər.

“Kaspersky Start” proqramında iştirak etmək üçün ilkin inkişaf mərhələsində olan layihənin olması mütləqdir, məsələn, bu, aparat və ya proqram həllinin prototipi formasında bir layihə ola bilər. Layihə konsept formasında da  mövcud ola bilər, əsas şərt öz innovativ ideyasının həyata keçməsi üçün çalışmağa hazır olan komandanın olmasıdır.

Kaspersky Lab isə öz növbəsində startap komandalarını maliyyə vəsaiti və  Moskvanın mərkəzində kovorkinq ofisi ilə təmin edəcək, həmçinin yeni fəaliyyətə başlayan sahibkarlar üçün kibertəhlükəsizlik üzrə ekspertlərin iştirakı ilə praktiki seminarlar təşkil edəcək.

“Kaspersky Start” proqramında iştirak etmək üçün hər kəs, o cümlədən Azərbaycandan olan gənc istedadlar ərizə forması ilə müraciət edə bilər.

Bunun üçün noyabrın 3-dək https://www.kasperskystart.com/ saytında qeydiyyatdan keçmək lazımdır.

Ərizələrin qəbulu dayandırıldıqdan sonra ekspert komitəsi tərəfindən ideyanın dəyəri və həyata keçirilməsinə, həmçinin komandaların rəqabət qabiliyyətliliyinə əsaslanaraq 20 layihə seçiləcək. Bunun ardınca, noyabr ayında bütün proqram iştirakçıları onlara layihə üzərində işləmək üçün lazımi bilikləri və təkanı verəcək ilkin hazırlıq kurslarından keçəcəklər.

Bundan sonra komandalar birbaşa olaraq öz ideyalarını həyata keçirməyə başlaya bilərlər. Gələn ilin mart ayının əvvəlində “Kasperky Start” proqramının münsifləri startap komandalarının həyata keçirdikləri layihələrin nəticələrini qiymətləndirərək əsas mükafatı – 1 milyon rubl məbləğində vəsaiti təqdim edəcək, eyni zamanda layihənin bazara çıxarılması üçün dəstək alacaq bir və ya bir neçə komandanı müəyyənləşdirəcək.

 “Əminik ki, “Kaspersky Start” proqramı startap layihənin inkişafı üçün lazımi istiqamət verəcək və onun həyata keçirilməsi və bazara çıxarılmasında tramplin rolunu oynayacaq. Gərgin təlimlər, mütəxəssislərin köməyi, maliyyələşdirilmə və iştirakçıların məşğulluğunu nəzərə alan uyğun qrafik – bütün bunlar ideyasına çox bağlı olan, lakin onun həyata keçməsi üçün kifayət qədər təcrübə və biliyə malik olmayan insanların innovativ həllər yaratmaq arzularını gerçəkləşdirməyə kömək edəcək. Ən əhəmiyyətlisi isə odur ki, dünya kibertəhlükələrdən qorunmaq üçün daha bir üsul əldə edəcək və bu texnologiyanın sıçrayış olması ehtimalı da istisna deyil”, - deyə Kaspersky Lab şirkətindən bildirilib.

“Kaspersky Start” proqramı Kaspersky Lab şirkətinin bu il başlatdığı İT startaplarla iş üzrə strateji təşəbbüsün bir hissəsidir.

“Kaspersky Start” haqqında ətraflı məlumatı və startaplar üçün mümkün ideyaları bu link vasitəsilə əldə etmək mümkündür.

 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə